Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ŞOK: Azərbaycanda 15-17 yaşlı 5 qadın boşanıb - qorxunc statistikanın altındakı səbəblər
Tarix: 22-10-2022 | Saat: 09:43
Bölmə:Karusel / Gündəm / Araşdırma | çapa göndər



Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən, ölkəmizdə nikaha girmə yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadığı rayonun yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il ərzində yerli icra hakimiyyətinin qərarı ilə nikah yaşı aşağı salınmış 5 qadının nikahına 18 yaşı tamam olmamış xitam verilib. Onlardan 4-nün nikahına məhkəmənin qərarı ilə xitam verilib, 1-nin nikahı isə qarşılıqlı razılıq əsasında olub.

Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsindəki məlumata görə, ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb. Belə ki, keçən il 15-29 yaşda olan 3107 kişi boşanıb. Boşanan kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub. Ötən il 15-29 yaşda boşanan qadınların sayı 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.

Əlavə edək ki, oktyabrın 20-də Abşeron rayonunda 2006-cı il təvəllüdlü, 16 yaşlı A.N. (ad şərtidir) nişanlısı - 1996-cı il təvəllüdlü Murad Həsənov tərəfindən şəxsi münasibətlər zəminində öldürülüb. Bu barədə prokurorluq məlumat yayıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Beləliklə, erkən nikahlar Azərbaycan üçün problem olaraq qalır. Bir çox hallarda yeniyetmələr məhz valideynləri tərəfindən erkən nikaha cəlb edilir. Mütəxəssislərin fikrincə erkən nikaha gətirən səbəblər aşağıdakılardır:

- müəyyən vaxtdan sonra qızın "qarımış qıza" çevrilməsi qorxusu. Bir sıra valideynlər qızlarını tez evləndirməklə, tez bir zamanda "qız yükü"ndən qurtulmağa çalışırlar;

- ailənin maddi vəziyyətinin aşağı olması. Bəzi aztəminatlı ailələr düşünür ki, evlilik həyatı onun övladına xoşbəxtlik gətirəcək;

- qaçırılma halları. Mentalitet məsələlərinə daha bağlı olan ailələr qaçırılmış qızın geri qayıtmasını yolverilməz sayır və övladının erkən nikahına razı olur.

Lakin erkən nikahın çoxlu fəsadları ortaya çıxır. Fiziki və psixoloji baxımdan ana olmağa hazır olmayan qızlarda çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Mütəxəssislərin qənaətinə görə, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.

Erkən nikaha cəlb olunan qızlar  cəmiyyətdən təcrid olunur, təhsildən uzaqlaşır, gələcəkdə övladının savadlı yetişməsinə fayda verə bilmir. Daha bir məsələ. Dəfələrlə şahidi olmuşuq ki, erkən nikaha girən qızlar bəzən ailədəki çətinlikləri, zorakılıqları dəf edə bilmədikləri üçün intihara əl atır.

Bəs erkən nikahlar və onlardan dolayı faciəvi hadisələrdən necə sığortalanmalı? Belə nikahlarda valideynlərinin rolu artıb, yoxsa?

Mehriban Zeynalova: "Azərbaycanda elə psixoloqlar var ki, özləri də  travmalıdırlar"

Mehriban Zeynalova: "Erkən nikah məsələsində bəzən valideyn məcburiyyəti olmur...": "Erkən nikah məsələsində bəzən valideyn məcburiyyəti olmur..."

