Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?
Tarix: 03-08-2016 | Saat: 23:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?


Onlar özlərini Nuh peyğəmbərin nəsli hesab edirlər. Dünyanın ən nadir dilində danışır, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yaşayırlar. Bura Azərbaycanın, bəlkə də dünyanın ən unikal kəndi hesab oluna bilər.


Xınalıq (Kətiş) kəndi: Kənd Quba rayonunun inzibati ərazisinə daxildir. Böyük Qafqaz dağları silsiləsində, Şahdağın yaxınlığında dağlarla əhatə olunmuş bir ərazidə yerləşir.


Xınalıq bir çox özəlliyi ilə turistlər üçün ən maraqlı məkanlardan hesab oluna bilər. Lakin hər şeydən önəmlisi buranın turizm məkanına çevrilməsidir. Turizmin qeyri-neft sektorunun əsas payçısı olması məlumdur. O da məlumdur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün dövlət səviyyəsində addımlar atılır. Məhz Xınalıq kəndi turizmin inkişafında vazkeçilməz fürsətlərdən biridir.


Admiral.Az Xınalıq kəndinin turistlər üçün maraqlı ola biləcək cəhətlərini araşdırıb.

Nuhun gəmisinin batdığı yer

Onlar özlərini Nuh peyğəmbərin sonuncu nəsli adlandırır və iddia edirlər ki, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan baş verən zəlzələ zamanı əhalinin çox hissəsi həlak olub. Sağ qalanlar isə çayı keçərək, kiçik bir təpəyə qalxıblar. Beləliklə Xınalıq yaranıb. Xınalıqlılar dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini bu rəvayətin təsdiqi kimi göstərirlər. Hətta bu haqda əfsanələri belə var. Belə ki, Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlükdə 3 müxtəlif göl var. Bulaq suyu və qarla qidalanan göllər bir-biri ilə yerin altında əlaqəyə malikdir.

Əfsanəyə görə, keçmişdə bu göllərdən ən böyüyündə tez-tez taxta parçaları görünürmüş. Bu taxta parçaların Nuhun gəmisindən qalma olduğu iddia olunur. Heç kim o taxta parçalarını götürə bilmir. Əgər buna cəhd edilərsə, taxta parçaları o biri sahilə doğru üzüb gedir. Təbii ki, bu əfsanədir. 2007-ci ildə Tufandağda keçirilən ekspedisiya zamanı da həmin göllərdə heç bir taxta parçasına rast gəlinməyib. Lakin flora aləmi olduqca kasad olan bu ərazilərə ağac parçalarının necə gəlib çıxdığı da müəmma olaraq qalır.
news-detail
Dünyanın ən nadir dili
Turistlər üçün maraqlı ola biləcək ən unikal xüsusiyyətlərdən biri də kətiş dilidir. Bu dil dünyada heç bir dil qrupuna uyğun gəlmir və yalnız xınalıqlılar onu başa düşür. Tədqiqatçıların bir hissəsi kətiş dilini İber Qafqaz dil qrupuna, bir hissəsi Dağıstan dil qrupu ailəsinə, bəziləri isə Ural-Altay dil qrupuna aid edir. Lakin dəqiq hansı dil qrupuna məxsus olduğu müəyyən edilməyib. Kətiş dilində 58 hərf var, bunlardan 19-u sait, 38-i samitdir. İsmin 16 halı var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, “gəlir” sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir. 1970-80-ci illərdə İngiltərənin və Rusiyanın dilçi alimləri kətiş dilinin öyrənilməsi üçün tədqiqatlar aparıblar. Sonda ingilis-rus-kətiş dilində lüğət tərtib olunub. Lakin Azərbaycan dili ilə bağlı lüğət hələ də yoxdur.

Ən maraqlısı isə budur ki, kəndin aşağı, yuxarı və orta hissəsində yaşayan insanlar eyni dili tələffüz edərkən, fərqli dil kimi başa düşülür. Kənddə yaşayanlar özlərinə “kətdid” deyirlər. Bu, “özümüzkülər” deməkdir. Ümumi sayı 30 minə yaxın olan xınalıqların təxminən 5 min nəfəri təmiz xınalıq dilində danışır.
news-detail
Uzunömürlülər diyarı

Xınalıq həm də uzunömürlülər diyarıdır. Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş “Əfsanələr diyarı” adlı məqaləsində belə yazırdı: kişilərdən 132 yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107 yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və digərləri.


Əfsanələr və turizm

Təkcə bu özəlliklər turistlərin cəlb olunmasında xüsusi rol oynaya bilər. Misal üçün, “Nuh peyğəmbərin sonuncu nəsli”, “dünyanın ən nadir dilində danışan insanların məkanı”, yaxud “uzunömürlülər diyarı” kimi təbliğat aparmaq mümkündür.

Dünyada əfsanələr üzərində təbliğatın qurulması və məhz həmin əfsanələrə görə turistlərin cəlb olunması təcrübəsi də var. Misal üçün, Misir ehramlarının tikilməsi hələ də müəmmalı olaraq qalır. İddialardan biri də belədir ki, bu ehramları boyları 4 metrdən 12 metrə qədər olan nəhəg insanlar inşa edib. Bu gün bir çox turist ehramları görməklə yanaşı, məhz bu əfsanənin bəhs edildiyi yerdə olmaq üçün də Misirə üz tutur. Yaxud Yunanıstan qədim tarixi və abidələri ilə yanaşı, antik dövrdə yaşadığı deyilən skiflərin də vətəni kimi tanınır. Bu təcrübələrdən çıxış etsək, nə üçün Nuh peyğəmbərin sonuncu nəslinin Azərbaycanda yaşadığına dair təbliğat aparılmamalıdır?! Burada məsələ hansısa elmi-araşdırmadan yox, birbaşa turist kütləsinə hesablanmış cəlbedici təbliğatdan gedir.

Ölkəyə pul qazandıracaq üç mühüm məqam

Xınalıq kəndi ildə 300-ə qədər turist qəbul etsə də, mövcud potensial fonunda bu, olduqca azdır. Araşdırmalar göstərir ki, Xınalıqda lazımi infrastruktur və şərait yaradılarsa, həmçinin, daha geniş və maraqlı təbliğat aparılarsa, turistlərin sayı çoxala bilər. Bu isə üç aspektdən xeyirlidir.

Birincisi, azərbaycanlı turistlər ölkədən kənara çıxmaz. Xınalıq kimi unikal məkanda istirahət edərlər. Beləliklə, pul kütləsi də ölkədə qalar.

İkincisi, xarici turistlərin sayı artar. Bu həm ölkənin tanınması, həm də ölkəyə pul kütləsinin gəlməsi deməkdir.

Üçüncüsü, Xınalıq kəndinin sakinləri turistləri qəbul etməklə əlavə vəsait qazanar. Həm sosial rifahları yüksələr, həm də yerli əhali mövcud potensialın qorunub saxlanılmasında daha çox maraqlı olarlar.

Görünən odur ki, dünyanın ən unikal məkanlarından olan Xınalıq “kənd turizmi” üçün əvəzedilməz yerdir.

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?



1 8488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___