Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramin Quluzadənin 100 günü – Yeni nazir gözləntiləri doğruldurmu?
Tarix: 29-04-2016 | Saat: 12:05
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ramin Quluzadənin 100 günü – Yeni nazir gözləntiləri doğruldurmu?
Bu həftənin əvvəli, 25 aprel tarixində rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin bu vəzifəyə təyin olunmasının 100 günü tamamlandı

Məlum olduğu kimi, ötən il keçmiş MTN ətrafında baş verən hadisələrdən sonra, RYTN-də ciddi yoxlamalar başlamış və sabiq nazir Əli Abbasov, nazirliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən azad olunmuşdu.

Bəzi yüksək vəzifəli şəxslər haqqında həbs-qətimkan tədbiri seçilmişdi və təhqiqatlar da indiyədək başa çatmayıb.

Belə bir vaxtda – ötən il noyabrın 25-də Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olundu. Cari ilin əvvəlində, 2016-cı ilin yanvarın 15-də Ramin Quluzadə Prezidentin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olundu. Ramin Quluzadə İKT sektorundan olmayıb və uzun müddət Heydər Əliyev Fondunda departament rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, adətən yeni nazir təyin olunanda ilk 100 günü ərzində nazirliyin və nazirin fəaliyyətində tənqidi yanaşmaya elə də önəm verilmir. Yəni, bir növ bu müddət onun üçün sınaq mərhələsidir. Xüsusilə də nəzərə alsaq ki, yeni nazirin təyinatı bu qurum ətrafında baş verən araşdırmalar və yüksək vəzifəli şəxslərin korrupsiya və vəzifə səlahiyyətlərinin aşması ittihamı ilə işdən azad olunduğu bir vaxta təsadüf etmişdi. Odur ki, ötən 100 gün ərzində media və ekspertlər nazirin və nazirliyin fəaliyyətinə qiymət verməkdə aktivlik göstərməyib.

Ramin Quluzadənin bu vəzifəyə təyin olunmasından sonra isə RYTN-də və bütövlükdə İKT sektorunda yeni era başlayıb. Nazirin təyinatından sonra nazirlikdə ciddi islahatların başlanması haqqında rəsmi açıqlamalar verilib.
Məlum olduğu kimi, bu günə qədər RYTN-də və onun tabeliyində olan qurumlarda çox sayda vəzifəli şəxslər də işdən çıxarılıb. Son günlərdə Nazirlik və onun tabeliyində olan qurumların rəsmi açıqlamalarından da görsənir ki, müəyyən yoxlamalar başa çatmaq üzrədir və bu sektorda islahatlarla bağlı yeni addımların atılacağı gözlənilir.

Bu müddət ərzində görülən işlər, mövcud durum və İKT sektorunda islahatların gedişi lə bağlı məlumat əldə etmək üçün ekspertlərlə söhbətlər apardıq.

Ekspertlər də yeni nazirin təyinatından elə də uzun müddət keçmədiyini, indiyədək dəyərləndiriləcək rəsmi mesajların, yeni İKT layihələrin və konkret nəticələrin olmadığını əsas gətirərək təhlillər aparmağın, qiymət verməyin tez olduğunu bildirirlər. Bununla belə apardığımız müşahidlər və söhbətlər onu deməyə əsas verir ki, hələlik bu sektorda ciddi dəyişikliklər elə də müşahidə olunmur.

Müşahidələr hətta onu göstərir ki, bəzi sahələrdə, xüsusilə də elektron hökumət quruculuğu, uğurlu və böyük İKT layihələrin icrası və internet xidmətləri sahəsində durğunluq və geriləmə var. İKT sektorunda maraqlı tərəflərin iştirakı ilə mövcud situasiyadan çıxış, problemlərin həlli ilə bağlı müzakirələrin keçirilmədiyi də diqqət çəkən məqamlardandır.

Xüsusilə də son zamanlar özəl provayderlərin daha çox sıxışdırıldığı, onlardan əsassız tariflərin ödənilməsinin tələb olunduğu, dövlətə məxsus kabel-kanalizasiya infrastrukturundan istifadənin pisləşdiyi bildirilir.

Bu günlərdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) də kabel – kanalizasiya infrastrukturu ilə bağlı aparılan yoxlamaların başa çatması ilə bağlı rəsmi açıqlama yayıb. BTRİB Bakının telefon kabel sisteminin təkmilləşdirildiyini bildirib. Eyni zamanda nazirliyin media ilə əlaqələrinin zəiflədiyi, nazirin özünün də vətəndaşlarla görüşləri və fəaliyyətinin, xarici səfərlərinin mediada çox az işıqlandırıldığı gözə çarpır. Jurnalistlər də bu qurumdan informasiya əldə etməyin çətinləşdiyini bildirirlər.

Digər tərəfdən isə, məlumdur ki, son dövrlərdə keçirilən müşavirələrdə Prezident idarəetmədə ciddi islahatların aparılacağını və ciddi özəlləşdirmə proqramının həyata keçiriləcəyini açıqlayıb. İKT sektorunda da uzun müddətdir ki, tənzimləmədə ciddi problemlərin olması haqqında tez-tez açıqlamalar verilir.

Prezidentin çıxışından sonra bəzi ekspertlər İKT sektorunda da beynəlxalq standartlara uyğun olaraq müstəqil tənzimləyici qurumun yaradıla biləcəyi, RYTN-in kommersiya səlahiyyətlərinə son qoyulacağı və iri telekommunikasiya qurumlarının özəlləşdiriləcəyi haqqında açıqlamalar verib.

Hələlik bu istiqamətdə hansısa təkliflərin hazırlanması, hansı qurumların özəlləşdirilə biləcəyi haqqında RYTN tərəfindən rəsmi açıqlamalar verilməyib. (Xeberler.az)

Ümumiyyətlə bəzi ekspertlər son dövrlərdə RYTN ətrafında baş verənləri, xeyli sayda vəzifəli şəxslərin işdən azad olunduğunu və onların yerinə təyin olunanların bu sahə ilə bağlı təcrübələrinin yetərli olmadığını nəzərə alaraq müsbət dəyişikliklərin elə də tez nəzərə çarpmayacağı qənaətindədirlər. Başqa sözlə, yeni nazirin kadr siyasəti şübhə ilə qarşılanır. İstər təcrübə baxımından, istərsə də şəxsi keyfiyyətləri cəmiyyətdə etimadla qarşılanmayan şəxslərin nazirlikdə vəzifələrə irəli çəkilməsi RYTN-də islahatların müsbət nəticələr verəcəyini sual altına salır.

Şəxsi planda isə ötən 100 gündə R.Quluzadə, hələ ki, yalnız xidməti kabinetini təmir etdirməsi xəbəri ilə mətbuatın diqqətini çəkə bilib. Məlumata görə, cənab Quluzadə xeyli müddət Ə.Abbasovun əyləşdiyi kabinetdən istifadə etməyə ehtiyat edib, yalnız burda dinləmə qurğuları əleyhinə axtarış aparıldıqdan və yenidən təmir olunduqdan sonra fəaliyyət göstərməyə başlayıb.(azpolitika.info)



4528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___