Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Komitədən SOS! Kişilərin sayı arta, qadınların sayı azala bilər
Tarix: 16-10-2018 | Saat: 17:26
Bölmə:Karusel / Gündəm / Aktual | çapa göndər


#

"Qeyri-rəsmi statistikaya əsasən, Azərbaycanda hər 100 hamilə qadından 30-u abort etdirir. Sosioloqların fikrinə görə, əgər bu templə getsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması ilə bağlı proqnozlar real olmaya bilər".

Xeberaz .Az xəbər verir ki, bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

A.Veysəlovanın sözlərinə görə, 2050-ci ilədək əhali 12 milyona çatsa belə, selektiv abortlar nəticəsində ölkədə cins nisbətinin pozulması davam edərsə, əhalinin tərkibində qadınların sayı azala, kişilərin sayı arta bilər. Bu isə genefondumuza mənfi təsir etməklə onun pozulmasına səbəb olar.

Komitə rəsmisi deyib ki, bioloji normaya əsasən, doğulan hər 100 qıza 105-107 oğlan düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var və hər 100 qıza 114 oğlan düşür.

Bunun artıq demoqrafik problem olduğunu deyən A.Veysəlova qeyd edib ki, Azərbaycan qanunvericiliyi abortları qadağan etmir. Ölkədə abortların 6 həftəlik müddətə qədər ambulator şəraitdə, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionar müəssisələrdə aparılmasına icazə verilir:

"Amma hamiləlik 12 həftəni keçibsə, o zaman xüsusi sosial və tibbi göstərişlər olmalıdır, əks halda aborta icazə verilmir. Hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ailədə əsasən həyat yoldaşının, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi cəmiyyətdə gender balansının, eləcə də genefondun pozulmasına gətirib çıxara bilər".

Komitə rəsmisinin sözlərinə görə, statistikaya əsasən, Azərbaycanda abortların sayı hər il artır. 2003-cü ildə Azərbaycanda abort edənlərin sayı 16 912, 2010-cu ildə 26 801, 2016-cı ildə 34 569, 2017-ci ildə 37 618 qadın abort etdirib. Abortların çoxu yaşı 29-dək olan qadınların payına düşür:



"Azərbaycanda selektiv abortlarla bağlı statistikanın aparılması mümkün deyil. Ancaq yenidoğulan uşaqların nisbətinə əsaslanaraq, belə fikrə gəlmək olar ki, uşaqların cinsiyyətinə görə də abortlara yol verilir".

Hazırda abortların dünyada ən aktual problemlərdən biri olduğunu söyləyən A.Veysəlova qeyd edib ki, MDB ölkələri diri doğulan uşaqların kifayət qədər olmasına baxmayaraq, abortların sayına görə dünyada hələ yüksək yerdə qərarlaşıblar.

Onun sözlərinə görə, dünyada abortların 22 faizi inkişaf etmiş, 78 faizi isə inkişaf etməkdə olan ölkələrin payına düşür. İnkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində 182 milyon abort edilir.

Müasir dövrdə dünyada abortların 40 faizi qadınların öz arzusu, 25 faizi yaşayış və həyat tərzi göstəricilərinə gorə, 23 faizi sosial göstəricilərə görə, 12 faizi isə tibbi gostərişlərə görə edilir. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Bunun başlıca səbəbi qadınların riskli hesab edilən abortlara meyillənməsidir. Riskli abortlar adətən 12 həftəlik və daha böyük hamiləliyin süni şəkildə pozulmasıdır ki, həkimlər bunu qadın üçün ciddi təhlükə sayırlar.

A.Veysəlovanın sözlərinə görə, əhalinin reproduktiv sağlamlığının qeydinə qalması üçün müxtəlif yaş qrupları arasında, orta və orta ixtisas məktəblərinin yuxarı sinif şagirdləri və tələbələri, eləcə də, ali təhsil müəssisələrinin tələbələri arasında maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. Eyni zamanda, abort məqsədi ilə qadın məsləhətxanalarına, xəstəxanalarına müraciət edən hamilə qadınları fikirlərindən daşındırmaq üçün həkimlər abortun fəsadları, psixoloqlar isə bunun psixi cəhətdən törədə biləcəyi problemləri onların nəzərinə çatdırmalıdırlar:

"Ginekoloji kabinetlərdə abortun qadın sağlamlığına mənfi təsirlərinə aid plakatlar, fotolar və digər təbliğat vasitələri olsa, bu aborta hazırlaşan qadına müsbət mənada təsir edə bilər. Bundan əlavə sosial çarxların hazırlanması və KİV-də bu məlumatların daha ətraflı işıqlandırılması da zəruri məsələlərdəndir. Həmçinin bu problemə dair filmlərin çəkilib televiziya ekranlarında, internet saytlarında verilməsi də yaxşı olardı".



Xəbəri paylaş

5628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___