Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Bacılardan biri finala çıxdı
Bacılardan biri finala çıxdı25-06-2015, 21:22. Yazar: Xeberaz |
Sevil finalda, Sevinc bürünc medalla kifayətləndi Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarında daha 2 dəst medalın sahibi müəyyənləşəcək. ANS PRESS-in məlumatına görə, kişilər rapira, qadınlar sablya növündə mükafatlar uğrunda mübarizə aparır. Azərbaycan yığması yalnız qadınların yarışında təmsil olunur. 4 qadın sablyaçımız fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışır. Qadınların yarışı qrup mərhələsi ilə start götürüb. 36 idmançı 6 qrupda mübarizəyə başlayıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyatova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyatova F qrupunda 1/16 finala vəsiqələr uğrunda mübarizə aparıb. Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə 1-ci yerin sahibi kimi birbaşa 1/8 finala yüksəlib. Üç qələbə əldə edən Sevillə Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb. Bu mərhələdə polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15. 1/8 finaldakı 3 təmsilçimizdən yalnız Mikina məğlubiyyətə üzülüb. O, rusiyalı Yana Obvintsevaya yenilib - 13:15. “Neftçi İdman Klubu”nu təmsil edən Bünyatova bacıları isə 1/8 finalda da qarşısıalınmaz olub. Sevil rusiyalı Mariya Rideli 15:9, Sevinc isə Qarqanonu 15:7 hesabı ilə məğlub edib. Sevinc bununla həm də komanda yoldaşının qisasını alıb. 1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb. Sevinc 15:11, Sevil isə 15:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9. Onun bacısı isə polşalı Anjelika Vatora 11:15 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib. Bu, yığmamızın Avropa Oyunlarında 43-cü mükafatı olub. Geri dön |