Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Dəmir Yolu dinamik inkişaf mərhələsində
Tarix: 12-10-2016 | Saat: 16:36
Bölmə:M / Karusel / İqtisadiyyat / Müsahibə | çapa göndər

Azərbaycan Dəmir Yolu dinamik inkişaf mərhələsində
Azərbaycanın nəqliyyat şəbəkəsində önəmli yer tutan dəmir yolunun 136 illik tarixində 13 oktyabr unudulmaz bir gündür. Rusiya imperiyasının polad magistrallarının tərkib hissəsi kimi yaranan, sovet dövründə isə bir neçə dəfə Ümumittifaq və Zaqafqaziya dəmir yolu qurumlarına birləşdirilən Azərbaycan dəmir yolları 1955-ci ilin həmin günündən respublika iqtisadiyyatına daxil olan ayrıca nəqliyyat idarəsi kimi fəaliyyət göstərmişdir.

"Xəbəraz.az " "Xalq qəzeti"-nə istinadən xəbər verir ki, Müstəqilliyin ilk 17 ilində Azərbaycan Dövlət Dəmir Yolları adlanan bu qurum Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yenidən təşkil olunaraq səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir.

Azərbaycan dəmir yollarının müstəqil fəaliyyət göstərməyə başladığı 13 oktyabr günü isə Prezident İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 12 ildir ki, dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi 1969-1982-ci illər, eləcə də onun sovet dövlətinin rəhbərlərindən biri kimi SSRİ-nin nəqliyyat sferasını da idarə etdiyi sonrakı 5 il respublika həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan dəmir yollarının da tarixinə texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi yazılmışdır. Ulu öndərin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə nail olunmuş, şəbəkə genişlənmiş və güclənmişdir. Azərbaycanın polad magistralında mühüm obyektlərin əksəriyyəti bilavasitə onun təşəbbüsü və rəhbərliyi ilə həyata vəsiqə almışdır.

Təkcə bir faktı deyək ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə dəmir yolunun bütün sahələrini əhatə edən 14300 texniki yeniləşmə tədbiri qeydə alınmışdır. O dövrdə bu böyük qurucu insanın rəhbərliyi altında Sovet İttifaqında ən böyük çeşidləyici qovşaqlardan olan Şirvan stansiyası, Yevlax-Balakən və Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dəmir Yolunun öz fəaliyyətini uğurla həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu obyektləri istismara verilmişdir. Görülən işlərin nəticəsində o dövrdə dəmir yolu vasitəsilə daşınan yüklərin illik həcmi 80-90 milyon tona çatmışdır.

Yeri gəlmişkən deyək ki, istər Sibirdə inşa edilən Baykal-Amur Magistralı, istərsə də “Azərbaycan BAM-ı” adlanan Yevlax-Balakən yolu da ulu öndərin gərgin əməyinin bəhrəsi idi. Təsadüfi deyil ki, 2008-ci ildə sovet dövlətinin əfsanəvi rəhbərlərindən biri, Azərbaycan xalqının ümummilli lideri, BAM-ın baş qurucusu Heydər Əliyevin şərəfinə bu yolun Anqoya stansiyasında onun adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur. Böyük rəhbərin qayğısı və təşəbbüsü ilə həmin illərdə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmiş, onların bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdir və bu gün də müxtəlif sahələrdə mühüm vəzifələrdə çalışırlar.

Yeri gəlmişkən, bir tarixi hadisəni də xatırlatmaq istərdim. 1998-ci il yanvarın 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində müstəqil dövlətimizin başçısı olaraq Heydər Əliyev Azərbaycan dəmir yollarının son 30 illik tarixinə nəzər salaraq demişdi: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

Göründüyü kimi, ölkəmizin qurucu rəhbəri Heydər Əliyev dəmir yolu təsərrüfatının inkişafına daim qayğı göstərmiş, bu sahədə problemlərin aradan qaldırılmasını təmin etmişdir. Ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyev də respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, dəmir yolu nəqliyyatının da modernləşdirilməsini ardıcıl diqqətdə saxlayır, onun dünya nəqliyyat şəbəkəsinə qoşularaq beynəlxalq çəkisinin artmasına çalışır.

