Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Putinin qəbul etdiyi İslam...
Tarix: 16-03-2015 | Saat: 17:52
Bölmə:K, Dünya, Foto-fakt | çapa göndər

Putinin qəbul etdiyi İslam...

Millət vəkili Zahid Oruc Çeçenistan prezidenti Ramzan Kadırovun Rusiya prezidenti Vladimir Putinə göstərdiyi xidmətləri prezidentin prezident yolunda ölümü kimi dəyərləndirib.

Xeberaz.az ANS PRESS e istinadən xəbər verir ki , deputatın "Prezidentin prezident yolunda ölümü və ya Putinin qəbul etdiyi İslam" adlı məqaləsini təqdim edir:

"Ramzan Kadırovun növbəti ordenə görə verdiyi mesaj təkcə üsyankar Qafqazın yüzillər ərzində Rusiya ilə apardığı savaşın xarakterinin necə dəyişdiyinin göstəricisi deyil, həm də cəsədi hələ Kreml divarlarının yanında qalmış Nemtsovun qatili kimi günahlandırılan Putinin xilası üçün çeçen liderinin bütün qəhrəmanlıqları etməyə hazır əsil ingilis cəngavərinə necə çevrildiyinin bariz nümunəsidir. Deyə bilərsiz ki, kimi kim xilas edir? İndi Rusiya müsəlmanları ilə liberallarının bir cinahda birləşdiyi zaman bütün diqqətlərin yönəldiyi Kadırovun heç nə olmamış kimi liderinə özünü necə qurban etməyə hazır olduğunu söyləməsi bütün ictimai və siyasi mühiti dəyişir,düşüncələrdə düyün və çaşqınlıq yaradır.

Düzdür, 9 martda mükafatlandırılanlar sırasında Qərbin günahlandırdığı başqa isimlər də var. Məsələn, Britaniyada poloniumla zəhərlənərək öldürülmüş rus çekisti Litvinenkonun işində günahkar kimi Qərb tərəfindən illər uzunu ittiham edilən və bundan sonra karyerasında uğurları daha da artan hazırki liberal-demokrat Luqavoy. Lakin bununla yanaşı, yalnız bir adam yüksək ada layiq görüldüyü üçün ödül fərmanını imzalamış şəxsin yolunda həyatından keçməyə hazır olduğunu açıq mətnlə dünyaya car çəkdi.

Kadırov tərəddüd etmədən, onun rəhbərlik etdiyi xalqın xilaskarı olan Putinə vəfa borcunu ən qiymətli sərvəti olan canı ilə qaytarmağa hazır olduğunu bildirdi və bununla daxili-xarici antirusiyaçılar cəbhəsində yer alanlara növbəti çağırışını ismarlamış oldu.

“Zəif bənd” oyununun qaydalarına söykənərək 200 il ərzində bir dövlətin başağrısı kimi xarakterizə olunan “çeçen məsələsi”nin on illərdi ki,Rusiyanın gücünü artıran mühüm bir qoruyucu zirehə necə çevrildiyini görmək lazımdır.Yəqin,çoxları dərhal ağalar qarşısında müti olan rəiyyət başçılarından danışmağa başlayacaqlar. Qətiyyən bu fikirlə razı deyiləm. Ata və oğul kadırovların Kremlə sədaqəti tamam ayrı kateqoriya ilə izah olunacaq fenomendir. Axı Putinin hakimiyyət verdiyi adamların sayı görün nə qədərdir? Təkcə quberniya rəhbərləri və federativ ölkənin respublika başçılarının əli ilə prezidentin çar kimi öyülməsini təşkil edən yüzlərlə ictimai səhnəni çoxdan qurmaq olardı.Ancaq Kadırovun qədirbilənliyi məhəlli miqyasa sığmayan ümumölkə hadisəsidir və hakimiyyət gəmisini tərk etməyə hər zaman hazır olanların qarşısında əsil kişilik səddi və mərdlik nümunəsidir.

Doğrudur,Çeçenistanın idarəçiliyində əsil şərq despotizminin elementlərini tapmaq mümkündür və Ramzanı demokratik standartlara,plüralist qəliblərə salmaq onu öldürmək deməkdir, lakin bunların panatseya-bütün dərdlərin çarəsi olduğunu kimi sübut edə bilər? Orta əsrlərin kommunaçılığına dayanan və sərt qərarlaşmış traybalist ənənələrə söykənən bir cəmiyyəti başqa nə cür yönləndirmək olardı?

