Ana Sayfa > M / Karusel / Siyasət > Prezident: Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək

Prezident: Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək


11-09-2015, 21:28. Yazar: Xeberaz
Prezident: Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək
“Birinci addım çox uğurlu olmuşdur”.

Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır.

Xəbəraz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində prezident İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin.

“Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur.

Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək”, - deyə, İlham Əliyev bəyan edib.
Geri dön