Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qoynuna tələsdiyim Qarabağ...
Tarix: 12-06-2016 | Saat: 18:27
Bölmə:Karusel / Foto-fakt / Müsahibə / Qarabağdan xəbər var | çapa göndər

Qoynuna tələsdiyim Qarabağ...
Bitib tükənmir ki, bu həsrət...

Hər gün Böyük Yaradana şükranlıq duası edirəm. Çünki bu gözəl həyata məni də bəxş edib. Necə ki, səmavi kitabda deyilir: “İnsan Yer üzünün ən gözəl əşrəfidi”. Elə bu gözəlliyi də mənə nəsib etdiyi üçün Allahıma şükürlər olsun!
Ona da şükranlıq edirəm ki, cənnətməkan Qarabağa budəfəki səfərim də baş tutdu. Çox təəssüf ki, qart yağılar Qarabağa neçə illərdi od vurub odlayır. Sinəsi dağlanıb Qarabağımızın, köksündən hələ də qan axır bu cənnətməkanın. Çox çətindir bu cümlələri yazmaq; ürək ağrısı keçirirəm Qarabağın bu ağır dərdini qələmə alanda.
Mənfur düşmən Azərbaycanın iyirmi faizdən çox torpağını işğal edib, ellərimizi-obalarımızı talayıb. Cəllad yağılar Qarabağı qan çanağına döndəriblər. Qarabağ yarası, Qarabağ dərdi ürəyimizi yandırır, köksümüzü göynədir. İlahi, görəsən, Qarabağ adlı yaramız nə vaxtsa sağalacaqmı? Qəlbi sındırılmış, köksü dağlanmış Qarabağımızın ürəyindən axan qan nə vaxtsa dayanacaqmı? Düşmən tapdağında əzilən ata-baba torpaqlarımız əsarətdən azad olunmayınca ürəyimizin rahatlıq, ruhumuzun sakitlik tapmayacağı bəllidir.


2014-cü ilin 18 iyulunda, şənbə günü Qarabağa növbəti bir səfərim də reallaşdı. Saat 17:45-də yaşadığım evin həyətindən taksiyə əyləşib avtovağzala yollandım. Saat 18:00-da avtovağzaldan Tərtərə yola düşən avtobusa əyləşdim, 18:30-da avtobus birbaşa Tərtərə yol aldı. Gedəcəyim uzun yol gözümə dayanmışdı. Amma mənimlə yanaşı əyləşən Sevil adlı xanım çox maraqlı söhbəti ilə məni darıxmağa qoymadı. Sevil xanım Ucarda mənimlə sağollaşaraq avtobusu tərk etdi; çünki yaşadığı evə çatmışdı. Vaxtımın boş keçməməsi üçün böyük Cəlaləddin Ruminin yaradıcılığını əks etdirən “Eşq pərvanəsi” kitabını əlimə alıb oxumağa başladım. Mövlanənin yazdıqlarını oxuyanda həqiqətən insanın ruhu dincəlir, mənəviyyatı zənginləşir, ürəyi saflaşır. Ruhu şad olsun bu dahi şəxsiyyətin!
Nəhayət, gecə saat 23:30-da avtobus Tərtər avtovağzalına çatdı. Maşına əyləşib qalacağım ünvana getdim. Bilmirəm nədənsə, həmin gecə gözlərimə yuxu getmədi. Elə bil ki, hansısa narahatlıq sıxırdı məni. Qeyd edim ki, Tərtərə etdiyim hər bir səfərimdə Ana vətənimizi düşməndən qoruyan igid əsgərlərimizlə görüşmüşəm. Səhər görəcəyim işləri düşündükcə, o görüşlər gəldi gözlərimin qarşısına. Təbii ki, yenə də Vətən, torpaq arzusu və istəyi ilə gəlmişdim Tərtərə - əsgərlərin görüşünə. Uca Tanrıya şükür olsun ki, bu istəyim yenə də baş tutdu. Əlbəttə, cəbhə xəttində, səngərdə vətəncanlı əsgərlərlə görüşmək mənim üçün çox böyük səadətdir.