Son dövdə Azərbaycanın dəmir yolu təsərrüfatında hərtərəfli və əsaslı canlanma nəzərə çarpır. Bu da təsadüfi deyil. Belə ki, ötən il fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin nəqliyyat quruculuğunda təşəbbüskarlığı və işgüzarlığı ilə seçilən Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəis təyin olunmuşdur. Qısa müddətdə sistemdə köklü dəyişikliklər baş vermiş, mühüm işlər görülmüşdür.

Dəmir yolunda baş verən son mühüm yeniliklərə nəzər salmaq istərdim. 2015-ci il sentyabrın 18-də “Azərbaycan Dövlət Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan edilib. Belə bir qərar iqtisadiyyatın böhranlı günlərində “Azərbaycan Dövlət Dəmir Yolları”nın daha operativlik, çeviklik nümayiş etdirməsinə, səmərəli qərarlar çıxarmasına şərait yaradıb.

Vurğulamaq istərdim ki, “Azərbaycan Dəmir Yolları” QSC- də əsaslı islahatlar dönməz xarakter alıb. Bu isə çoxminli kollektiv tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Artıq dəmiryolçularda qarşılaşdıqları hər hansı problemin tezliklə həll ediləcəyinə böyük inam yaranıb. Bütün bunlar ölkə başçısı İlham Əliyevin“Azərbaycan Dəmir Yolları” QSC-nin inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasının bəhrəsidir.

Son bir il ərzində xüsusilə sərnişin daşınmasının yüksək səviyyədə təşkili ilə bağlı təsirli tədbirlər görülmüşdür. Daxili imkanlar hesabına sərnişin vaqonlarının təmirinə başlanılmış və yüksək standartlara cavab verən qatarlar hazırlanaraq istismara verilmişdir. Qısa müddətdə 84 kilometrə yaxın Bakı--Sumqayıt yolu bərpa edilmişdir. Bir ilin içində 40 kilometrə yaxın yol yenilənmiş, təzə platformalar tikilmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə binası əsaslı təmir olunmuşdur, Bakı sərnişin vağzalının binasına müasir görkəm verilir, burada yüksək xidmət şəraiti yaradılır.

Bundan başqa, texnika parkına 4 yeni elektrovoz, 10-a yaxın teplovoz, 3 minə yaxın vaqon gətirilmişdir. 3 “Ştadler” tipli sərnişin qatarı istifadəyə verilmişdir. Buğda, neft daşınmaları üçün 3 mindən çox yeni yük vaqonu alınmışdır. Uzun illərdən sonra, nəhayət, elektrik təsərrüfatı ilə bağlı yeniliklərə də start verilmişdir. Daxili sərnişin daşımaları üçün ölkəyə 5 yeni elektrik qatarı gətirilmiş, bunun biri Yalama istiqamətində xəttə buraxılmışdır. Bakı kəndlərinə yenidən sürət qatarlarının işləməsi ilə bağlı məsələ də diqqətdə saxlanılır. Bununla bağlı araşdırmalar, təhlillər aparılır. Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır.

Yaxın gələcəkdə Gəncə istiqamətində xəttə saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulur. Başqa sözlə, gələn ilin ortalarına və yaxud sonuna yaxın bu yolda ən azı 100 km/saat sürətlə hərəkət edən qatarların hərəkəti gözlənilir. Bununla da Gəncəyə 3-3,5 saata çatmaq məsələsi həll ediləcək. Bu məqsədlə “Stadler Rail Group” şirkətindən yeni ikimərtəbəli qatarların alınması və istifadəyə verilməsi gündəlikdədir.

Hazırda dəmir yolu sistemində biletlərin satışı eletron onlayn sistemi ilə həyata keçirilir. İstənilən şəxs internet vasitəsi ilə harada yaşamağından və olmasından asılı olmayaraq istədiyi yerə bileti sifariş edə bilir.

Dəmir yolu sistemində idarəetmənin daha da effektli həyata keçirilməsi üçün tədbirlər planının icrası davam etdirilir. Tezliklə yük vaqonlarının idarə olunmasında CPRS sistemindən istifadə ediləcəyi gözlənilir. Bu qayda reallaşandan sonra yük vaqonlarının yeri müəyyən ediləcək, başqa sözlə, elektrovozların hansı stansiyada və yaxud, hansı yolda hərəkətdə olması aydınlaşacaq. Gecikmənin səbəbləri bilinəcək, yanacaq, elektrik enerjisi sərfi müəyyənləşəcək.

