Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı > Avropa Bakıya qadağanı götürür: Makronun mühüm səfəri…

Avropa Bakıya qadağanı götürür: Makronun mühüm səfəri…


4-10-2018, 11:02. Yazar: Xeberaz



Qərb ölkələri Gürcüstana hərbi dəstək verməklə Rusiyanın bölgədəki siyasətini məhdudlaşdırmağa çalışır.

"Xabar.Az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Fransa Gürcüstana hava hücumundan qorunmaq üçün “Mistral Atlas” hərbi avadanlığını satıb. Bununla bağlı müqavilə 3 il əvvəl, 2015-ci ildə imzalanıb. Gürcüstan hərbi avadanlığa görə Fransaya 100 milyon avro ödəyib. Bu pulu da Gürcüstan Fransanın “Societe General” bankından kredit götürüb.

“Mistral” zenit raket kompleksi dünyada ən yaxşılarından sayılır. Həmin raketlərin Gürcüstanda sınağını Fransanın bu ölkədəki səfiri Paskal Monye də müşahidə edib. O deyib ki, gürcü ordusunun güclənməsində Tiflisə dəstək verəcəklər, həmçinin Fransanın havadan müdafiə qüvvələri Gürcüstanın hava sahəsini istənilən təhlükədən qoruyacaq”, - siyasi şərhçi bildirib.

Politoloq qeyd edib ki, Fransa ilə yanaşı, ABŞ da Gürcüstanla hərbi əməkdaşlığını davam etdirir:

“ABŞ Gürcüstanda köhnə helikopterləri modernləşdirəcək. Bu haqda Gürcüstanın Baş naziri Mamuka Baxtadze məlumat verib. 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən sonra Qərb ölkələri qeyri-rəsmi Gürcüstana silah satmırdılar. Ancaq bir neçə ildən sonra Qərb ölkələri Gürcüstana tətbiq etdikləri embarqonu yumşaltdılar. Rusiyanın Krımı ilhaqından sonra Qərb Gürcüstana embarqodan imtina etdi”.

Politoloqun sözlərinə görə, Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyirlər:

“ABŞ və Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana silah satmırlar. Ancaq bu siyasətin effekti yoxdur. Çünki Azərbaycan ona lazım olan silahı Rusiya, İsrail, Türkiyə, Ukrayna, Belarus və digər dövlətlərdən alır. Beləliklə, Azərbaycanla əməkdaşlıqdan bu ölkələrin hərbi şirkətləri qazanc əldə edirlər. Bu kontekstdə Fransa Azərbaycana silah satacaq ilk Avropa ölkəsi ola bilər. Bakıda keçirilən “ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində Fransa şirkətləri də iştirak edirdi. Fransanı təmsil edən “Naval Group” şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropada liderdir. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir. Fransanın sərgidəki digər iştirakçısı isə “Thales” şirkəti idi. Şirkət sərgidə hava hərəkətinin idarəolunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim edirdi. Azərbaycan Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. İlkin olaraq Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur. Fransa Prezidenti Emmanuel Makron bir neçə gündən sonra Azərbaycana rəsmi səfər edəcək. Mümkündür ki, bu səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı da saziş imzalansın”.



Geri dön