19 iyul 14:45-də Tərtərin Eloğlu kəndində Hüseynovlar ailəsinin qonağı oldum. Bu kəndə Tərtərin mərkəzindən maşınla 30 dəqiqəyə çatdım. Kəndin yolu çox narahat idi. Çünki sovet dönəmində çəkilən bu yol öz keyfiyyətini çoxdan itirib. Çox narahatlıqla olsa da, gedəcəyim evə çatdım. Bir saata yaxın bu evdə oldum, ailə üzvləri ilə söhbət etdim. Nəhayət, ailə üzvləri ilə sağollaşıb yenidən bu tozlu, çala-çuxur, daş-kəsəkli yol ilə Tərtərə-işlərimin arxasınca qayıtdım.
Onu da söyləyim ki, çox narahat yolu olan bu kəndin də rəhbər işçiləri var axı. Yəqin ki, onlar da bu kələkötür, tozlu-torpaqlı yol ilə hərəkət edirlər və bütün reallığı, çatışmazlığı öz gözləri ilə görürlər. Kənd əhalisinin bu yollarda hansı əziyyət çəkməsi artıq hər kəsə bəllidir. Təəssüf ki, əksər rayonlarda bir çox kəndlərin yolu belə bərbad gündədir. Çünki cəbhə bölgəsinə ana vətənimizi qoruyan əsgərlərimizin ziyarətinə getdiyim üçün belə yararsız yollarla tez-tez rastlaşıram və məcburiyyət qarşısında bu yararsız yollardan istifadə edirəm. Yəqin ki, əlaqədar təşkilatlar, bu işdə cavabdeh olan məsul şəxslər, belə ciddi məsələlərlə bağlı lazımi tədbir görəcəklər. Əlbəttə, müsbət istiqamətdə görülən hər bir iş Azərbaycan vətəndaşlarının xoş rifahı deməkdir. Belə bir dəyərli fikir var; “Yol mədəniyyətdir; mədəniyyət yoldan başlayır”.

Nə isə... 16:45-də Evoğlu kəndindən çıxdim, yenidən Tərtərə qayıtdım. Tərtərdəki H.Əliyev adına möhtəşəm parkda Tərtər sakinləri ilə bir qədər söhbət etdim. Sakinlər bu parka övladları, doğmaları ilə istirahət etməyə gəlirlər. Həqiqətən bu park çox gözəldir. Park başdan-başa yaşıllığa və çiçəklərə bürünüb, parkın bir tərəfində çay axır, bir tərəfində isə şəlalənin gözəlliyi göz oxşayır. Təbii ki, bunlar da parka xüsusi gözəllik verir. Tərtər sakinləri və parka gələn qonaqlar bu gözəllikdən çox razı görünürlər. Parkda ən çox sevinən körpə, fidan balalar idi. Sözsüz ki, əhalinin sosial rifahı nə qədər yaxşı olarsa, çox gözəl olar və sakinlər də görülən işdən razı qalarlar.
Yeri gəlmişkən, Tərtərə gecə saat 23:30-da çatdım. Gecənin qaranlığında şəhər çox gözəl görünürdü. Məni qarşılayan müəllimdən xahiş etdim ki, şəhəri bir neçə saat gəzib dolanmaq istəyirəm, daha yaxından tanış olmaq üçün. Çox sağ olsun ki, müəllim də sözümü yerə salmadı. Tərtərlə yenidən tanışlığım H.Əliyev adına parkdan başladı. Bu gözəl parkla bağlı artıq oxuculara bir qədər məlumat verdim. Gecə saat 4 tamama kimi şəhərin bir çox yerlərinə getdim. Onun da şahidi oldum ki, Tərtərdə böyük quruculuq və abadlıq işləri görülür.

