Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan 4 günlük iş rejiminə keçir? - DETALLAR AÇIQLANDI
Tarix: 23-06-2023 | Saat: 13:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib ki, bəzi ölkələr 4 günlük iş rejiminə keçib. Lakin ölkəmizdə elə vətəndaşlar var ki, şənbə günləri daxil olmaqla, bazar günləri də işləyirlər.

Belə bir şəraitdə 4 günlük iş rejiminə keçid əmək bazarına necə təsir edər? Ölkəmizdə belə bir rejimin tətbiq olunması gözlənilirmi?

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov açıqlamasında bildirib ki, 4 günlük iş rejimini ən çox dəstəkləyən ölkələrdən biri Böyük Britaniyadır. Britaniya mərhələli şəkildə müxtəlif sahələrdə yeni iş rejimini tətbiq etməyə çalışır.

"Azərbaycanın əmək bazarı üçün 4 günlük iş rejiminin tətbiq edilməsindən daha çox, əmək hüquqlarının qorunması gündəmə gətirilməlidir. Bütövlükdə məşğulluğun leqallaşdırılması, islahatların dərinləşməsi daha vacibdir. Bu gün işçilərin əmək hüquqlarının qorunması istiqamətində daha sistemli tədbirlərin görülməsinə ehtiyac var. Məşğul əhalinin rəsmi əmək müqaviləsi ilə çalışması, əmək müqavilələrində düzgün əmək haqqının göstərilməsi kimi məsələlər var ki, onların həlli daha vacibdir".

Deputat əmək müqaviləsinin insanların gələcək həyatına və təqaüd almasına edəcək təsirlərini diqqətə çatdırıb:

"Bu gün Azərbaycan üçün prioritet, əmək hüquqları daxil olmaqla əmək bazarındakı islahlatların daha da dərinləşdirilməsidir. İslahatlar həyata keçirdikdən sonra digər məsələlərin müzakirəsi mümkündür. Hazırda Azərbaycanın əmək bazarı üçün iş günlərinin azaldılması deyil, işçilərin əmək hüquqlarının tam olaraq qorunması üçün islahatlar aparılmalıdır".

Deputat Rüfət Quliyev 4 günlük iş rejiminin pilot layihə kimi bir çox ölkələrdə tətbiq edildiyini vurğulayıb:

"Bu, dünyada maraqlı bir yenilikdir. İş həftəsinin azalmasının kökü pandemiyadan əvvəl var idi. Lakin pandemiya dövründə insanların çox hissəsi evdən işləyirdi. Bu da müəyyən qədər günlük iş rejiminin qısaldılmasını tezləşdirdi. Bir çox inkişaf etmiş ölkələrdə buna keçmək istəyirlər ki, insanlar daha çox asudə vaxt əldə etsinlər. Yəni insanlar üçün istirahət vaxtlarını artırırlar. Fikrimcə, Azərbaycan üçün bunu tətbiq eləmək tezdir".

R.Quliyev bildirib ki, 4 günlük iş rejimini elə bir ölkələrdə tətbiq olunur ki, orada əmək məhsuldarlığı var.

"Əgər əmək məhsuldarlığı yüksəkdirsə, o zaman tətbiq etmək olar. Lakin qısaldılmış iş günü əmək haqqına təsir etməməlidir. Həmçinin, 4 günlük bu rejimdə insanlar rahatlıqla ikinci, üçüncü işlə məşğul olacaqlar. Amma bu, işlək insanların 3-5 faizini təşkil edəcək. Azərbaycan üçün bu rejim tezdir. Lakin pilot layihə kimi hansısa iqtisadi sahədə yoxlamaq olar. Onun nəticələrinə baxıb digər sahələrə mərhələli şəkildə tətbiq etmək olar".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, ölkəmizdə müxtəlif iş rejimləri var:

"Bunlara həftəlik, 6 günlük, sürüşkən iş qrafikləri aiddir. Elə idarələr var ki, iş qrafiki 5 günlük olsa da, həftəsonu da işləyirlər. Lakin işçi artıq günlərin əmək haqqını almır. Qanunla isə belə deyil. Şənbə və bazar, bayram günlərində işçi işə çıxarsa, əmək haqqı ikiqat ödənməlidir. 4 günlük iş rejiminə keçilərsə, iş saatlarında dəyişiklik ola bilər. Lakin indi işsizlik o qədər çoxdur ki, əhali bütün həftəni işləmək istəyir".

Mütəxəssis söyləyib ki, iş qrafikində dəyişiklik olarsa, təhsil, səhiyyə və başqa sahələrə təsir göstərəcək.

"Azərbaycanda elə sahələr var ki, 4 günlük iş rejimi qeyri-mümkündür. Müəllimlər, həkimlər, poçt işçiləri, qaz, su, işıq idarələrinin işçiləri 6 gün işləyir. Pandemiya dövründə isə elə sahələr gördük ki, onlar evdən də işləyə bilərlər. Bütün imkanlara baxmaq lazımdır. Azərbaycanda 4 günlük iş rejiminə keçilməsi indiki dövr üçün mümkünsüzdür".

Millət vəkili Fazil Mustafa da bir sıra ölkələrdə belə bir dəyişikliyin olduğunu deyib:

"Bunun müxtəlif səbəbləri var. Bizdə 41 saatlıq iş rejiminə əməl olunması təmin olunarsa, böyük irəliləyiş olar. Çünki əsas problem odur ki, iş saatlarından sonra da iş davam edir. Belə iş rejimində insanların istismar olunması daha çox diqqəti cəlb edir. Diqqətimizi bura yönəltməliyik, nəinki iş gününün azalmasına. Bəzi insanlar həftəsonu da işləyirlər. Hər bir vətəndaş özünün fiziki imkanları çatacaq qədər işləməlidir" , - deyə F.Mustafa bildirib.


Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş

2878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___