"Təmiz Dünya" Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Böyük ehtimal ki, həmin statistikada qeyd olunan 15-17 yaşlı qızlar rayonlarda qanunsuz yaşayanlar və yaxud qeydiyyatda olmayanlardır. O ki qaldı öldürülən 16 yaşlı nişanlı qıza, görünür ki, onu 14 yaşında nişanlayıb, nikah üçün 17-18 yaşının tamam olmasını gözləyiblər. Erkən nikah məsələsində bəzən valideyn məcburiyyəti olmur, şəxslərin özləri tez ailə qurmağa çalışır, qoşulub qaçır, hamilə qalır və məcburən nikahların icazə verilir. Rəsmi statistikada göstərilən rəqəmlər çox sayda suallar yaradır. Yəni az rəqəm də olsa, sualları çoxdur. Bu baxımdan dəqiqləşmə aparmaq lazımdır ki, həmin qızlar hansı şəkildə nikaha giriblər, könüllü qoşulub qaçıblar, məcbur ediliblərmi və sairə. Bəzən görürük ki, icra hakimiyyətləri qoşulub qaçan qızla bağlı bildirirlər ki, "qızın rəyini əsas götürdük". Doğrudur, uşaq hüququnda deyilir ki, uşağın rəyi əsasdır, lakin yaxşı olardı ki, bu cür məsələlərdə müəyyən məhdudiyyətlər qoyulsun, yəni uşağın rəyi deyil, qanunvericilik əsas götürülsün.

Əgər məcburi və erkən nikahdırsa, o zaman valideynlərin  cəzalandırılması məsələsi ortaya atılmalıdır. Bir daha qeyd edirəm ki, 15-17 yaşlı qızların boşanması məsələsi xeyli sayda suallar yaradır. Məsələn, həmin qızlar erkən nikaha məcburi cəlb edilibmi, bunu edən valideynlər cəzalandırıldımı, yoxsa yenə də məsuliyyətdən kənarda qaldı, həmin qızların uşaqları varsa aliment ala bilirmi, onların qəyyumluğu kimin üzərindədir, boşandıqdan sonra inteqrasiyası necə aparılır, ailə bu qızlara hansı məhdudiyyətlər qoyub və sairə. Bütün bunlar növbəti faciələrin suallarıdır".

Mehriban Zeynalova erkən nikahlara gətirən səbəblərdən də söz açıb: "Hesab edirəm ki, erkən nikahı yaradan əsas amillər stereotiplər, mövhumatın artması, təhsilin, mədəniyyətin azalması, qadına qarşı münasibətin pisləşməsi, onun mənfi obraza çevrilməsi, qadın barəsində "mütləq qadın günahkardır" və yaxud "mütləq səhv buraxacaq, yanlışlıq, əxlaqsızlıq edəcək, ona görə də mütləq ərə getməlidir" kimi düşüncələrdir. Bu cür stereotiplər aradan qalxmayınca, qadının ağlına, davranışına, hörmətlə yanaşılmayınca, mövhumatçılıq, fanatizm dərəcəsində qadına qarşı  yalnız günah obrazı axtardıqca erkən nikah problem olaraq qalacaq və getdikcə də artacaq".

"Erkən nikahlarda valideynlərin rolu artıb, yoxsa?" sualına həmsöhbətimiz belə cavab verdi: "Bu problemdə artıq təkcə valideynin deyil, həm də cəmiyyətin rolu var. Cəmiyyət bu cür düşünür, ona görə də valideyn övladını cəmiyyətdən qorumağa çalışır. Qadınların təhlükəsizliyi, toxunulmazlığı müzakirə olunmalıdır. Zorlanma hadisələrində adətən kim günahlandırılır? Əksər halda qadınlar. Yalnız azyaşlı uşaqlarda cəmiyyət kifayət qədər sərt reaksiya verir. Amma 14-16 yaşlarında qızlar zorlananda adətən günahı elə həmin qızın ayağına yazırlar. Halbuki bu ağır cinayətdir. Bunu bu cür qəbul etməyincə, qanun insanların şüurunda daha üstdə dayanmayınca, qadının bərabərliyi və onun cəmiyyətdə rolunun artırılması ilə bağlı müzakirələrə getmədikcə, erkən nikah da, zorlamalar da olacaq, baxmayaraq ki, bu qədər maarifləndirmə işləri aparılır.

Bəlkə də artıq maarifləndirmənin metodikasını dəyişmək lazımdır. Yəni gedib yığılıb iclas  etmək yox, faktlarla, baş verən faciələri göstərməklə valideynləri başa salmaq lazımdır ki, erkən nikah heç də sənin qızını xilas etmir, əslində onu öldürür. Yoxsa ki, "dua oxumaqla donuz darıdan çıxmır". Mütləq şəkildə münasibət dəyişməlidir".