Gecənin o saatında rayon ərazisində gəzərkən bir məsələ diqqətimi daha çox cəlb etdi. Tərtərin bir çox küçələrində və prospektində olarkən, gecənin bu saatında ayrı-ayrı sahələrdə çalışan bir çox yüksək vəzifəli şəxslərlə rastlaşdım. Mənə bələdçilik edən müəllim bu rəhbər işçilərlə məni də tanış etdi. Qeyd edim ki, hər ay cəbhə bölgələrinə səfər edirəm, amma ilk dəfə idi ki, belə bir xoşa gələn vəziyyətlə rastlaşırdım. Hətta rayondakı dövlət orqanlarının və müəssisələrinin, eləcə də mühüm obyektlərin keşiyini çəkən polis əməkdaşlarının bir neçə yüksək vəzifəli şəxsləri də gecə saat 2-də iş başında idilər. Gecə saat 3-də Tərtər rayon İcra Hakimiyyətinin məsul vəzifəli işçiləri ilə də qarşılaşdım. Onlarla söhbətimdə əmin oldum ki, hətta rayonun bir müddət əvvəl təyin olunmuş rəhbəri də gecənin bu vaxtı, şəxsən özü rayonda görülən bir çox işlərə nəzarət edir. Belə ki, əhalinin sosial rifahı naminə görülən hər bir müsbətyönlü iş rayon rəhbərinin nəzarəti altındadır.
Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov gecənin o saatında rayonun mərkəzi küçələrinə və prospektinə baş çəkir, rayonda görülən işlərlə şəxsən özü maraqlanır. İcra Hakimiyyətinin məsul işçisindən soruşdum ki, nə yaxşı rayonun işra başçısı gecənin bu vaxtı görülən işlərə özü nəzarət edir. Onun cavabı isə belə oldu: “Xatirə xanım, Tərtər düşmənlə təmas xəttində olan rayondur. Belə olan halda, hər bir rəhbər işçi daha çox diqqətli olmalıdır. Ona görə də rayonun bütün rəhbər işçiləri öz işlərində ciddi məsuliyyət hiss edirlər. Çünki düşmənə heç zaman inam, etibar etmək olmaz. Tərtər və onun əhalisi Qarabağ müharibəsi zamanı da düşmənə qarşı mərd-mərdanə dayandı, yağı düşmən Tərtərə ayaq qoya bilmədi. Çünki Tərtər əhalisi hər zaman ayıq-sayıqdır.”
Tərtər rayonunun rəhbər işçilərinin bu gərgin əməyi və bu dəyərli işi həqiqətən alqışlanmalıdır. Elə bu baxımdan da, Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədovun işi bir çox rəhbər şəxslərə örnək ola bilər.

Çox şad oldum ki, iyulun 19-da, şənbə günü 10:45-də şəhid Ədalət Paşayevin ailə üzvləri ilə görüşdüm, şəhidin ailə üzvləri yaşayan evdə oldum. Şəhid Ədalət Paşayev Qarabağ döyüşlərindəki xidmətlərinə görə ölkə prezidenti H.Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onun bir oğlu, bir qızı, dörd nəvəsi var. Şəhidin həyat yoldaşı Şura Əliyeva 1994-cü ildən Ağdərənin İcra nümayəndəsi vəzifəsində çalışır.
Ədalət Paşayev 1992-ci il avqustun 21-də Ağdərənin Drambom kəndində düşmənin snayper gülləsinə tuş gəlib. Şəhid Ə.Paşayev beş gün Bakıda Hospitalda müalicə alıb, avqustun 26-da müalicə olunduğu tibb müəssisəsində aldığı yaralardan gözlərini əbədilik yumub. O, avqustun 27-də, Tərtərdə Şəhidlər Xiyabanında dəfn olunub. Ə. Paşayevin qardaşı Qubadlı rayon Polis İdarəsinin rəisi olmuş Evarist Paşayev də Qarabağ döyüşlərində iştirak edib və şəhid olub. O isə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin digər qardaşı İlham Paşayev də Qarabağ müharibəsində fədakarlıq göstərib, ağır yaralanıb. Hazırda ikinci qrup Qarabağ əlilidir. Bu şəhid qardaşların bacısı Məhəbbət Paşayeva da Qarabağ Müharibəsi iştirakçısıdır. Şəhid qardaşların atası Sabir Paşayev bu ağrı-acıya dözməyərək haqq dünyasına qovuşub.

Ürəyimi ağrıdan bir məqamı söyləmək istəyirəm. Şəhid Ədalət Paşayev yaralananda cibində olan dəftər snayper gülləsindən deşik-deşik olub. Bu dəftərdə komandir kimi onun bəzi qeydləri var. Dəftər şəhidin qanına boyanıb. Dəftəri varaqlayıb baxdıqca çox kövrəldim.
20 iyul 19:15-də Naftalana getdim. Şura xanım, nəvəsi Fidan, sürücü Zaur və mən 20:45-də Naftalanın Qasımbəyli kəndinə çatdıq. “Böyrək bulağı” adlanan ərazidə fermer təsərrüfatının rəhbəri, Laçından məcburi köçkün olan Adil Süleymanovun qonağı olduq, fermaya baş çəkdik. A. Süleymanov iki oğul, bir qız atasıdır, oğlunun biri zabitdir, ana vətəni qoruyur. Laçının işğalından sonra doğma yurd-yuvalarından, ata-baba torpaqlarından didərgin düşmüş Süleymanov ailəsinin üzvləri ilə bir neçə saatlıq söhbətdən sonra axşam saat 23:45-dəqiqədə Tərtərə qayıtdıq.

