Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məcburi evlilik problemi və HƏLLİ YOLLARI
Tarix: 04-09-2017 | Saat: 15:43
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər



A.Çexov: “Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir…”
Hər bir ailə kiçik dövlətə bənzəyir. Onun da öz adət-ənənəsi, yaşam tərzi, mühiti var. Bu kiçik dövlət ictimai həyatın mədəni və mənəvi səviyyəsinin yüksəlməsinə, inkişafına böyük təsir  göstərir. Eyni zamanda, ailə insanların  sosial­laşmasını təmin edən başlıca mənbə və ən önəmli qaynaq sayılır. İnsani dəyərlərin, mədəniyyətin və nəsillərin tarixi varisliyinin qoruyucusu kimi də ailə həmişə cəmiyyətin əsas təsisatlarından biri olaraq qalıb və qalacaqdır. Məhz ona görə sağlam ailə sağlam cəmiyyətin təməli hesab olunur. Ailə, şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institut kimi qəbul edilir. Azərbaycan mentallığında da ailə xüsusi məna kəsb edir. Azərbaycan ailəsi özünəməxsusluğu, yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Azərbaycan xalqı yeni qurulan ailəyə müqəddəs bir hadisə kimi baxır, onun ülviliyini qoruyur və təməlinin möhkəm olmasına çalışır. Çünki yeni qurulan ailənin təməli nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəm və sağlam olar.
Bu kimi amillər nəzərə alındığından müstəqil Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də məhz ailə siyasəti təşkil edir. Ölkəmizdə  həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onu təcəssüm etdirir. Bu gerçəkliyi daim nəzərə alan Azərbaycan hökuməti ailə siyasətinin formalaşdırılmasına ciddi diqqət yetirir. Ailə siyasəti ilə bağlı məsələlər əsas vəzifələrdən biri kimi qarşıya qoyulur, ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 

Qızının evdə qalacağından ehtiyatlanan valideyn

Hazırda Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də Ailə Məcəlləsində ailə münasibətlərinin tənzimlənməsi öz əksini tapır. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyini, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz həyata keçirilməsini müəyyən edir.
Lakin təəssüflər olsun ki, bəzən yeni ailə qurularkən həm qanunvericilikdən, həm də mentalitetimizdən və dinimizdən irəli gələn tələblərə riayət olunmur. İmkanlı adamla qohumluq şansını itirməkdən, qızının evdə qalacağından, yeni doğularkən uşaqları göbək kəsdi edib “əhd-peyman” bağladığı dostu ilə üz-göz olmaqdan ehtiyat edən valideynlər övladlarının razılığını almadan onları ailə həyatı qurmağa məcbur edirlər. Belə hallarda, - “Mənim sözüm yerə düşməməlidir!” - deyən valideynlər qız övladlarının göz yaşlarına belə, məhəl qoymurlar. 

Dədə-baba “qaydası”nın qurbanları

Uzun illərdir qadın hüquqlarının qorunması ilə məşğul olan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bəzi Azərbaycan ailələrində valideynlərin ailə qurmaq istəyən övladlar üzərindəki qeyri-sağlam “hökmranlığının” acı sonluqla bitdiyini deyir. Bildirir ki, gündəlik medianı izləyən hər kəs sadalanan acınacaqlı durumları və daha artığını ürək ağrısı ilə müşahidə edə bilər. Onun sözlərinə görə, evlilik və ailə sistemi həddindən artıq həssas bir məqam olduğu halda, insanların əksəriyyəti buna dırnaqarası baxır: “Müşahidələr və statistik rəqəmlər göstərir ki, son illər ərzində Azərbaycanda boşanmaların, ailə faciələrinin, gənc qadın-kişi intiharlarının və valideyn himayəsindən məhrum olan uşaqların sayı artır. Problemin əsas səbəbləri kimi də uyğunsuz nikah, məcburi evlilik, qurama ailə sistemi və sair göstərilir. Mütəxəssislərin “SOS” deyə fəryad etməsinə baxmayaraq, bəziləri üzləşdiyimiz faciənin fərqində deyil. Əksəriyyət adamlar, “Biz atamızdan belə görmüşük, belə də olacağıq!” - sindromunu davam etdirir. Bu gün cəmiyyətimizdə ailə qurmağın geridə qalmış üsullarından biri məhz qızın, yaxud oğlanın razılığını zərrə qədər önəmsəmədən, valideynlərin məcburi evlilik formalaşdırmasıdır. Bu “üsul”un tərəfdarları hesab edirlər ki, dinimiz belə buyurub, dədə-babalarımız belə olub, mentalitetimiz belə tələb edir və biz də belə olmalıyıq. Amma başa düşmürlər ki, insan taleyi laborator müayinə müəssisəsi deyil və valideynin gənclər üzərindəki “təcrübəsi” onları xoşbəxt etmək əvəzinə, həyatın girdabına yuvarlayır”.

