Ana Sayfa > M / Karusel / Gündəm / Səhiyyə > Təhlükəli mədə kiçiltmə əməliyyatı: dəb yoxsa...?

Təhlükəli mədə kiçiltmə əməliyyatı: dəb yoxsa...?


30-05-2019, 11:19. Yazar: Xeberaz

Adil Qeybulla: “Bu xəstələr böyük risk qrupuna aiddir və hər an hər şey ola bilər”

Bu günlərdə Bakıda daha bir pasiyent mədəkiçiltmə  əməliyyatının qurbanı olub.Hadisə “Real Hospital”da baş verib. Yayılan məlumata görə, 59 yaşlı Gülnar Əliyeva mayın 20-də əməliyyat olunub. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.
Artıq faktdır ki, son illər ölkəmizdə mədəkiçiltmə əməliyyatı sanki bir dəb halını alıb. Statistik məlumata görə, axır 6 ildə 2 minə yaxın insan mədəkiçiltmə (bariatrik) əməliyyatı keçirib. Əlbəttə ki, real rəqəmlər daha böyükdür. Çünki məlum məsələdir ki, imkanı daha artıq olan şəxslər bu əməliyyat üçün qonşu ölkələrə üz tuturlar.
Bəs bu əməliyyata marağın artmasının səbəbi nədir?
Əgər əvvəllər artıq çəki və bunun nəticəsində yaranmış xoşagəlməz xəstəliklərdən əziyyət çəkən insanlar arıqlamaq üçün pəhriz saxlayıb, idman salonlarına gedirdisə, indi əksəriyyət daha “rahat” üsula - mədəkiçiltmə əməliyyatına üz tutur. Bu əməliyyatda mədə həcmini daraltmaq üçün mədənin təxminən üçdə ikisi şaquli olaraq kəsilib çıxarılır.

Məlumata görə, bu cür əməliyyat ilk dəfə 1988-ci ildən tətbiq olunmağa başlayıb. Mütəxəssislər qeyd edir ki, bu əməliyyatın ən böyük üstünlüyü onun digər bariatrik əməliyyatlar arasında ən az riskli olması və həzm sisteminin fizioloji pozuntusuna səbəb olmaması ilə bağlıdır. Yəni belə əməliyyatdan sonra da qidanın mədəyə, mədədən nazik bağırsağa keçməsi prosesi saxlanılır. Əməliyyatın müddəti təxminən 50-55 dəqiqə çəkir.
Digər bariatrik əməliyyatlarda isə yemək qida borusundan birbaşa nazik bağırsağa keçirilir. Nəticədə  bu cür xəstələrdə sonra müəyyən problemlər əmələ gəlir və ömürlərinin axırına qədər dərman qəbul etmək məcburiyyətində olurlar. Mədəkiçiltmə əməliyyatından sonra isə belə problem ortaya çıxmır. Bu əməliyyatda risk kifayət qədər azdır.
Digər tərəfdən, bildirilir ki, bu əməliyyatın qiyməti Azərbaycanda daha ucuz və əlçatan olduğu üçün müraciət edənlərin də sayı getdikcə çoxalır. Belə ki, hazırda ölkəmizdə bu əməliyyat üçün 4000-6000 min manat tələb olunursa, Türkiyədə bu rəqəm Azərbaycan pulu ilə 10-18 min, Rusiyada 8-12 min manatdır. Avropa və Amerikada isə qiymətlər daha bahadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada daha çox qadınlar kökəlməyə meyllidir. Belə ki, dünyada qadınların 40-42 faizi, kişilərin isə 36-38 faizi artıq çəkidən əziyyət çəkir. Xüsusən qadınların öz bədən formasına həssas yanaşdığını da nəzərə alaraq qeyd etmək olar ki, mədəkiçiltmə əməliyyatına da daha çox qadınlar müraciət edir.

Mütəxəssislər isə bildirir ki, hər kəs bu əməliyyata girə bilməz. Yəni bu əməliyyat üçün bədən indeksləri olmalıdır. Məsələn, əgər müraciət edən pasiyentin 80 kq çəkisi, 1.70 boyu varsa və o, 10 kq arıqlamaq istəyirsə, onun əməliyyata alınması doğru deyil. Bunun üçün həkim də məsuliyyət daşıyır. Qaydaya əsasən bədən indeksi 35-40-dan yüksək olmalıdır. Məsələn, əgər pasiyentin çəkisi 120 kq, boyu 1.50 olarsa, bu zaman indeks boyun kvadratına bölünərək hazırlanır. İndeks 35-i keçirsə, bu əməliyyat üçün göstəriş ola bilər.
Həmçinin  mədə problemi olan şəxslərin bu cür əməliyyata girməsi yolverilməzdir. İlk öncə mədədəki xəstəliklər tam müalicə olunur, daha sonra bu barədə həkim qərar verir. Həmçinin hormonal problem, böyrəküstü vəzin, beynin hipofiz vəzində problem olan xəstələr bu əməliyyata girərkən əks təsirlə üzləşə bilər.
Bəs əməliyyatın xərçəngə səbəb olduğu doğrudurmu?
Ötən il aktrisa Tünzalə Əliyevanın mədəkiçiltmə əməliyyatından sonra xərçəngə tutulduğu barədə məlumatlar yayılmışdı. Məsələ ilə bağlı açıqlama verən aktrisa bildirmişdi ki, əməliyyatdan sonra yaxşı yeyə bilmədiyi üçün immuniteti azalıb və xəstəlik üzə çıxmağa başlayıb. Günümüzdə bu cür faktlarla tez-tez rastlaşırıq. Lakin mütəxəssislər əməliyyatın xərçəng xəstəliyinə səbəb olduğunu qətiyyətlə təkzib edirlər.
Adil Qeybulla ile ilgili görsel sonucu
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a dedi ki, ümumilikdə bu cür əməliyyatlar təhlükəlidir: “Bu xəstələr böyük risk qrupuna aiddir və hər an onlara hər şey ola bilər. Yəni narkoz verilən vaxt olmasa da, sonradan fəsadlar yarana bilir. Bütün bunları nəzər almaq lazımdır. Digər tərəfdən, ağır çəkili xəstələr risk qrupuna daxildir. Buna görə onlar lazım olan bütün müayinələrdən keçməli, məsləhətləşməlidir.  Lakin bəzən buna əməl olunmur. Əməliyyatsız da bu problemi aradan qaldırmaq olar. Məsələn, hazırda Qərb ölkələrində təhsil almış dietoloq mütəxəssislərimiz var, onlara müraciət etmək olar. Bir məsələni də qeyd edim, bu cür əməliyyatlardan sonra tikiş yerlərindən buraxmalar, ağırlaşmalar olur. Bu baxımdan əməliyyat olunmaq istəyən üçün bunları nəzərdə saxlamaq lazımdır”.
Geri dön