İyulun 21-də, saat 12:20-də Tərtər rayon İcra Hakimiyyətində oldum. İcra başçısının köməkçisi Camal Orucov ilə görüşüb söhbət etdim. C.Orucov 15:30-da icra başçısı ilə görüşə biləcəyimi dedi. Elə həmin vaxtda da Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məni qəbul etdi. Rayonda aparılan abadlıq-quruculuq işləri ilə bağlı bir qədər söhbət etdik. Saat 16:00-da İcra Hakimiyyətindən çixib evə getdim.
Həmin gün 17:00-da N saylı hərbi hissənin zabit və əsgərləri ilə görüşdüm. Ana vətənin keşiyini çəkən cəsur əsgərlərimizdə çox yüksək vətənpərvərlik hissi gördüm. Ön cəbhədə Vətəni qoruyan əsgərlərimizə vətənpərvərlik ruhunda qələmə aldığım bir çox şeirləri yüksək əhval-ruhiyyə ilə söylədim. Görüş başa çatdıqdan sonra qəhrəman, vətəncanlı əsgərlərlə xatirə şəkilləri çəkdirdik və sağollaşıb onlardan ayrıldım. Bəli, Azərbaycan torpaqlarını cəsur, mərd və hünərli oğullar qoruyur. Var olsun Milli Ordumuzun qəhrəman, vüqarlı, dəyanətli, Mübariz ruhlu əsgərləri!

22 iyul, saat 12:20-də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon Şöbəsinin sədri Yusifov Suludin Bəhmən oğlunun evində qonaq oldum. İkinci qrup Qarabağ Müharibəsi əlili olan bu igid döyüşçü 1964-cü il fevralın 1-də Tərtər rayonunun Səhləbad kəndində dünyaya göz açıb. Qarabağ uğrundakı döyüşlərdə göstərdiyi böyük şücaətə görə adı dillər əzbəri olan bu qəhrəman döyüşçünün ailə üzvləri ilə ikinci dəfə idi ki, görüşürdüm. Suludin Yusifovun Əsmər adlı qızı, Polad adlı oğlu var. O, övladlarını da Vətənpərvərlik ruhunda böyüdür. Şərəfli döyüş yolu keçmiş S. Yusifovun həyat yoldaşı Kəmalə xanım körpə balaların təlim-tərbiyəsi ilə məşğul olur, körpələr evi - uşaq bağçasının müdiridir. Kəmalə xanımın anası Roza xanım da nəvələrinin Vətənpərvərlik ruhunda böyümələri üçün əlindən gələn bacarığını əsirgəmir. Roza xanım çox mehribandır, nəvələrinə böyük sevgi və qayğı ilə yanaşır.
Onu da qeyd edim ki, yaxın vaxtda Qarabağ uğrundakı döyüşlərdə böyük şücaət göstərmiş Suludin Yusifovla bağlı geniş yazı ilə mətbuatda çıxış edəcəyəm. Qələmə alacağım yazıda bu igid döyüşçünün yaşadığı şərəfli həyat yolundan söhbət açacağam.