Doğmalarının arxa çevirdiyi qızların aqibəti

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə bildirir ki, sevmədən, bir-birini tanımadan, din və mentalitet əsas gətirilərək, zorla ərə getməyə məcbur edilən qızlar bəzən ailə daxili zorakılıqlara da məruz qalırlar. Onun sözlərinə görə, ailəsinin təzyiqi ilə ər evinə köçən gənc qız bütün işgəncələrə dözərək, sevmədiyi adamla eyni evi, eyni yatağı paylaşmağa məhkum edilir: “Belə ailələrdə təbii olaraq ərə qarşı hər hansı sevgi hissi olmur. Əgər ailədə övlad yoxdursa, bu soyuqluq özünü daha qabarıq şəkildə göstərir. Bu da zaman keçdikcə kişidə gənc qadına qarşı tamamilə mənfi münasibət formalaşdırır. Çoxsaylı fiziki və mənəvi zorakılığa məruz qalan qadın baş götürüb atası evinə qayıdır. Burada onu qapı ağzında qarşılayıb, - “Sənin yerin ərinin yanıdır. Get dil tap, dolan!” - deyirlər. Valideynlərinin, doğma qardaş-bacısının ona arxa çevirdiyini görən qadın daha da tənhalaşır. Naçar qalıb, necə deyərlər, suyu süzülə-süzülə ər evinə qayıdır. Amma bu dəfə daha ağır məşəqqətlərə qatlanmalı olur. Qadının təkləndiyini, çarəsizliyini görən kişi bundan sui-istifadə edir. Əmin olur ki, əməllərinə görə heç kim onu sorğulamayacaq. Bu vəziyyət də pik nöqtəsinə çatanda, ya qadın intihara əl atır, yaxud da münaqişə zəmnində anlaqsız vəziyyətə düşüb həyat yoldaşını qətlə yetirir. Beləliklə də ailə başçısı o biri dünyaya, qadın qatil kimi həbsxanaya, əgər ailədə uşaqlar varsa, onlar da internata yollanır”.

Valideyni üçün qız alan “bəy”lər

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev keçmişdə valideynlərin istəyi, razılığı olmadan qız və ya oğlanın evlənməsinin qeyri-mümkün olduğunu bildirir. Baş psixoloqun sözlərinə görə, hətta elə hallar olub ki, hansısa valideyn oğullarından soruşmadan onun üçün qız alıb: “İndi zəmanə dəyişdiyindən, münasibətlər də dəyişib. Valideynlər uşaqlarını bu cür məcburi evləndirməməlidirlər. Tutalım ki, xanım məcburi də olsa, ürəyi istəməsə də, nəyinsə xatirinə dözür. Lakin kişi nəyəsə göz yummur axı. O evliliyini gələcəkdə dağıtmasa belə, kənarda sevdiyi qızla münasibətini davam etdirir. Bu cür nikahınsa heç cür yaxşı nəticələnməyəcəyini hamı bilir. Çox vaxt isə bu cür məcburi nikahların axırı boşanmaqla qurtarır. Digər tərəfdən, bəzi hallarda bəylərimiz qızı valideyn üçün alır. Lakin bu da sağlam evlilik deyil. Əgər oğlan kimi isə sevirsə, sevdiyi qızla evlənməlidir. Öz sevgisinin arxasında sonacan durmağı bacarmalıdır. Çətin ki, istəmədiyi biri ilə sonadək evli qala bilsin. Bu səbəbdən də boşanmamaq üçün bu cür nikahlardan uzaq durmaq lazımdır”.

