Ana Sayfa > M / Karusel / Siyasət / Aktual > Ali Məhkəmədə İlqar Məmmədovun barəsindəki qərarlar ləğv edilib

Ali Məhkəmədə İlqar Məmmədovun barəsindəki qərarlar ləğv edilib


2-07-2018, 12:02. Yazar: Xeberaz





Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun şikayətinə baxılıb.
 
"Xəbəraz.az "-ın məlumatına görə, bu barədə onun vəkili  Fuad Ağayev özünün feysbuk səhifəsində məlumat verib.
 
Onun sözlərinə görə, İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib.
 
Ali Məhkəmənin Plenumunun bu qərarını Fuad Ağayev Lent.az-a açıqlamasında belə izah edib: "Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv etməklə məsələni bir daha hüquqi müstəviyə çıxarıb. İş yenidən  Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Bir daha İ.Məmmədov barəsində məhkəmə prosesi olacaq".
 
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.
 
 




Geri dön