Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Park Qusar”da 4 nəfəri kül edən yanğının səbəbi: “Gecə saat üç olardı...” - Mərhum Rüstəmin anası - FOTO
Tarix: 14-02-2023 | Saat: 14:41
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" istiharət mərkəzində yanğın olması barədə məlumat vermişdik.

Hadisə nəticəsində 4 nəfər - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov yanaraq ölüb.

Yanğın zamanı 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Teleqraf.com-un əməkdaşı mərhum Rüstəm Dadaşovun ailəsində olub.

İki ailənin ocağını söndürən hadisə iki mərtəbəli kotecdə baş verib. Rüstəmin anası Olqa Dadaşova yanvarın 20-si istirahət məqsədilə 10 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə "Park Qusar" otelə getdiklərini deyir: "Gecə saat üç olardı. Yatan yatmışdı, qalan da öz otağına çəkilmişdi. Rüstəmin qaynanası Larisa ilə birinci mərtəbədə eyni otaqda qalmışdım. Rüstəmin oğlu Emil də zalda odun sobası (kamin) ilə üzbəüz yatmışdı. O, gecə yuxudan oyanıb görüb ki, tavan yanır. Nəvəm qaça-qaça gəlib bizi oyatdı ki, yanğın var.

Kotecin ikinci mərtəbəsində bir otaqda Rüstəmlə Natalya və qızları Kamilla, bir otaqda mərhumlar Eminlə Zülfiyyə və oğulları Rauf, başqa bir otaqda da Natalyanın qardaşı Denis qalırdılar. Olqa pilləkənlərlə yuxarı qalxmaq istəsə də alov, tüstü imkan vermədi. Qışqırdıq, Rüstəmi çağırdıq...

Gördük ki, yanğın aşağı doğru irəliləyir, məcbur çölə çıxdıq. Havası çatmadığı üçün qaldığı otağın pəncərəsini açan Emil də özünü birinci mərtəbədən aşağı atmışdı".

İkinci mərtəbədə nə baş verib?

Olqa Dadaşova gəlini Natalyanın hadisə zamanı səs-küyə oyandığını deyir: "Kotec dağın ətəyində olduğu üçün pəncərə də dağ tərəfə düşür. Natalya Rüstəmi nə qədər çağırsa da, səs verməyib. O birinci qızını, sonra da özünü pəncərədən çölə atıb.

Denis də deyir ki, yataq otağında uzanıb telefona baxırmış. Səs-küy eşidib. Otağın qapısını açan kimi alov onun üzünə vurub və o, yerə yıxılıb. Denisin üzü, sinəsi, qolları yana-yana sürünərək otağındakı balaca eyvandan özünü aşağı atıb".

Yanğına səbəb...

Sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə belə rəylər var ki, guya onlar içkili olublar, odun sobası (kamin) nəzarətsiz qalıb və sair. Müsahibimiz bu deyilənləri israrla təkzib edir: "Belə şey olmayıb. Həmin gün təkcə yerləşdiyimiz oteldə oturub qalmamışıq. Başqa restoranlara, istirahət və əyləncə mərkəzlərinə da getmişdik. Planlaşdırılmışdı ki, sabah da Qusarın başqa görməli yerlərinə gedək. Maşınları da idarə edənlər Eminlə Rüstəm idi. Əgər deyilən kimi olsaydı, onlar səhər yola necə çıxardılar?! Bu, anormal yanaşmadır. Onlar içkili olmayıblar.

Orada qaldığımız gecə saat 2-yə qədər oturub söhbət etdik, sonra sobanı söndürüb yatmağa getdik. Deyirlər ki, yanğına səbəb kamindən düşən köz olub. Əgər deyilən kimi olsaydı, onda yanğın niyə pərdələrdən yox, tavandan, birinci mərtəbədən deyil, ikinci mərtəbədən başlayıb?

İlk dəfə deyil ki, harasa istirahətə gedirik. Qışda iki-üç dəfə, yayda daha çox yerlərə dincəlməyə getmişik. Necə oldu ki, burada başımıza belə hadisə gəldi?..

Otelə daxil olduğumuz gün kombidə problem yaşandı. Otel personalı başqa kotecdən istilik sistemi çəkdi, yoxsa başqa kombimi quraşdırdı, bilmirəm, otaqları çətinliklə qızdırdılar. Yanğın birinci mərtəbədən başlamayıb. Taxta konstruksiyalı kotec bir anda alışdı...

Kamin yanılı olsa belə, orada yanğın barədə bildirişlərin avtomatik xəbərini verən siqnalizasiya qurğuları olmalıydı, olmaqdan əlavə də işləməliydi. Bu sistem oteldə yox idi. Birinci gün "Qusar Park"ın nümayəndəsi üzrxahlıq etməyə gəlmişdi. İradımızı onlara da bildirdik. Heç olmasa, gözətçilər olan otağa qədər daxili siqnalizasiya quraşdırardılar..."

