Ana Sayfa > M / Karusel / Hadisə / Araşdırma > Ermənilər Şuşa polisinin binasını “Qrad”la vurdu

Ermənilər Şuşa polisinin binasını “Qrad”la vurdu


26-04-2016, 13:08. Yazar: Xeberaz
Ermənilər Şuşa polisinin binasını “Qrad”la vurdu

Bu gecə erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttindəki kəndləri ilə yanaşı, şəhərin mərkəzini də ağır artilleriyalardan atəşə tutub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib:

"Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".

M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşmən cavab atəşi ilə susdurulub və geri çəkiliblər:

"Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".

***

Müstəqim Məmmədov Report-a isə bildirib ki, Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb.

İcra başçısının sözlərinə görə, ermənilərin atdığı "Qrad" mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib:

"Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artileriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhəri üzrə 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib".

İcra başçısı əlavə edib ki, həmçinin, rayonun Qazıyan kəndində bir VAZ-21099 markalı minik maşınına ziyan dəyib və bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub.
Geri dön