Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Növbəti koronavirus dalğası xəbərdarlığı - Yeni ştamlar gəlir...
Tarix: 04-11-2022 | Saat: 11:23
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər



Riski artıran başqa bir səbəb qarşıdan bayramların gəlməsidir;  səhiyyə naziri: "Tam dəqiq deyə bilməsək də, ümid edirik ki, pandemiya sona doğru gedir"

"Hazırlaşın, üfüqdə növbəti koronavirus dalğası görünür". ABŞ-ın "Vaşinqton Post" qəzetinin redaksiya məqaləsində belə deyilir. Koronavirus 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb, infeksiyadan 6,5 milyondan çox adam ölüb. Hazırda 206 ölkə və ərazidə 13,9 milyondan çox aktiv xəstə var. "Vaşinqton Post"da çıxan "İmmunitetdən yayınan yeni virus növü peyda olub. Onunla necə mübarizə aparmalı?" başlıqlı məqalədə bildirilir ki, söhbət koronavirus infeksiyasının BQ.1 adlandırılan növündən və onun BQ.1.1 adlı alt variantından gedir.

Qəzet yazır ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qismən modelləşdirmə prinsipinə əsaslanaraq BQ.1 və BQ.1.1 variantlarının hazırda Birləşmiş Ştatlarda koronavirusa yoluxmaların 17 faizini təşkil etdiyini açıqlayıb: "Vur-tut bir neçə həftə əvvəl bu göstərici sıfıra bərabər idi".

BQ.1 və BQ.1.1-ə yoluxma hallarının xüsusilə Nyu-York ştatında artdığını diqqətə çatdıran "Vaşinqton Post" Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadla bildirir ki, bu tip yoluxmalar yaxın zamanda bütün ölkəni əhatə edə bilər.

Qəzet qeyd edir ki, virusun yeni növü son dövrlərdə ən geniş yayılmış BA.5 növündən törəyib: "BA.5 variantına yoluxmalar tədricən azalır. Yeni variantla bağlı narahatlıq doğuran əsas səbəb isə odur ki, o, koronavirusun digər növləri ilə müqayisədə immun sistemindən daha çox yayınmağı bacarır. Buna görə peyvəndlənməmiş və ya gücləndirici dozalar qəbul etməmiş şəxslər xüsusilə risk altındadır.

Riski artıran başqa bir səbəb qarşıdan bayramların gəlməsidir. Bayramda adamlar bir-biriləri ilə daha sıx təmasda olur, qapalı məkanlarda daha çox vaxt keçirirlər, təhlükəsizliyə gələndə isə uzağı ən adi təhlükəsizlik qaydalarına əməl etməklə kifayətlənirlər. Güman ki, Avropada qrip mövsümünün daha tez başlanmasının, xüsusilə uşaqlar arasında kəskin respirator virus infeksiyalarının geniş yayılmasının kökü də bundadır. Vaksinasiyaya uyğun insanların hamısı üçün ən vacib addım peyvəndlənmək, yaxud təkrar peyvənd vurdurmaqdır. Bəzi yerlərdə, xüsusən də insanların sıx təmasda olduğu qapalı məkanlarda maska taxmaq ənənəsinə qayıtmaq lazım gələcək. Hər kəs özünü tez-tez yoxlatmalı, pozitiv nəticə çıxanda həm özünün, həm də başqalarının mənafeyi naminə evdə qalmalıdır".

Noyabrın 3-nə olan beynəlxalq statistika 207 ölkə və ərazidə 13 milyon 949 minə yaxın aktiv koronavirus xəstəsi qeydə alıb. Novator.az bildirir ki, Rusiyada 228082, Gürcüstanda 126498, İranda 81102, Estoniyada 79492, Moldovada 77780 nəfər müalicə altındadır.

Ukraynada xəstə sayı 34094, Litvada 8351, Latviyada 7225, Qırğızıstanda 7055, Ermənistanda 2245, Özbəkistanda 1541, Belarusda 1327, Qazaxıstanda 789, Tacikistanda 397 nəfər göstərilir.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib. Son hesabata görə, ölkədə 823369 nəfər koronavirusa yoluxub, onların 9951-i vəfat edib, 301-i aktiv xəstədir.

Bəs Azərbaycan xəbərdarlıqları nə dərəcədə ciddiyə almalıdır?


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mediaya açıqlamasında insanları qrip virusuna yoluxduğu zaman diqqətli olmağa çağırıb: "Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Qripin fəsadları iki qrupa bölünür. Birinci qrupa bilavasitə qrip virusunun özü tərəfindən yaradılan fəsadlar aiddir. Bunlar xəstəliyin ilk günlərində əmələ gəlir. Buna virus pnevmoniyaları, kəskin respirator distres sindrom aiddir. Bununla yanaşı, qrip virusu virus ensefaliti, meningiti verə, əzələlərin parçalanmasına, ürək əzələsinin iltihabına səbəb ola bilər. Xüsusilə ağır qriplər zamanı bu cür hallar qeydə alınır. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci sutkasında meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur. Buraya bakterial pnevmoniyalar, müxtəlif septiki vəziyyətlər, sepsis, orta qulağın, burun ciblərinin, böyrəklərin iltihabı aiddir. Yüksək hərarət zamanı qıcolmalar yarana bilər ki, bu da həyat üçün təhlükəlidir. Böyük əksəriyyət xəstəliyi yüngül keçirir, lakin müəyyən insanlarda həmin ağırlaşmalar baş verə bilər. Qripdən ölüm halları da qeydə alınır. Doğrudur, koronavirusla müqayisədə daha azdır, lakin müşahidə olunur. Ona görə də etinasız yanaşmaq olmaz. Əgər belə hal varsa, evdə oturmalı, dərsə, işə getməməli, vəziyyət tələb edirsə, xəstəxanada müalicə alınmalıdır ki, fəsadlaşmalar olmasın.