Olqa Dadaşova hələ də gəlini Natalya və qardaşı Denisin reanimasiyada olduğunu bildirib: "Gəlinimin səhhəti əvvəlki günə nisbətən yaxşı idi. Amma son iki gündür halı pisləşdi. Ciyərləri zədələnib, rahat nəfəs ala bilmirdi, baş-beyin travması alıb.

Natalya olub bitənləri təzəlikcə bildi. Onun halı pisləşdi, həkim müdaxilə etdi.

Bu faciədən sağ qalanların hamısı zədəlidir. Nəvələrim çox xəsarət almayıblar, amma travma yaşayıblar. Çalışırıq məktəbdən qalmasınlar. Bu faciədən bir həftə sonra, yanvarın 29-da Kamillanın 7 yaşı tamam oldu".

Olqa Dadaşova deyir ki, oğlunun üçündə "Park Qusar" otelinin nümayəndələri də iştirak ediblər: "Denis 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində müalicə olunurdu. Sonra onu da bacısının müalicə olunduğu "Baku Medical Plaza"ya köçürdülər. Xəstəxana xərclərini də otel öz üzərinə götürüb".

Gözüyaşlı ana hadisə ilə bağlı Qusar rayon prokurorluğunda cinayət işinin açıldığını deyir. O, məhkəmə prosesinin gedib-getmədiyindən məlumatsızdır.

"İki azyaşlı uşaq atasız qaldı, bir ailə isə tamamilə məhv oldu. Uşaqların anası 6 aylıq müqaviləylə SOCAR-da işləyir. Reanimasiyadan çıxmadan Natalyanın həyata adaptasiya olması, nə dərəcədə əmək qabiliyyətli olacağını demək mümkün deyil. Hər şey qaydasında getməsə, bu uşaqlara kim baxar, necə olar? Hər gün dua edirəm ki, uşaqların anası xəstəxanadan sağ çıxsın, əlil kimi qayıtmasın... Bir tərəfdə Kamillanın anası ağlayır, digər tərəfdə mən... Bu, faciədir. Hələ də şokdayıq. Həyat yoldaşım Ənvər də ötən il yanvarın 4-də rəhmətə gedib, oğlum da bu il yanvarın 22-də...", -deyə Olqa Dadaşova bildirib.

Natalyanın anası Larisa Repina deyir ki, nəvələri ataların yoxluğunu qəbullana bilmir: "Emil bacısına deyir ki, atamız olmayacaq. Kamilla da cavab verir ki, yanğınsöndürənlər danışanda dedilər ki, ölən yoxdur. Sənə inanım, yoxsa yanğınsöndürən əmilərə?!

Axşam Kamilla atasının neçə yaşı olacağını soruşdu. Dedim ki, onun 50 yaşı olacaqdı. Sual verir ki, niyə olacaqdı deyirsən.

Eyvanda Rüstəmin kompüter masası vardı, bütün işlərini orada görərdi. Nəvələrimin dostları evə gələndə bu masanın kimin olduğunu soruşublar. Emil də deyib ki, burada atam işləyirdi. Kamilla atası haqda keçmiş zamanda danışmağı qəbullanmır. Etiraz edir ki, niyə "işləyirdi" deyirsiniz".

Anası kədər içərisində Rüstəmin çox yaxşı oğul olduğunu deyir: "O, heç kəslə dava etməzdi. Bütün dostları, qonşular onun üçün çox üzüldü. Neçə ildir ailəli idi, amma bir dəfə də söz-söhbətlərini eşitmədim. Rüstəm Birinci Qarabağ əlilidir. O, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Mərhum Emin Babayevlə ailəvi dost idik. Onun həyat yoldaşı Zülfiyyə ilə Natalya qrup yoldaşı olub. Universiteti bitirdikdən sonra da əlaqələrini kəsməyiblər. Eminin oğlu Rauf ötən il 670 balla universitetə qəbul olmuşdu.

Yanvarın 22-si səhər tezdən oteldən çıxmağı planlaşdırmışdıq... Döndük, amma hər şey yarımçıq qaldı..."

Olqa Dadaşova hadisə baş verən gecə onlara yardım edənlərə təşəkkür etməyi də unutmadı: "Qusar rayonunun tibbi personalı çox effektiv işlər aparırdılar. Onlar Natalya, uşaqlarla, elə də bizimlə çox dərindən maraqlandılar. Yanğından sağ qalanlar çölə otel başmağında, gecə geyimində çıxmışdı. Ətraf koteclərdən yardıma gələn insanlar bizə öz paltarlarını verdilər. Onların hər birinə təşəkkürümüzü bildiririk".


Məqaləyə dair fotomateriallar:





Xəbəri paylaş

1708 dəfə oxunub.

Digər xəbərlər
18-05-2015, 12:12 5 yaşlı uşaq tok vurdu

bütün xəbərlər
____ Instagram ___