Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOSİALAzərbaycanda ailələrdə müharibə gedir: Boşanan hər bir qızın arxasında anası durur - DƏHŞƏTLİ FAKTLAR
Tarix: 18-08-2023 | Saat: 16:37
Bölmə:Karusel / Gündəm / Araşdırma | çapa göndər

Son 6 ayda Azərbaycanda 10 631 boşanma hadisəsi qeydə alınıb. Bu da o deməkdir ki, hər gün 59 ailə dağılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,5-dən 2,1-ə qədər artıb.

Azərbaycanda artıq iki ilə yaxındır ki, iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir. Amma dünya təcrübəsinə nəzər salsaq, görərik ki, nikahdan əvvəl evlilik təhsili alanlar da az deyil. Elə qardaş ölkə Türkiyədə 2013-cü ildən bu yana “Evlilik Öncəsi Təhsil Proqramı” daxilində 1,6 milyon insan təhsil alıb. Güclü cəmiyyət üçün düzgün qurulmuş ailələr və bir-biri ilə sağlam ünsiyyət qura bilən cütlüklər böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə belə bir proqramın yaradılması nə dərəcə effektiv olar?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Publika.az-a açıqlamasında bildirib ki, nikahdan öncə gənclərlə mütləq şəkildə söhbətlər aparılmalıdır.

“Nikahdan əvvəl müəyyən xidmətin yaranmasına ehtiyac var. Çox yaxşı olar ki, nikahdan öncə gənclərimizlə xüsusi işlər aparılsın. 3-4 ildir ki, bar-bar bağırıram ki, boşanma probleminin qarşısını almaq lazımdır. Yolları da var. Bir neçə jurnalistdən başqa səsimi eşidən yoxdur. Lazımi qurumlar sözlərimi, çıxışlarımı eşitməzdən gəlirlər. Bəzən deyirlər ki, dünyada, məsələn, Belçikada da boşanma çoxdur. Amma başa düşmürlər ki, oranın əhalisinin yaşam tərzi, mədəniyyəti başqadır. Bizim mədəniyyətimizin kökü ailə dəyərləri üstündə formalaşıb. Ölkəmizdə boşanmadan sonra baş verən problemlər daha böyük fəsadlar doğurur, nəinki Avropa ölkələrində. Səbəblər isə müxtəlifdir. Son zamanlar ər və arvaddan çox digər müdaxilələr nəticəsində boşanma sayları artıb. Həm də son nəslin düşüncə tərzi çox fərqlidir. Günə 59 boşanmanın olması dəhşətli statistikadır. Bu o deməkdir ki, evlərdə müharibə gedir, gərginlik var”.

Sosioloq qeyd edib ki, gərginlik təkcə boşanan ailələrdə deyil, həm də boşanmayan ailələrin də içində hökm sürür:

“Həmən bu gərginlik içində gələcək nəsil böyüyür. Bu həmin uşağın mənəviyyat, şəxsiyyət, sağlamlıq və psixologiyasına ciddi təsir edir. Ümumiyyətlə, bütün həyatlarında sağalmayacaq yara yaranır. Yeni nəslin keyfiyyəti təhlükə altındadır. Ona görə bu problemi həll etmək üçün fərqli işlər görmək lazımdır. Bu məsələ ilə bağlı məsuliyyət daşıyan bir neçə qurumlar var. Olar bu məsələyə ciddi baxmalıdırlar. Sosioloq olaraq 10 ildir deyirəm ki, ciddi elmi əsaslarla fəaliyyət proqramı hazırlamaq lazımdır. Bunun üçün də boşananlar arasında ciddi, həqiqi sorğu keçirmək lazımdır ki, niyə boşanırlar? Səbəb nədir? Necə oldu ki evləndilər? Evlənərkən hansı dəyərlərə əsaslandılar? Bu insanların özü ilə sorğu keçirilməlidir. Amma hanı o sorğular, yoxdur. Boşanan şəxslərlə yanaşı məhkəmə işçiləri ilə də sorğu keçirməlidir. Hansı ki, onlar boşanma faktorlarını həyata keçirirlər. Eyni zamanda bu məsələlər üzrə olan ekspertlərlə danışıqlar aparılmalıdır. Bütün bunlardan sonra təhlillər getməlidir”.