23 iyul saat 20:00-da Suludin Yusifovun ailə üzvləri ilə sağollaşıb birbaşa Ağdama-Quzanlıya yol aldım. Əyləşdiyim maşın 20:30-da Quzanlıya çatdı. Ağdamın Mərzili kəndindən olan məcburi köçkün Səfərovlar ailəsinin qonağı oldum. Məcburi köçkün Əzizə Səfərova 6 qız, 1 oğul anasıdır. Oğlu Mübarizin ailə üzvləri də çox qonaqpərvərdilər. Bu ailə Quzanlıda Qasımbəyli köçkün şəhərçiyində yaşayır. Halal zəhmətilə dolanır, Vətən, torpaq, el-oba sevgisilə yaşayır bu ailə. Mübariz Səfərovun 18 yaşlı oğlu Heydər və 17 yaşlı qızı Elnaz da ata-baba yurdları Mərzili kəndini görmək arzusu ilə yaşayırlar. Qarabağ müharibəsi veteranı Suludin Yusifovun ailəsində olduğu kimi bu ailənin üzvlərində də yüksək Vətənpərvərlik ruhu var.
İnanıram ki, doğma yurd-yuvalarından, el-obalarından didərgin düşən bu insanlar nə vaxtsa öz ata-baba torpaqlarına, qayıdacaqlar. İşğaldakı torpaqlarımız nankor yağıların əsarətindən tezliklə azad olunacaq.
Quzanlıya gəldiyim gün 23 iyul-Ağdamın düşmənlər tərəfindən işğal olunduğu gün idi. Bu gün mənim üçün də çox ağrılı tarixdir, çox ağrılı gündür. Çox təəssüf ki, bu acı həqiqət reallıqdır. Həmin gün bir neçə Ağdam ziyalısı ilə birlikdə Quzanlıdakı Şəhidlər Kompleksini də ziyarət etdim.
24 iyul, 16:20-də evdən çıxdım, 16:40-da Ağdam rayon İcra Hakimiyyətində oldum. 17:30-da isə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalovla görüşdüm. Saat 18:00-da Ağdam rayon İcra Hakimiyyətindən çıxdım, Quzanlıdakı Ağdam Şəhidlər Kompleksinə gəldim, eləcə də Sultanbud təpəsi yaxınlığındakı Bayraq Meydanını ziyarət etdim. Ağdamdakı bu Bayraq Meydanı çox möhtəşəm görünür.
Ağdam Şəhidlər Kompleksində bir neçə ziyalı ilə də görüşüb söhbət etdim. Ağdam ziyalılarından Rahim Rzayevlə, Rasim Əliyevlə, Əməkdar Neftçi Əbülfət Tağıyevlə və Rahil Aydınoğlu ilə olan söhbətimiz başdan-başa vətənimizin düşdüyü bu çətinliklərdən və qarşılaşdığı ağrı-acılardan ibarət oldu. Söhbət əsnasında hər birimiz işğaldakı torpaqlarımızın azad olunacağına inandığımızı söylədik.

23 iyul 2014-cü ildə 21 il oldu ki, Ağdam düşmənlər tərəfindən işğal olunub. İlahi, insan öz yurd-yuvasından, el-obasından necə ayrı yaşaya bilər axı? Belə də ədalətsizlik olarmı? Bu millət nə qədər ağrı-acı çəkəcək, neçə illər öz ata-baba torpaqlarına həsrət qalacaqlar? Bu dərdi çəkmək həqiqətən çox ağırdır. Görəsən, Qarabağın qan ağlamayan günü olacaqmı? Başı-bəlalı Qarabağ... Azərbaycanın yüzlərlə oğulları şəhid olub bu torpaqda. Kaş ki, işğalda qalan torpaqlarımızı düşmən əsarətindən tez bir zamanda azad edə biləydik. Bəli, Azərbaycanın güclü və qüdrətli Milli Ordusu buna qadirdir.
Axşam saat 22:15-də qonağı olduğum Qasımbəyli köçkün şəhərciyinə gəldim.
25 iyul saat 11:20-də Səfərovlar ailəsinin üzvləri ilə sağollaşıb Çəmənli kəndindəki Seyid Lazım Ağanın Ziyarətgah Kompleksinə gəldim. Seyid Lazım Ağanın nəvəsi Seyid Yusif Ağa da burada idi. Seyid Yusif Ağa ilə bir qədər söhbət etdik. Həmişə olduğu kimi, Seyid Yusif Ağa yenə də mənə xeyr-dua verdi. Seyid Lazım Ağanı ziyarət etdim, sonra isə Seyid Yusif Ağa ilə sağollaşıb ana vətənimizi qoruyan əsgərlərimizin görüşünə getdim.
13:30-da Ziyarətgahı tərk etdim, əsgərlərin görüşünə getməmişdən əvvəl isə Laçından didərgin düşmüş qaçqın, köçkün ailələrə baş çəkdim. Belə ki, yolüstü Səfərli kəndi ilə Üçoğlan kəndi ərazisində yerləşən, fermada məskunlaşan bir neçə qaçqın-köçkün ailənin qonağı oldum. Bu fermada Laçının Narışlar kəndindən didərgin düşmüş doqquz ailə, Şuşadan isə bir köçkün ailə yaşayır. Bu ailələr çox dözülməz, heç bir kommunal şəraiti olmayan daxmalarda yaşayırlar.
Laçından olan köçkün Quliyev Şofer Baxış oğlunun ailəsi də 21 ildir ki, bu fermada məskunlaşıb. Bu ailənin yaşayış tərzi həqiqətən çox ağırdır. Həm kommunal, həm də sosial-iqtisadi baxımdan bu ailənin üzvləri çox böyük əziyyət çəkirlər. Ş.Quliyevin ailəsi Laçının Narışlar kəndindən Ağdamın Səfərli kəndinə pənah gətirib. Bu ağsaqqalın beş qızı, üç oğlu, on iki nəvəsi var. Nəvələrinin yeddisi qız, beşi isə oğlandır. Yurd-yuvasından məcburi köçkün düşmüş Ş.Quliyev, eləcə də oğlu İlham II qrup əlildirlər. Bu ailənin başçısı Ş.Quliyev 15 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir. O, 1944-cü ildə Laçının Narışlar kəndində dünyaya göz açıb. Şəkər, bronxit, damar genişlənməsi xəstəliyinə düçar olub.
Bu fermada Şuşadan didərgin düşmüş Təzəgül Qəhrəmanova da üç övladı ilə birlikdə yaşayır. T. Qəhrəmanovanın 2 oğlu və 1 qızı var. Oğlunun biri ruhi xəstədi. Bu ailə də sosial-iqtisadi baxımdan çox ağır və çətin vəziyyətlə üz-üzə qalıb. Laçından perik düşən, qaçqınlıq və köçkünlük həyatı yaşayan Quliyev Həbib Duman oğlu da 4 nəfər ailə üzvü ilə birgə çox böyük çətinliklərlə bu fermada yaşayır.