“O, olmasın, bu olsun!”

Psixoloq Sevinc Allahyarova isə kiminsə sözüylə ailə quranların məhəbbətdən məhrum olduqlarını dilə gətirir. Qeyd edir ki, bir tavan altında iki özgə şəxs kimi yaşayan, bir-birinin şəxsiyyətini tanımayan cütlüklər, xüsusən də qadınlar öz ərləri ilə ünsiyyət qurmurlar, heç nəyi bölüşmürlər və heç bir zaman kişiyə qəlbən yaxın olmurlar: “Heç kim düşünmür ki, bu qadınlar zərif məhəbbətdən məhrumdurlar. Evlilikdən sonra bir-birini tanımağa üstünlük verən cütlüklər bəzi hallarda ömürlərini bir-birlərini tanımadan bitirirlər. Bəzi hallarda isə bu evliliklər boşanmalarla nəticələnir. Bir çox hallarda qırılmış həyatlar qızların olur. Kişi üçün isə heç bir problem yaşanmır. O, birinci dəfə necə asan qız tapıb evlənmişdisə, yenidən elə asanlıqla evlənə, həyatını qura bilir. Məşhur Azərbaycan operasındakı kimi – “O olmasın, bu olsun”. Ona görə də ən yaxşısı, evlənərkən öz seçimini düzgün etməkdir. Pis, ya yaxşı, öz istədiyinlə həyat qurursan. Və sonunda heç kimi günahlandırmırsan”. 

Qadının daxili xəyanət aktı

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məcburi evlilikdən danışarkən, bu məsələdə ilk diqqəti çəkən məqamın məcburilik olduğunu diqqətə çatdırır: “Bəzən qızlar tamamilə tanımadığı, özündən yaşca çox böyük birisinə ərə getməyə məcbur edilir. Bu zaman qızın və ya qadının arzusu, yaxud hər hansı etirazı nəzərə alınmır. İlkin dövrlərdə belə qızlar öz fantaziyalarında ərlərini reallıqda tanıdıqları oğlan obrazında görməyə çalışırlar. Bu halın özü şəxsin daxili ikiləşməsinə gətirib çıxarır. Mənə elə gəlir ki, bu məqamda qadın tərəfindən daxili bir xəyanət aktı həyata keçirilir. Lakin bu xəyanət hamının alışdığı fiziki xəyanət deyil. Digər bir məqam, ola bilər ki, gənc qızla evlənən kişi qadınının bu psixoloji vəziyyətini qiymətləndirsin və özünü təqribən ona sevdirsin. Fransızların çəkdiyi “Anjelika” filmindəki qəhrəman kimi. Lakin təəssüf ki, Azərbaycan kişiləri arasında bu cür anlayışlı və psixoloji baxımdan təmkinli insanlar azdır. Məcburi evliliklər qadına qarşı zorakılığa, təcavüzə də gətirib çıxara bilər və sonda boşanma ilə nəticələnər. Bütün hallarda məcburi evlilik insan haqları baxımından yol verilməzdir”.

Yaşlı nəsil gənclərin işinə qarışmalıdırmı?

“Bərabər İmkanlar Mərkəzi” İctimai Birliyinin rəhbəri, sosioloq Rafiq Təmrazov da övladın həyatına müdaxiləni yol verilməz sayır. Onun fikrincə, yaşlıların gəncin işlərinə, sərbəst ailə qurmasına qarışması onun cəmiyyətdə yer tutmasına mane olur. Övlad gələcəkdə öz ailəsini normal idarə edə bilmir, üzərinə düşən məsuliyyəti başa düşmür və yerinə yetirmək istəmir.
Sosioloq, professor Əhməd Qəşəmoğlu isə deyir ki, gənc nəslin yaşlı nəslin diktəsi ilə oturub-durması keçmişdə o qədər də riskli deyildi, indi isə zor gücünə qurulan ailələr təhlükəlidir. Professora görə, əvvəl sosial mühit məcbur edirdi ki, ailə dağılmasın. Amma indi sosial mühitin təsiri azaldığından yaşlı nəslin təsiri altında ailə həyatı qurmaq risklidir.

