Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > “Oğlumun şəhid olacağını hiss eləmişdim“

“Oğlumun şəhid olacağını hiss eləmişdim“


30-09-2015, 22:44. Yazar: Xeberaz
“Oğlumun şəhid olacağını hiss eləmişdim“
Üç gün əvvəl səhəri şəhid xəbəri ilə açmışdıq

Sentyabrın 27-dən 28-ə keçən gecə təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısını alarkən Füzulinin Alaxanlı kəndində 3 hərbçimizi itirdik.

Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu vətən yolunda şəhid oldu.

Bu gün onların ölümünün 3-cü günüdür. Məhəmmədi kəndindəyik. Zöhrabgildə. Daha doğrusu Zöhrabın 3 mərasimində. Qapıda bir qız əyləşib. Sağında və solundakı qadınlar ovcunu ovur, üzünə su vururlar. Öyrənirik ki, bu, Mədinədir. Zöhrabın böyük bacısı. Deyirlər, qardaşının şəhid xəbəri eşidəndən bəri belədir. Tez-tez halı pisləşir, üzünə su vurub özünə gətirirlər.

Yaxınlaşırıq. Nə qədər halsız olduğu üz-gözündən bəllidir. Gözlərini qaldırıb üzümə baxır. Nəsə deyəcəyini düşünsəm də, dinmir. Danışmaya da heyi qalmayıb. Bir neçə saniyə üzümə baxıb, gözlərini yerə dikir yenə.

Qadınlar olan məclisə keçirik. Anası Könül xala lap başda əyləşib. Digər qadınların yanında. Yanındakı yaşlı qadın onun sol əlini öz ovcunda bərk-bərk sıxıb. Ağlamır. Toxtamış görünür. Mətanət göstərir. Hərdən yanağından bir damla süzülür və dərhal özünü toplayır və əvvəlkindən də dik dayanır.

Mustafazadələr ailəsi ilk itkisinin illər əvvəl verib. 2 il əvvəl sürətlə gələn təcili yardım maşını ailə başçısının həyatına son qoyur. Yolu keçməkdə olan Namiq Mustafazadə elə qəza yerindəcə can verib. 2 ildir uşaqlarına həm atalıq, həm analıq edən Könül xala Zöhrabı əsgərliyə yola saldıqdan sonra ailənin yükünü tək daşımalı olub. Ona qədər Zöhrab çilingər işləyərək anasına və bacılarına baxırmış.

3 bacının yeganə qardaşı olan Zöhrab ailənin ikinci övladıdır. Yaşasaydı dekabrın 9-da 19 yaşı olacaqdı. Özündən böyük bir, özündən kiçik daha 2 bacısı var. Mədinə ailənin ilk övladıdır. Tələbədir. Məryəmlə Aydan isə məktəbli.

Zöhrabın anası deyir ki, cəbhədən hər şəhid xəbəri gələndə elə hey deyərmiş, görəsən, oğlum deyil ki?! Sanki ürəyinə danmış kimi hər xəbərdən diksinir, hər xəbərdən qorxurmuş. Budur, qorxduğu başına gəldi...

- İşdəydim. “Kənd sovet”indən zəng etdilər ki, suyla bağlı şikayətiniz var? Dedim, yox. Dedilər, bəs sizin telefondan bizə zəng gəlib. Durdum getdim evə. İcradan, bələdiyyədən gəlmişdilər. Onları qarşıladım. Dayımın nömrəsini istədilər, verdim. Yenə də heç nə başa düşmədim.

Davam edə bilmir. Məclis boyu özünü sıxan qadın sanki o deyildi. Təklikdə qaldığımızdan istifadə edib ağlayır. Ağlaya-ağlaya da “bağışlayın”, deyir. Nə üçün üzr istədiyini anlaya bilmirik. Nə mən, nə də fotoqrafımız Fəxri. Onu təsəlli edəcək söz də tapmırıq. Deyiləcək bütün sözlər indiyə qədər deyilmişdi ona.

Bəlkə sakitləşər deyə, əlini tuturam. Barmaqlarımı ovcunda sıxıb daha da hönkürür. Birdən Fəxri dillənir:

- Hər adama nəsib olmur şəhidlik!

Sanki bu söz onu özünə gətirir. Gözünü silib başını dikəldir, qaldığı yerdən davam edir:

- Dayımın nömrəsini istəyəndən sonra nəsə rahatlıq hiss elədim. Çıxdım bayıra. Gördüm qapımızda maşınlar dayanıb. Maşından çoxlu adamlar düşdü. Biri də molla. Mollanı görüncə, ürəyim sıxıldı. “Kənd sovet”inin böyüyünü tanıyırdım. Gördüm gözləri dolub. Dedim, övladım şəhid olub? Dedi, "hə".
Bir-iki gün qabaq hiss eləmişdim...

