Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > "Klinika müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır..." - GİLEY

"Klinika müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır..." - GİLEY


24-09-2021, 19:28. Yazar: Xeberaz



"“DünyaGöz" klinikasında göz əməliyyatı keçirdikdən sonra görmə qabiliyyətim zəifləməyə başlayıb”.
Bunu Gülçöhrə Bəşirova şikayəti zamanı səsləndirib. Onun sözlərinə görə, sol gözündə uşaqlıqdan yaranmış çəpliyi aradan qaldırmaq üçün 2020-ci il dekabr ayının 12-də sözügedən xəstəxanada Türkiyədən gəlmiş cərrah Halit Özhisar tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra günlərlə, həftələrlə, aylarla çəpliyin aradan qalxmasını gözləsə də, müsbət nəticə olmayıb və əksinə, gözlərinin görmə qabiliyyəti zamanla zəifləməyə başlayıb.

Gülçöhrə Bəşirova 2021-ci ilin yanvar ayının sonunda müayinədən keçmək üçün klinikaya getdiyi zaman ona bildirilib ki, həmin həkim Türkiyədədir və mart ayında başqa bir professor gələcək.

“Məni onun qəbuluna yazdılar. Mart ayının 10-da professorun müayinəsində oldum və professor daha üç ay da gözləməli olduğumu bildirdi. Üzərindən 6 ay keçməsinə rəğmən, gözümdəki çəplik hələ də düzəlməyib, görmə qabiliyyətim də zəifləməkdədir. Klinika isə müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır və hər dəfə hansısa professorun müayinəsinə yönəltməklə prosesi uzadır”.

Şikayətçinin sözlərinə görə, bu günə qədər "DünyaGöz" klinikasında müayinələrə ümumilikdə 250 AZN, anesteziyaya 250 AZN, əməliyyata 3980 AZN pul ödəyib.

“Klinika isə təklif edir ki, başqa bir həkimə yönləndirib yenidən əməliyyat etsinlər. Mən hansı inamla bu klinikanın növbəti həkiminə arxayın olub ikinci dəfə əməliyyat olunum? Buradan görünür ki, "DünyaGöz" klinikası pasiyentlərini əşya yerinə qoyur. Mən artıq onlara güvənmədiyimi, ikinci dəfə onlara etibar edib gözümə bıçaq vurulmasını istəmədiyimi dedikdə isə, utanmadan, güya, ödədiyim vəsaiti geri qaytarmaq üçün bəhanə etdiyimi deyirlər”.

Məsələ ilə bağlı "DünyaGöz" klinikası ilə əlaqə yaratmağa çalışdıq. Xəstəxanadan bildirdilər ki, hazırda rəhbərlik yerində olmadığı üçün məlumat verə bilmirlər.





Geri dön