İslam dinində məcburi evliliyə münasibət

Ekspertlərin də sözlərindən aydın olduğu kimi bir sıra hallarda övladını kiməsə ərə getməyə məcbur edən valideyn bu əməlinə haqq qazandırmaq üçün dinimizə sığınır. Amma, gəlin görək, reallıqda İslam dini bu tipli evliliyin, yəni qızın zorla ərə verilməsinin tərəfdarıdırmı? “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin rəhbəri Hakim Əlizadə qeyd edir ki, İslam dininə görə valideynlər yetkinlik yaşına çatmış övladlarının ailə qurmasına yardımçı olmalıdırlar. Amma humanizm prinsipləri üzərində qurulmuş dinimizə əsasən ailə qurarkən ilk növbədə tərəflərin razılığı əsas şərtdir: “Bu məsələdə hətta valideynlər belə, gənclərə təzyiq göstərə bilməzlər. İslam dininə görə ata-ana sadəcə övladlarına məsləhət verə bilərlər, son qərar isə evlənmək istəyən tərəflərin olmalıdır. Hətta sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) öz sevimlisi Fatimeyi-Zəhranı ərə verərkən, onun fikrini soruşub. Bununla da, Peyğəmbərimiz istər qız, istərsə də oğlanların evləndirilməsində tərəflərin iradəsinin əksinə getməməyi öyrədib. Bu barədə dinimizdə çoxsaylı hədislər də mövcuddur. Məsələn, İmam Sadiq (ə) buyur ki, “Atanın vəzifəsi ərə getmə məsələsini qızına təklif etməkdir. Əgər ərə getməyə razı olmasa atası onu məcbur edə bilməz. Əgər qızı, - “Mən, nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm” - deyərsə, onun istəyi ilə razılaşmalıdır”. Gördüyümüz kimi, qızın razılığı evlənmənin əsas şərtlərindən biri kimi hesab edilir və onun razılığı olmadan oxunan kəbin batil hesab edilir. Buna əsasən, valideynlərin borcudur ki, öz övladlarını bu cür həssas məsələdə azad qoysunlar, onların fikirlərini məhdudlaşdırmasınlar”.

Çıxış yolu nədədir?

Bütün bu söylənilənlərdən ümumi nəticəyə gələn ekspertərin fikrincə, sadalanan neqativ hallardan çıxış yolu qız uşaqlarının təhsilinə diqqəti artırmaq, adət-ənənələri qoruyub saxlayarkən onun daxilindəki məcburiyyət elementlərini ləğv etmək, qızların ailə üzvləri ilə fikirlərini bölüşməsinə imkan yaratmaqdan ibarətdir. Bunlarla yanaşı, məcburi evlilik halları ilə bağlı “Qaynar xətt”lər açmaq, nikahın qeydiyyata alındığı dövlət qurumlarında psixoloqların fəaliyyətini təmin etmək gərəkdir.
P.S. Deyirlər, ailə o zaman möhkəm olur ki, onun üzvləri bir-biri ilə son də­rə­cə mehriban, səmimi münasibət qura bilirlər. Ailə o zaman inkişaf edib bö­yüyür ki, dünyaya yeni körpələr bəxş edilir. Ailə o zaman əsl xoşbəxtliyə qovuşur, seçilən olur ki, onun qoynundan milli duyğulu, vətən sevgili, bəşəri dü­şüncəli övladlar pərvazlanır. Hər kəsə sevilən və seçilən ailə sahibi olmaq arzusu ilə...

Sara ƏZİMOVA, 
“Şərq qapısı” qəzetinin şöbə müdiri,
Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü


Xəbəri paylaş

1 4208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___