Sentyabrın 25-də cəbhədə gedən qızğın döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir əsgərini itirmişdi. 23 yaşlı Elşən Vaqif oğlu Məmmədovu. Televizorda Elşənin şəhid olması haqqında xəbəri eşidən Könül xala öz balasını itirmiş kimi oturub ağlayır.

- Bütün övladlar şəhid olanda göz yaşı tökürdüm. O gün şəhid xəbəri eşidəndə qızlarla oturub ağladıq. Dedim, Allah anasına səbr versin! Namaza oturdum. Beynimdə də eyni sual vardı. Dedim, görəsən, balam şəhid olsa, mən nə hisslər keçirəcəm?!

Bu hadisədən 2 gün sonra oğlunun şəhid xəbərini alır. Zöhrab topçu olub. Əsgər yoldaşlarının dediyinə görə, düşmənlə gedən ağır döyüşlərdə hazır vəziyyətdə dayanan topçuların arasına mərmi düşür. Qəlpələrdən biri Zöhrabın alnına, digəri isə düz ürəyinə dəyir. Əsgərlərdən biri ağır yaralansa da, digər üçü yerindəcə keçinir. Zöhrab Məhəmmədi kəndinin ilk şəhididir.

- Yəqin, çoxlarınıza da maraqlı olar. Zöhrabın sevdiyi vardımı? Anası deyir ki, cəmi bir dəfə aralarında belə bir söhbət olub. Onda da gülüb, keçib.

- Dedi, Allah haqqı, yoxumdu. Dedim, ola bilməz axı, 18 yaşında oğlanın ürəyində kimsə olmaya?! Dedi, əsgərliyə gedim-gəlim bacılarımı oxudum, sonra baxarıq. Fikri-zikri bizdəydi. Bacıları və anası. Çox istəyirdi ki, bacıları ali təhsil alsın. Özü də oxuyacaqdı. Əsgərlikdən gələndən sonra texnikuma sənəd verəcəkdi. Qismət olmadı...

- Axırıncı dəfə nə vaxt danışmışdınız?

- Ölümündən iki gün əvvəl, Qurban bayramında. Özü zəng eləmişdi. Dedi, mama, bayramın mübarək! Neçə-neçə bayramlara çıxasan! Bircə dəfə demədi ki, çıxaq. “Çıxasan”, dedi. Dedi, elə darıxmışam səndən ötrü! İyin üçün...

Və yenə başlayır ağlamağa.

- Əsgərliyə yola salanda, dedim, qaqaş, ölüm o dünyada da var, bu dünyada da. Alnı açıq get, alnı açıq gəl! Dedim, Allah nəsib eləsə, sən də şəhid olacaqsan. Amma maman qurban, bircə qorxma! Bilmirəm niyə elə dedim?! Allah dedizdirdi, elə bil. Oğlum ali zirvəyə çatdı! Hər dəfə onun zabitiylə danışanda deyirdi, Zöhrab bizə heç bir problem yaratmır. O qədər sakit uşaq idi ki... Qəlbim qan ağlayır. Allah heç bir anaya göstərməsin, bala! Aydan deyir, mama şəhid haqda şeir deyəndə qürurla deyəcəm! Əsgərliyə təzə getmişdi, xəstələndi. Göndərdilər, “Papanin”ə müalicəyə. Elə hey gileylənirdi ki, nahaq məni bura gətirdilər. Mən qayıtmaq istəyirəm. Dedim, ay bala, döyüşmək üçün də gərək sağlam olasan da. Anan və anan kimi anaları qorumaq üçün. Sağalandan sonra 2 həftəlik məzuniyyət verdilər. Axırıncı dəfə mayda görmüşdüm balamı. Bir də o gün gördüm. Üçrəngli bayrağa bürümüşdülər...

Məzuniyyətə gələndə həm də çoxlu şəkillər çəkdirir Zöhrab. Əsgər paltarında. Anası deyir ki, qürurla daşıyırdı o formanı. Geyinib məğrur gəzirmiş. Yaxşı ki, o şəkilləri çəkdirib. Çünki Zöhrabdan o şəkillər qalıb. Bir də bayraq. Nəşinin bükülüb gətirildiyi. İndi o bayraq məzarı üstündə qalıb.

Zöhrab 2 gün əvvəl Məhəmmədi kənd qəbiristanlığında torpağa verilib. Dəfnində Abşeron rayon icra hakimiyyətinin nümayəndələri, kənd bələdiyyə sədri, hərbi hissə komandiri, zabitlər də iştirak edib. Ailənin maddi vəziyyəti yaxşı olmadığından şəhidin yas mərasimini və digər xərcləri rayon İcra Hakimiyyəti və kənd bələdiyyə sədri öz boynuna götürüb. (apa)

Geri dön