Hər halda dudayevlər,mashadovlar döyüşüb öz xalqlarına xoşbəxtlik gətirmədilər.İndi yeni dövrün Şeyx Şamili məhz Kadırov kimi şəxsiyyət tipologiyasına aid, 12 il ərzində Moskva ilə döyüşüb xarabazarlığa çevrilmiş bir diyarı cənnətməkana çevirməyə qadir olan şəxsin adıdır. Məgər inanclı bir cəmiyyətə Məhəmməd peyğəmbərin nişanəsini gətirmək, yaxud milyon insanın marşı ilə islam düşmənlərinə və karikaturaçılara meydan oxumaq müasir çeçen xalqının mübarizəsi üçün daha əlverişli deyilmi?

Putinin siyasi hakimiyyətə gəlişi də Çeçenistandan keçmişdi,iqtidarda möhkəmlənməsi də Qroznı ilə birbaşa bağlı oldu.Əslində Qərb qafqazları elə o vaxt itirdi.İndi İrakda tüğyan edən İŞİD adlı kabus 90-cı illərdə Şimali Qafqaza Xilafət qurmağa gəlmiş terrorçuların ataları idi.Guya antirus dövlətlərin xilaskarı kimi çıxış edən və Qərbin böyük maliyyə,silah yardımını alan xattablar Putinin zərbəsinə tuş gəlməsəydi,bütün regionu vəhşət və xaos bürüyücəkdi və bizlər hər gün qara bayrağın sancıldığı yeni ünvanların ruslardan-guya kafirlərdən təmizləndiyi haqqında tirajlı beynəlxalq informasiya kanallarında məlumatları izləmək məcburiyyətində qalacaqdıq.

Ancaq hadisələr ayrı cür inkişaf etməyə başladı. Yeltsin həyatının ən ayıq qərarını verdi və taxt-taca yiyələnən gənc sovet çekisti onun özünün və ölkəsinin taleyinin həll olunduğu müharibədən başlamağa qərar verdi. Bax o vaxt Moskvada Qroznı ilə birbaşa kontaktlara gedən avantüra başçılarının əl-ayağını yığışdırmaqla hazırki Rusiya rəhbəri ölkəsinin ən zəif yerini bütün düşmənləri əleyhinə güc amilinə çevirməyi bacardı.İndi çeçenlər Rusiya üçün döyüşür.Özü də mətnatətlə,rəşadətlə və yenilmədən.Kadırovun Putinlə ittifaqı vaxtilə atirus planlarının yeminə çevrilmiş bir xalqın təfəkküründə inqilab etdi və onların beynindəki Vətənin hüdudlarını dəyişdi.Çeçenlərə hələ də şübhə ilə yanaşıb onların hər birini potensial Dudayev hesab edən rus hərbçiləri isə getdikcə daha çox çiyinlərini dağlı xalqlara və kazak atamanlarına söykəməkdədirlər.

İndi çoxları üçün bir ritorik sual səsləndirək-Ukrayna münaqişəsi nədən başladı? Yəqin, hər kəs “Maydandan” deyəcək! Xeyr. Əslində daxildə separatizm yuvalarını dağıtdıqdan sonra Rusiya rəqiblərinin keçmiş sovet subyektlərində münaqişələr törətməkdən başqa çarələri qalmamışdı.İndi Krım hadisələrini xatırlayın. Görün, səsvermə ilə azad olmaq yolunu-əsil Qərb mübarizə stilini nümayiş etdirənləri bir kimsə çeçenlərə bənzədirdimi?

Halbuki ona qədər xalqların öz müqəddəratını təyin etmək hüququndan ən çox avropalı çinovniklər danışırdılar.Brüsselə gedən rus diplomatlarına NATO-da dərs verməyə çalışanların ən güclü arqumenti məhz çeçen millətinin müstəqilliyinə zərbə vuran Kremli pisləmək deyildimi? Onda nəyə görə krımlıların tarixən bağlı olduqları siyasi mərkəzə geri dönüşünü sanksiyalarla qarşılamaq gərək olsun? Məgər, Qroznıya Qərbin sanksiya rejimini nə vaxtsa tətbiq etmişdilər? Yox. Bəs onda bu ikiüzlülük kimə lazımdır?