Hacı Şahin: "Müasir dövrdə din insanları erkən nikaha təşviq etmir"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli isə məsələnin dini tərəfini bu cür şərh edib: "Adətən nikah yaşı müzakirə olunarkən bir çoxları dinə istinad edir və deyir ki, "erkən yaşda evlənməyi din bizə buyurur". Doğrudur, din buna icazə verir, amma bu o demək deyil ki, dinimiz erkən nikaha təşviq edir. Dinimizin gözəl xüsusiyyətlərindən biri budur ki, dinimiz zamana uyğunlaşır. İndi dövrdə gənclərin təhsil alması, dünyagörüşlərinin artırılması üçün müəyyən vaxt tələb olunur. Ona görə də müasir dövrdə din insanları erkən nikaha təşviq etmir. Hazırkı dövrdə din qanunları ilə dövlət qanunları uzlaşdırılır. Yəni həm dini görüşlər, həm də dövlət qanunları nəzərə alınır.

O ki qaldı məcburi evləndirməyə, dinimiz qəti şəkildə bunu qadağan edir. Ailə hər iki tərəfin razılığı əsasında qurulmalıdır, valideynlər isə bunu yalnız tövsiyə verə bilər. Ailənin qurulmasında əsas şərt oğlan və qızın razılığıdır. Burada hər hansı bir zor tətbiq etməkdən söhbət gedə bilməz. Hətta peyğəmbərimizin özü qızı xanım Fatimayi Zəhranı evləndirən zaman onun razılığını soruşur, razılığını aldıqdan sonra onun Əli ilə kəbinini bağlayır".

Əhməd Qəşəmoğlu: "Humanitar siyasəti dəyişmədikcə bu problem daha da artacaq"

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, bu məsəldə birmənalı  olaraq nə valideynləri, nə də indiki iqtisadi vəziyyəti günahlandırmaq olmaz: "Əvvəla, valideynlər öz uşaqlarının düşməni deyil. Deməli, elə bir vəziyyət yaranıb ki, valideyn bu addımı atmağa məcbur olur. Bəzən uşaqların özləri də 15-16 yaşında ərə getmək istəyir, yəni mühit, vəziyyət buna gətirib çıxarır. Ona görə də biz bu məsələlər ilə bağlı ölkədə humanitar siyasəti dəyişməliyik. Necə ki, bu humanitar siyasət dəyişməyib, bu cür xoşagəlməz hallar çox olacaq. Bir daha qeyd edirəm ki, ciddi işlər görülməlidir.

Əvvəllər cənub rayonlarında erkən nikahlar çox idisə, indi artıq digər rayonlarda, hətta Bakı ətrafı kəndlərdə də artdığını müşahidə edirik. Nə etməli? Yerlərdə yeni iş yerləri açılmalıdır ki, qızlar işləyə bilsin, vəziyyətin qarşısını xeyli almış olar. Amma rayonlarda iş yerləri yoxdur, qızı Bakıya oxumağa göndərmək isə bir neçə istiqamətdə valideyn üçün mümkünsüzdür. Çünki indi təhsil müəssisələrinin yataqxanaları yoxdur, valideynin kirayə haqqı verməyə pulu yoxdur. Digər tərəfdən, televiziyalarda ancaq qadın və qızların aldadılması, digər ölkələrə insan alverinin qurbanına çevrilməsi ilə bağlı şou xarakterli verilişlər gedir. Beləliklə də valideyn televiziyaya baxır, qorxur, qızının Bakıya göndərilməsinin yolu bağlanır, yerdə də iş yeri olmadığından valideyn düşünür ki, qızı ərə versin. Televiziyalarda uğur qazanan qızlarımız haqqında verilişlər hazırlanmalıdır, nəinki ancaq oğurlanan, insan alverinin qurbanı olmuş qızlar haqqında. Televiziyalarmız, mətbuatımız  xalqın maariflənməsinə daha çox xidmət etməlidir".





Xəbəri paylaş

4498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___