Mən bu 10 ailənin yaşayış tərzini öz gözlərimlə gördüm. Doğma yurd-yuvalarından, torpaqlarından qaçqın, köçkün düşmüş bu insanlar məskunlaşdıqları mal fermasında doğrudan da çox ağır bir durumda ömür sürərək yaşayırlar. Əgər buna həyatda yaşamaq demək mümkündürsə. İnsan mal fermasında yaşayarmı?
Yağı düşmənin el-obasından perik saldığı bu 10 ailənin günü-güzəranı hələ də bir vətəndaş kimi kövrək şair ürəyimi göynədir. Bu insanların o ağır yaşayış tərzini görəndə insanın ürəyi bu ağrı-acıya tab gətirmir. Gərək nə qədər daş ürəkli olasan ki, bu insanların çəkdikləri bu qədər əzab-əziyyətə dözəsən. Məlum Qarabağ hadisələri ilə bağlı ata-baba torpağından, yurdundan və isti ocağından didərgin düşmüş Azərbaycan vətəndaşlarının bu ağır yaşam tərzi mal fermasında çox dözülməz və acınacaqlıdır.
Dahi şair Mirzə Ələkbər Sabir necə də gözəl deyib:
“Daş qəlbli bu insanları neylərdin İlahi?
Bizdə bu soyuq qanları neylərdin İlahi?