Həkim-infeksionist Nicat Əzimli mövzu ilə bağlı dedi ki, Azərbaycanda da analoji hal yaşanır: "Yoluxmalar əvvəlki həftələrlə müqayisədə nisbətən artıb. Bir çox insan sadəcə qripdir deyib keçir, heç bir test də vermir deyə nə özünün xəbəri olur yoluxduğundan, nə də statistikada vəziyyət öz əksini tapır. Bu da əsasən xəstəliyin yüngül gedişatı ilə əlaqədardır. Amma unutmamaq lazımdır ki, koronavirus aldadıcı gedişata malik xəstəlikdir və lazım olan bütün tədbirləri görməkdə fayda var. İlk öncə yoluxmanın qarşısını almaq üçün xüsusilə ictimai yerlərdə maskadan istifadə ən önəmli tədbirlərdən biridir. Revaksinasiya isə xüsusilə risk qruplarında olan şəxslər üçün qarşıdakı ayları və yeni variantları nəzərə alaraq deyə bilərik ki, daha çox önəmlidir. Zəifləmiş immuniteti bərpa etməyin indi tam vaxtıdır".

 infeksionist-hepatoloq Mərdan Əliyev də "Yeni Müsavat"a deyib ki, qeyd edilən alt variantlar "Omikron" variantının törəmələridir: "Omikron" variantı da koronavirusun mutasiyaya uğramış formasıdır. "Omikron" variantı ən mülayim, daha az virulent və potogenliyə malik olan və kollektiv immunitetin sürətli formalaşmasında rol oynayan bir variantdır. Qeyd etdiyiniz alt variantlar "Omikron" variantından  törədiyi üçün onun o qədər də təhlükəli olacağını düşünmürəm. Çünki "Omikron" variantından törədiyi üçün artıq virulent və patogenliyi o qədər də yüksək olmamalıdır. Digər ölkələrdən fərqli olaraq artıq bizdə, kollektiv immunitet kifayət qədər formalaşıb və buna görə koronavirusla bağlı artıq hər hansı bir ciddi problemin olacağı gözlənilən deyil".

Bununla belə, infeksionist qeyd edir ki, hələ ki pandemiya davam edir və Avropa ölkələrində müəyyən artımlar qeydə alınıb: "Bir qədər artmalar müşahidə edilə bilər və koronavirus pandemiyasının hələ də müəyyən risk qrupuna daxil olan şəxslər üçün təhlükəsi qalmaqdadır. Hansı ki, 65 -70 yaşdan yuxarı olan şəxslər, onkoloji xəstəliyi olanlar, kimya terapiya alanlar, ağciyər xəstəliyi olanlar, bronxial astması olanlar, qaraciyər xəstəlikləri, sirrozu olanlar çox böyük risk qrupuna daxildir. Buna görə hələ də belə şəxslər özləri və onun ailə üzvləri koronavirusla bağlı ehtiyatlı davranmalıdır. Maskadan istifadə etmək lazımdır. Gigiyenik vasitələrdən istifadə etmək lazımdır və digər qaydalara riayət etmək lazımdır ki, həmin şəxslər yoluxmasın və yaxud da ailə üzvləri yoluxub həmin şəxsləri evdə yoluxdurmasın. Hələ də ehtiyat tədbirlərini gözləmək lazımdır".

"Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə yoxdur".

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanda əhali arasında müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır: "Mövsümi qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə və bu sahədə heç bir problem yoxdur. Tam dəqiq deyə bilməsək də, ümid edirik ki, pandemiya sona doğru gedir". Nazir deyib ki, laboratoriyalarda reaktiv maddə problemi yoxdur. Onun sözlərinə görə, Ukraynadakı mövcud vəziyyətlə əlaqədar laborator analizlərin götürülməsində istifadə olunan reaktiv maddə çatışmazlığının aradan qaldırılması üçün Nazirlər Kabinetinin göstərişi ilə mart ayında alternativ mənbələr müəyyən olunub: "Azərbaycana bütün dərman vasitələri, laborator reaktiv maddələr və istifadə olunan birdəfəlik tibbi ləvazimatlar alternativ şəkildə digər ölkələrdən gətirilərək anbarlarda saxlanılır. Hazırda bu sahədə heç bir korluq yoxdur. Topdansatışla məşğul olan şirkətlərə müraciət edərək həmin məhsulları əldə etmək olar. Əgər belə problemlə qarşılan vətəndaş olsa, Səhiyyə Nazirliyinə müraciət etsin. Hər bir belə fakt fərdi şəkildə araşdırılacaq və vətəndaşın məmnunluğu təmin ediləcək".





Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___