Bu gün Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə--Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Həmin sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilib. İndi tamamlama işləri görülür. Eyni zamanda, kontakt şəbəkəsində dayaqların quraşdırılması, naqillərin çəkilməsi davam etdirilir.

Müvafiq dövlət proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə olunması üçün tədbirlər həyata keçirilir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu--avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Dəmiryolçuların sosial şəraitinin yaxşılaşdırılmasına da önəm verilir. Son bir ildə bu istiqamətdə bir sıra tədbirlər görülüb. Dəmir yolu işçilərinin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması üçün uğurlu addımlar atılıb. Uzun müddət növbədə olan işçilərin yeni mənzillərlə təmin edilməsi barədə QSC rəhbərliyinin qərarı hamını sevindirib. Ötən ilin sonunda 78 dəmiryolçu ailəsi yeni mənzilə köçüb.

“Azərbaycan Dəmir Yolları” QSC rəisinin əmri ilə dəmir yolunda çalışanların orta aylıq əmək haqqı 30 faizə qədər artırılarq 263 manatdan 342 manata qaldırılıb.

Dəmiryolçuların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının aradan qaldırılması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsi sahəsində işçilərin hüquqlarının müdafiə olunması daim diqqət mərkəzində saxlanılır.

Mən bir mühüm məsələyə də toxunmağı vacib bilirəm. Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan dünyanın nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qala bilməz. Əksər hallarda bu proseslərin təşəbbüskarı elə Azərbaycandır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin siyasi dəstəyi ilə bu sahədə dövlət maraqlarını təmin edəcək irimiqyaslı işlər görülür. Respublikamızda tranzit yükdaşımaların stimullaşdırılmasına dair dövlət başçısının imzaladığı çoxsaylı sənədlər, yüksək səviyyədə apardığı danışıqlar da bu sahənin inkişafını sürətləndirir. Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakını, tranzit daşımaların artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsini diqqət mərkəzində saxlaması və gündəliyə gətirməsi strateji baxımdan olduqca mühüm addımdır.

Ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində fəal iştirak edir. Hazırda Azərbaycan dəmir yolları respublikamızın polad magistralları ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Əsas vəzifələrdən biri odur ki, Azərbaycan üzərindən yük daşımağın daha sərfəli olduğunu bütün dünyaya sübut etməliyik. Azərbaycan üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yanaşı, “Cənub-Qərb” və Vikinq layihələrinin işləməsi üçün səylər göstərilir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) məqsədi Çin, Mərkəzi Asiya, Xəzər və Qara dənizləri hövzələri və Avropa ölkələrindən yük daşımalarını Azərbaycan üzərindən keçməklə, hər iki istiqamətdə artıraraq, dövriyyə dinamikasının rəqabətliyini gücləndirməkdir. TBNM dəhlizinin iqtisadi əsaslandırılması və potensialın müəyyən edilməsi üçün Avropa İttifaqı və Çin arasındakı 106 milyon tondan artıq və dəyəri 520 milyard avrodan çox ticarət dövriyyəsini qeyd etmək lazımdır.

TBNM vasitəsilə yükdaşımalar 12 gün ərzində həyata keçirilir və multimodal daşımanı bu marşrut üzrə əlverişli edir. Artıq TBNM vasitəsi ilə 3 yük qatarı Çindən Avropa istiqamətində nəql edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdırılandan sonra, minimum gündə 1 qatarın bu marşrutla nəql edilməsi planlaşdırılır.

Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılması istigamətində vacib addımlar atılır. Hazırda məhz Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, demək olar ki, tamamlanıb. Bu yolun istismara verilməsi ilə Azərbaycan ilk dəfə Avropanın dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək. Paralel olaraq Azərbaycanın özündə zəruri infrastruktur seqmentləri yaradılmaqdadır.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin bərə terminalının fəaliyyətə başlaması dəmir yolu vasitəsilə yükdaşımaların əhəmiyyətini artıracaq. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadı zona da yaradılacaq, bununla əlaqədar artıq bir çox xarici şirkətlərlə müqavilələr bağlanıb. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi tətbiq olunacaq.

Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, dəmiryolçular əldə olunan uğurları bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

Məhərrəm MƏMMƏDOV,
Fəxri dəmiryolçu,
iqtisadçı-ekspert



1 0448 dəfə oxunub.

Digər xəbərlər
24-08-2015, 20:27 Araş və ailəsi - FOTO

bütün xəbərlər
____ Instagram ___