Kadırov Ukraynadan Rusiyaya girmək istəyən Qərb qoşunlarının qabağına çıxmağa hazır olan ən güclü “ölüm eskadronları”nın da başçısına çevrildi. Cəmi beş-altı nəfərin gedib əks tərəfdə döyüşməsini təşkil etməklə təzədən ruslara qarşı savaşan intiqamçı çeçen tarixi istintiktini və basayevçilərin ruhunu dirçəltməyə bel bağlayanların gözləntiləri puça çıxdı.Kadırov yüz min qoşunu ilə Rusiya yolunda Ukraynada vuruşmağa hazır olduğunu bəyan etdi.Qərbin vaxtilə istinad elədiyi divarlar indi onun qarşısında keçilməz səddə çevrildi. Buna uyğun olaraq qoy polyakların,latışların,yaxud çexlərin rəhbərləri də Kiyev uğrunda belə ölümə hazır olsunlar. Varmı on minlərlə legioner Ukrayna sevdalısı?

Rusiya prezidentinin mətbu sözçüsü Peskov Kadırovun mükafatlandırılması ilə hazırda həbsə alınmış çeçen terrorçularının işi arasında bağlılıq axtaranlara cavab verərək bunların təsadüfən eyni vaxta düşdüyünü söyləyib.Gerçəkdən də mükafatlandırma proseduru xeyli zaman aparan işdir.Ancaq kameraların və hərəkətdə olan nəqliyyatt vasitələrinin gözü qarşısında qətlə yetirilən müxalifət liderinin cəsədini gətirib düz Kremlin divarının yanına atmaq sizcə müharibəni Ukraynadan rus paytaxtına keçirmək istəyənlərin planlarına daha çox bənzəmirmi?

Yox, qar təmizləyən maşın iz itirmək üçün uydurulmayıb və Nemtsova evində qəsd etmək variantı daha asan ikən,onu hamıya qatilin məhz rus prezidenti olduğunu bağıran əşyayi- dəlillərlə zənginləşdirilməsi əsas sifarişçi dairələri belə aşkarlığın arxasında daha çox gizlətməyə hesblanmayıbmı? Elə bil dünyaya belə bir səhnə göstərmək isyəiblər ki,baxın,ən çox qorunmalı olan məkanın düz bir addımlığında hakimiyyətin əsas rəqibini-Ukrayna müharibəsində rəsmi kursu qəbul etməyən və yeni ifşaedici sənədləri hazırlayan bir şəxsi amansızlıqla linç edirlər.Guya bütün bunlar baş versəydi,Nemtsov planlaşdırdığı mitinqi keçirib səsini dünyaya yaysaydı, Ukrayna münaqişəsində dönüş yaranacaqdı və Napoleonun,Hİtlerin bacarmadığını onun natoçu sələfləri gerçəkləşdirə biləcəkdilər. İnandıınızmı buna?

Dünyanın ən uzunmüddətli diplomatik danışıqlar raundu olan 16 saatlıq Minsk görüşü ilə fəal döyüş əməliyyatları dayandırlmış bir müharibənin taleyi niyə Nemtsovdan asılı olsun ki? Halbuki savaşın qızğın çağında daxildə hamının dediyi kimi “sakral ölüm” çoxlarına gərək ola bilərdi. Onda ümumxalq məhəbbətini başqa səmtə yönəldib antimüharibə tərəfdarlarından bəlkə də nəsə düzəltmək olardı.İndi isə Ukrayna hərbi məğlubiyyətə uğrayaraq rəsmi təslim olub və üsyançılarla saziş imzlayıb.Onda səs küylü cinayətlər kimə gərək olub, görəsən?

İndi sizcə bu suçun və belə yekə ölümün altından kim çıxa bilər? Hə,deyək ki,təbliğat nemtsovları hər gün öldürürmüş,bəs liberal intellegensiya süddən çıxmış ağ qaşıqdır? Onların Putinə nifrəti Stalinin repressiya qurbanlarının anisovet və antibolşevik isterikasından qat-qat böyükdür.Rusiya müxalifəti əsil taliban təfəkkürü ilə hakimiyyətdə olanlara qarşı düşmənçiliyi stimullaşdırmaqda davam edir və sabah yeni qətllərin siyasi mənsubiyyəti dəyişsə,onu hansı cinahda axtarmaq gərək olduğunu hamı bilir. Beləliklə,Rusiya iqtidarının üzərinə düşən məsuliyyət kölgəsi və Nemtsovun ümumxalq müqavimətinin simvoluna çevrilməsi üçün nə lazmdırsa,hamısı ortada var.Özü də FTX tutub həbsə aldığı dadayevlər,əskərxanovlar liberalların əlinə daha böyük girəvə verir.Yəni,müxalifət bağırır ki,Putinə xidmət edən kadırovlar Rusiya siyasi sistemini daha da qəddarlaşdıran səviyyəyə çatıblar və onlara tanınan hüdudsuz hakimiyyət yerli canişinləri rəqiblərə qarşı gerçək təhlükəyə çevirib. Necədir belə təqdimat?