Mütəxəssisin sözlərinə görə, ailənin əbədi və əzəli funksiyaları var:

“Cəmiyyət günü-gündən mürəkkəbləşir. Bu da ailəyə təsir edir. Ona görə də yeni işlər görmək lazımdır. 20-50 il bundan əvvəl görülən işlər bu gün üçün qüvvədə deyil. O zaman məlum olacaq ki, universitetlərdə hansı söhbətlər aparılacaq. Müəyyən istiqamətlər üzrə mühazirələr olacaq. Həmçinin bunu orta məktəbdə yuxarı siniflər arasında göstərməliyik. Ailə necə olmalıdır? Ailə haqqında məlumatlar verilməlidir. Cavan nəslə ailə dəyərlərini öyrətmək lazımdır. Ailəni düzgün qurmaq üçün yön vermək lazımdır. Mütləq şəkildə fəaliyyət proqramı hazırlamaq lazımdır. Boşanmaların göstəricisi hələ bu qədərdir. Düşünün ki, nə qədər rəsmi nikahsız dünyaya uşaq gətirənlər var. Bütün bunlar dəhşətli mənzərədir. Bu istiqamət üzrə gedən işləri qənaətbəxş hesab etmək mümkün deyil”.

Hüquq müdafiəçisi Samir Zeynalov vurğulayıb ki, boşanmalarda ən çox müşahidə edilən problem gənclərin müstəqil olmamasıdır:

“Həmçinin əsas səbəblərdən biri ailələrin lazımsız yerə müdaxilələridir. Digər səbəb isə erkən nikahdır. Erkən nikahların sonu faciələrlə nəticələnir. İcraatımda olan işlərin çoxu 15-17 yaşlı qızların ərə verilməsidir. Artıq ölkəmizdə ailə institutu sıradan çıxıb. İnsanlar daha çox maddi maraqlar naminə ailə həyatı qururlar. Qadınların nöqteyi-nəzərindən yanaşsaq, görərik ki, valideynləri tərəfindən evləndirilib, elə onlar tərəfdən də boşanmağa məcbur edilirlər. Nəticədə məhkəmələrdə əmlak bölgüsü daha çox qabardılır. Bu da onu göstərir ki, ailə dəyərlərimiz sıradan çıxıb. Son 3 ildə boşanmaların sayı sürətlə artmağa davam edir”.

S.Zeynalov əlavə edib ki, günə hər bir hakim 6-7 boşanma prosesinə baxır:

“Boşanmalarda ən çox günahkar valideynlərdir. Hətta deyərdim ki, xanımların analarının mövqeyi daha çoxdur. Boşanan hər bir qızın arxasında anası dayanır. Sırf əmlaka görə düşmən olurlar. Çox vaxtı barışma ehtimalları sıfıra düşür. Hüquq müdafiəçisi olaraq ilk gündən mediasiya tətbiqini qınamışam. Bu proses məcburi xarakter daşımalı deyil. Evlilikdən öncə hər hansı psixoloji xidmət yaratmaq mümkündür. Müəyyən qurumlar buna nəzarət edə bilər. Son 3 ildə boşanmaların əsas səbəbləri maddi vəziyyət yox, valideynlərin təzyiqidir. Qısası, bu gün insanlar bir-biri ilə uzunmüddətli evlilik üçün araya gəlmirlər. Sadəcə öz rahatlıqları üçün ailə qururlar. Gənclər maddi maraqlar üçün yox, mənəvi dəyərlər üçün ailə qurmalıdır. Nikahdan öncə xidmət yaradılsa, o zaman insanlar qeyri-rəsmi münasibətdə olacaqlar. Ölkəmizdə də bu say az deyil”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.



Xəbəri paylaş

2838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___