Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qazla bağlı bunları edirsinizsə, həbs oluna bilərsiniz...
Tarix: 12-07-2023 | Saat: 12:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Azərbaycanda qazdan qanunsuz istifadəyə nəzarət gücləndirilir. Bu istiqamətdə atılan addımlardan biri də Nazirlər Kabinetinin 2011-ci ildən qüvvədə olan "Qazdan istifadə Qaydaları"na dəyişiklik etməsidir.

Qaydalara görə, qazpaylayıcı istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə baxış keçirməlidir. Qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə, istehlakçı işçilərin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar.

Yeni Qərarla qaz sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim ediləcək. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə istehlakçıdan vurulmuş zərərin ödənilməsi tələb olunacaq.

Qaydalara edilən əlavəyə görə, istehlakçı talanma məqsədilə qaz sayğacına müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

-əvvəlki dövrün orta gündəlik qaz sərfi;

-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

Qaydalara görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3  aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə  yuxarıda qeyd edilmiş şərtlər, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Qaz xəttinə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında isə qaz paylayıcısı tərəfindən şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 1 ildən  çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə qeyd edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Bu məqamlar "Qaz təchizatı haqqında" Qanunda da əksini tapıb.

Ancaq məsələ təkcə vurulan zərərin ödənilməsi ilə yekunlaşmır. İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə görə, qazın talanması nəticəsində 5000 manatadək ziyan vurulmasına görə fiziki şəxslər 100 manatdan 150 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Qazdan istifadə qaydalarının pozulmasına görə də məsuliyyət nəzərdə tutulub. Bu halda fiziki şəxslər 30 manatdan 40 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 90 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 300 manatadək məbləğdə cərimə olunur.

Qazdan qanunsuz istifadə edilməsi cinayət məsuliyyətinə də səbəb olur. Belə ki, Cinayət Məcələsinin  189-1.1-ci maddəsinə görə, qazın  şəbəkəyə qanunsuz qoşulmaqla talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməl külli miqdarda ziyan vurmaqla törədildikdə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cəzalar təkcə istehlakçıları əhatə etmir. Belə ki, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən yuxarı nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Səlahiyyətli nümayəndənin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu əməllərin qarşısını almaması isə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

"Qazdan istifadə Qaydaları" yalnız talanma məqsədilə qaz sayğacına müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində dəyən zərərin hesablanmasını əhatə etmir. Qaydalardan biri də qazın keyfiyyəti ilə bağlıdır. Belə ki, bu Qaydanın 1.5-ci bəndinə görə, istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir.

Bundan başqa, təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçı ən azı 5 gün əvvəl xəbərdar edilməlidir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməlidir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcının vəsaiti hesabına həyata keçirilir.



Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___