Əlbəttə,bir güllə ilə iki düşməndən xilas olmaq üçün bütün Rusiya düşmənlərinə əlverişli fürsət tanınıb.Ona görə Kadırov öz həmyerlilərini müdafiə etməyə başlayanda,əsas killer sayılan Zaur Dadayevi ölkəsinin “patriotu” adlandıranda çoxları labirintə düşdü.Yaxşı,indi nə etsinlər? Əgər Putinin daxili düşmənlərindən yaxa qurtarmaq üçün kimsə onun yaxın ərtafından əmr veribsə,ortaya da çeçen izlərini qoyublarsa,deməli,Rusiya prezdentini ən güclü silahından məhrum etmək istəyiblər.

Axı dedik ki,çeçenlər indi mühüm bir qüvvədilər və Ukrayna savaşının gedişində açıq-gizli vasitəyə çrvriliblər.Onlar Donbasda rusdilli həmvətənlərinin xilasında tərəddüd etmədən hərəkət ediblər.Kimsə onların silahlarını sonradan vətənlərinə qarşı çevirəcəklərini düşünməyib və reallıqda son qətli çıxmaq şərtilə,xəyanət aktı da baş verməyib.Əgər belədirsə,onda vahid cəbhədə yer alan Putini və çeçen mücahidlərini, onların ipə-sapa yatmayan liderlərini Nemtsovun qətlinə bulaşdırıb siyasi səhnədən uzaqlaşdırmaq daha yaxşı olmazdımı?

Yox,bütün oyunları pozmağı bacaran rus rəhbəri buna getmədi.O,Kadırovu mükafatlandırmaqla Ramzanı-əsil müsəlmanın necə olmalı olduğunu bütün təbəələrinə nümayiş etdirdi.Varmı belə xristian kamikadze? Putinin önə çıxardığı insanlar içərisində,canını hər şeydən üstün tutanlar ordusunun arasında çeçen rəhbərinin obrazı bir kabus kimi çoxlarının başı üzərindən asılmaqda davam edir.Ona görə Putinin qəbul etdiyi islam haqqında informasiyaları tirajlayarkən əhalisinin beşdə birini Məhəmməd əleyhissəlama təzim edən bir ölkənin müəlmanları ilə müttəfiqlik qurmağı bacaran pravoslav rus prezidentinin kadırvlardan ibarət mücahidlər ordusu yaratmağı bacardığına diqqət etməyiniz daha doğru olardı.

Nemtsovun siyasi keçmişini lupa ilə təftiş edib onun islam əleyhinə hansı mövqe tutduğunu aşkarlamağa çalışan,killer qrupunun cinayətkar məntiqini anlamağa cəhd edənlərin sonda gəldiyi qənaət bilirsizmi nə olacaq? Onlar dərk edəcəklər ki,Putin islamdan qorxan Avropanın qarşısına yeni bir güc çıxarmaqdadır.İndi müsəlman dünyasının çəkili bir hissəsində savaşlar gedirkən,Qərbin islamdan dünya üçün “ölüm kabusu” düzəltdiyi bir dönəmdə rusların müsəlman dünyasına açdığı pəncərə yeni bir ittifaqın arxitekturası deyil, bəs nədir?

Onsuz da müxtəlif məzhəblərlə parçalanmış və heç bir vahid hərbi koalisiyaya daxil ola bilməyən islam ölkələri Putinin nüfuzunun onların rəhbərlik etdikləri xalqlar üzərində necə artdğının fərqində deyillərmi? Baxın, İslamla savaşanlara, sonra prezidenti yolunda canını fəda etməyə hazır olan Kadırova da diqqət yetirin.Görürsüzmü, indi tarix necə muzey əşyasına dönüb. Çarlarla vuruşan Qafqazın yerində indi başını edam kötüyünə qoymağa hazır olan və böyük rus imperiyasına qanını halal edən müsəlman rəhbərlər var.Putinin qəbul etdiyi islam bax budur!

İrakda,Suriyada,Əfqanıstanda və Yaxın Şərqdə həyatını itirən milyonlarla müsəlmanı özünə müttəfiq etməyə hansı Avropa ölkəsinin gücü çatar? Şübhəsiz,onlar bunu isətəyərlər.Amma əfsuslar olsun ki,ölülər kimin tərəfində olduqlarını bəyan etmək imkanından məhrumdular!

Putin dirilərə, Qərbsə ölmüş müsəlmanlara sahib durmaq istəyir.



1988 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
21-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___