Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” - Şəhid xanımı
Tarix: 29-01-2023 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin xanımı Kəmalə Allahyarova bir neçə ay əvvəl Şahin Allahyarovun şəhadətə qovuşduğu Şuşanı ziyarət edib.

 şəhidin xanımının Şuşa təəssüratları ilə bağlı yazısını təqdim edir.

Son bir ildə dəfələrlə Şuşaya getməyi arzulamışdım. Amma həm də, tərəddüd edirdim. Öz-özümə suallar verirdim: Görəsən, o müqəddəs məkana getməyə hazırammı? 

Bir anlıq gözümü yumub özümü hələ yalnız televizorda, internetdəki videolarda gördüyüm sıldırım qayaların zirvəsində, Cıdır düzündə, İsa bulağında təsəvvür edirdim. Ürəyim əsirdi, gözlərim dolurdu, qəribə bir həyəcan basırdı məni. 

Şuşa mənim üçün təkcə Zəfər tariximiz, Qarabağın incisi, müqəddəs torpaq deyildi. Şuşanı mənim üçün daha da müqəddəsləşdirən şəhidimin - həyat yoldaşım Şahin Allahyarovun son döyüş ünvanı, son nəfəsini verdiyi yer, şəhadətə qovuşduğu məkan olması idi. Yüzlərlə qəhrəmanımız, şəhidimiz kimi, mənim Şahinimin də qanı bu müqəddəs torpağa tökülmüşdü.

Elə bilirdim, Şuşaya ayaq basanda Şahinin ruhu məni qarşılayacaq, məni salamlayacaq. Bunları xəyal etdikcə, daha çox duyğulanırdım, daha çox həyəcanlanırdım. 

Aradan keçən uzun zamandan sonra nəhayət cəsarətimi toplayıb, Şuşaya gedəcəyimə qərar verdim. Gün təyin olundu və bizim Bakıdan yola düşməyimiz üçün məkan seçildi. Bu məkandan Şuşaya yola düşənlərin hamısını birləşdirən də Şuşa idi. Müqəddəs məkana üz tutanlar şəhid ailələri, həm də əzizini bu müqəddəs şəhər uğrunda gedən döyüşlərdə şəhid vermiş ailələr idi. 

Kimisi övladını, kimisi qardaşını, kimisi də həyat yoldaşını şəhid vermişdi. Bu gün biz hamımız bu doğma və müqəddəs məkana əziz şəhidlərimizin ruhunu salamlamağa gedirdik. Onların necə bir yerdə döyüşdüklərini, qəhrəmanlıqlarını, şəhadətə qovuşma anlarını görməyə, hiss etməyə gedirdik.

Biz həyəcanlandıqca, sanki zaman keçmək bilmirdi. 

İşğaldan azad olunmuş, ermənilərin viran qoyduğu torpaqlara daxil olduqca, Şuşaya yaxınlaşdıqca həyəcanım artırdı. Dağlı, dərəli, piyada keçilməsi çox çətin olan bu torpaqları gördükcə, dəhşətə gəlirdim. Bizim saatlardır maşınla getdiyimiz və bitməyən bu əraziləri bizim əzizlərimiz necə gəlmişdilər? Günlərlə ac-susuz, yorğun amma bir an belə dayanmadan, güllələrin altında hər an ölə biləcəklərini gözə alaraq, bir addım belə geriyə atmadan bu çətin relyefli əraziləri necə keçmişdilər? 

Bu oğullar necə böyük bir sevgiylə bu Vətəni sevirmişlər, İlahi! Hər qarışına şəhidlərimizin qanı tökülmüş, hər qarışı can, qan bahasına azad olunan bu torpaqlardan keçdikcə, Şahinin böyük Vətən sevgisini daha dərindən anlamağa çalışıram və ona, şəhidimlə birgə bu torpaqlarda canından keçmiş igidlərimizə heyranlığım daha da artır. Gözlərimi yumub bir anlıq burada gedən qanlı döyüşləri xəyal etməyə çalışıram, xəyal etdiklərim belə məni dəhşətə gətirir, tez gözlərimi açıram.

Bələdçi elan edir: Şuşaya yaxınlaşırıq! Həyəcanım bir qədər də artır, gözlərim dolur. Qızğın döyüşlər vaxtı Şahinin bir telefon zəngində dediyi sözlər yadıma düşür: "Qalib gələk, müharibə qurtarsın, səni Şuşaya gəzməyə gətirəcəm!". 

Hıçqırtı məni boğur, hönkürmək istəyirəm, birtəhər özümü sakitləşdirirəm. Şuşaya daxil oluruq - 30 il həsrəti ilə yanıb-yaxıldığımız, şəninə mahnılar, dastanlar yazılan, sıldırım qayaları adamı vahimələndirən, yaşıl meşələri göz oxşayan müqəddəs şəhərə. Mənfur düşmən nə qədər darmadağın etsə də, Şuşa mahnılarda, şeirlərdə deyildiyi kimi gözəldir, əzəmətlidir, vüqarlıdır. 

Öz müdrikliyindən bircə damcı da əksiltməyib, şəhid qanı daha da müqəddəsləşdirib bu gözəl diyarı. Qarabağın gözü, Azərbaycanın Cənnət diyarı Şuşa! Hər zaman kitablardan oxuduğum Şuşanı artıq canlı-canlı görürdüm. İşğal olunduğu tarix mənim yaşımdan belə böyükdür. 

Avtobus Şuşanın dolambaclı, əsrarəngiz küçələrini keçərək, bizi əvvəldən müəyyən edilən əraziyə doğru aparır. Avtobusun pəncərəsindən baxdıqca, hər küçədə, hər evin qapısında müharibənin izləri görünür. Burda döyüşən Azərbaycan oğulları öz izlərini, imzalarını qoyublar. Adlar, rayon adları, müxtəlif rəmzlər hamısı qanlı döyüşlərdən bir xatirədir, hamısı bir qəhrəmanlıq dastanıdır. Düşünürəm, görəsən bu yazını yazanlar sağdırmı, yoxsa onlar da Şahin kimi son nəfəslərini bu torpaqda verib. Yenə hönkürürəm və pıçıldayıram: "Şahin, mən gəlmişəm, sən gətirməsən də, özüm gəldim. Bəs, sən özün hardasan, görmürəm axı səni??".

Avtobus dağların üzük qaşı kimi dövrəyə aldığı Cıdır düzünə yaxınlaşır. Burada bizi üçrəngli müqəddəs şanlı bayrağımız və bayrağın keşiyində dayanan igid Azərbaycan əsgəri qarşılayır. Mənzərə o qədər əzəmətlidir ki, hamımız heyrətdən donub qalırıq. 

Artıq burdayam-həyat yoldaşımı şəhid verdiyim yerdəyəm. Aylardır arzuladığım və böyük ümidlərlə gəldiyim yer. Qəribə hisslər keçirirəm- ən böyük arzusuna çatmış adam kimi sevincliyəm, son ümidini itirmiş adam kimi kədərliyəm. Bir an mənə elə gəldi ki, Şahin Şuşanın səmasından mənə baxır, üzündə də bir sevinc, hüzur var. Sanki mənim də ürəyimə bir rahatlıq gəldi, sakitləşdim.

Sən mənim üçün, balaların üçün, Vətənin üçün hər zaman yaşayacaqsan, Şahin! Mən bilirəm ki sən yenə də Vətənin keşiyindəsən. Bu dəfə səngərdə olmasan da, səmadan qoruyursan Vətənini!



Xəbəri paylaş

2228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___