Kaş ki, Ağdamın Səfərli kəndindəki mal fermasında məskunlaşan Laçından və Şuşadan didərgin düşmüş bu 10 ailənin səsinə səs, harayına haray verən olaydı. İnanıram ki, aidiyyəti icra strukturları bu insanların taleyinə biganə yanaşmayacaqlar. Bu ailələr də Azərbaycan dövlətinin məcburi qaçqın və köçkünlər üçün saldığı qaçqın şəhərciyində mənzillə təmin olunacaqlar. Çünki Azərbaycan dövləti məcburi qaçqın və köçkün ailələrə diqqət və qayğı göstərir. Belə ki, işğal olunmuş ərazilərdən qaçqın və köçkün düşən vərtəndaşlarımızı dövlətimiz, hökumətimiz mənzillərlə təmin edir.
İyulun 25-də saat 15:30-da fermada məskunlaşmış qaçqın və məcburi köçkün olan, yurd-yuvasından didərgin düşən ailələrlə sağollaşıb birbaşa cəbhə xəttinə- əsgərlərin ziyarətinə getdim. 16:30-da hərbi hissəyə çatdım. Şair-publisist kimi ana vətənimizi qoruyan qəhrəman əsgərlərlə çox gözəl görüşüm oldu. Onun da şahidi oldum ki, Vətəni qoruyan, üçrəngli bayrağımızın keşiyini çəkən əsgərlərdə vətənpərvərlik ruhu həqiqətən çox yüksəkdir. Elə vətənə olan böyük sevgiyə görə də, düşmənlə təmas xəttində bu igid oğullar Vətəni, torpağı qoruyurlar.
Etiraf edim ki, cəbhə bölgəsində, düşmənlə ön xəttdə vətəni qoruyan zabit və əsgərlərin qarşısında şair-jurnalist kimi çıxış etmək, şeir söyləmək mənim üçün həm məsuliyyətdir, həm də böyük fəxarətdir. Vətənpərvərlik ruhunda qələmə aldığım şeirlərimdən bir neçəsini qəhrəman əsgərlərimizin qarşısında söylədim və onların üzündə sevinc, təbəssüm gördüm. İgid əsgərlərimizə bir neçə sevgi şeiri də hədiyyə etdim. Eləcə də əsgərlərlə vətənpərvərlik ruhunda da söhbət etdik. Azərbaycan əsgərlərində vətənə böyük sevgi gördüm, zabitlərin və əsgərlərin ürəyində Vətənə, torpağa olan məhəbbətin, sevginin bir daha şahidi oldum və buna çox sevindim. Nə xoş ki, fədakar, Mübariz ruhlu əsgərlərimiz hər zaman ayıq-sayıqdı, ana vətənimizi göz bəbəyi kimi qoruyurlar.
Cəbhə xəttində vətənin keşiyində dayanan əsgərlərlə bu görüşüm Ramazan ayında-Orucluq bayramında oldu. Azərbaycan əsgərlərinin qarşısında şair-jurnalist kimi çıxış etdiyim üçün Böyük Allaha şükranlıq edirəm və çox sevinirəm.
Əsgərlər düşmənlə ön cəbhədə torpağı, vətəni qorumağın çox şərəfli olduğunu söylədilər. Zabitlər və əsgərlər bununla qürur duyduqlarını dilə gətirdilər. Buna mən də çox şad oldum.
O gün gəlsin ki, işğaldakı torpaqlarımızı yağı düşmənin əsarətindən azad edək. Bu möhtəşəm QƏLƏBƏ GÜNü olacaq! Azərbaycan xalqının dayağı Allah-Təala olsun!

P.S. Beləliklə, Qarabağa növbəti səfərimin biri də beləcə, xoş xatirələrlə başa çatdı. 2014-cü ilin 25 iyulunda saat 18:30-da əsgər və zabit heyəti ilə sağollaşıb onlardan ayrıldım. Saat 20:10-da Yevlax avtovağzalına çatdım. Çünki Ağdamda, Bərdədə və Tərtərdə Bakıya gedən avtobus yox idi, hamısı Bakıya yola düşmüşdü. 20:15-də Yevlax avtovağzalından Bakıya yollanan avtobusa əyləşdim. Gecə saat 00:40-da Bakı Avtovağzalına çatdım, taksiyə əyləşib yaşadığım evə gəldim. Saat 01:00-da evdə idim. Cəbhə bölgəsindən sağ-salamat gəldiyim üçün Allahıma dua etdim. Üç bacım intizarla yolumu gözləyirdi.
Nəhayət, çox sevdiyim Qarabağa bir səfərim də beləcə başa çatdı. Vətəni, torpağı göz-bəbəyi kimi qoruyan igid əsgərlərimizlə görüşməyi çox sevdiyim Allahım mənə bir daha nəsib edəydi. Azərbaycan əsgərləri ilə eyni sırada, eyni səngərdə dayanmaq mənim üçün çox böyük şərəfdi. Bir daha Allaha şükürlər olsun!
Xatirə Rəhimli,(Əziz)
Bakı-Tərtər-Quzanlı-
Çəmənli-Üçoğlan-Bakı

Qoynuna tələsdiyim Qarabağ...



1 0478 dəfə oxunub.

Digər xəbərlər
31-03-2018, 20:17 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___