Ana Sayfa > M / Karusel / Siyasət / Dünya > Ərdoğan necə qələbə qazandı? – Video

Ərdoğan necə qələbə qazandı? – Video


27-06-2018, 15:57. Yazar: Xeberaz

Türkiyədə keçirilən seçkilərin nəticələrinə dair bu ölkədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın Axar.az saytına müsahibəsini təqdim edirik:
- Toğrul bəy, Türkiyədə seçki dönəmi arxada qaldı. Maraqlıdır, bu seçki nə ilə yadda qaldı? Sürprizlər oldumu?
- Prezident seçkilər tamamlandı. Biz zatən demişdik ki, türk seçicisi sürpriz edə bilər. Bütün sosial araşdırmalarda, ekspertlərin fikirlərində seçkinin ikinci tura qalacağı söylənilirdi. Amma türk seçicisi təkrar seçki istəmədi. Buna görə də Ərdoğanı seçkilərin ilk turunda prezident seçdi. Hətta daha öncəki referendum seçkisindən fərqli olaraq, Ərdoğan özünə aid olan səslərə 1% də əlavə etdi. Burada əsas sürpriz MHP-dən gəldi. Belə ki, bir çoxları, hətta AKP daxilində də bəziləri MHP-dən Ərdoğana səslərin getməyəcəyini söyləyirdilər. Amma söylənilənlərin tam əksi baş verdi. MHP nəinki səsini azaltmadı, hətta açıq şəkildə görüldü ki, seçkidə MHP-nin səsləri Ərdoğana getdi. Unutmayaq ki, AKP bu seçkidə səs itirib. Yəni AKP-nin türk seçicisi partiyaya az səs verdi, amma MHP öz səsini qoruyub saxladı və ittihamların tam əksini göstərdi. MHP seçicisi Ərdoğanı dəstəkləmiş və onu prezident olaraq görməyə davam etmişdir. Hazırda Cümhur İttifaqının seçkidən sonra da qalması mümkün görünür. Bunun səbəblərindən biri də AKP-nin parlamentdə 293 yer qazanmasıdır. Çünki bu say parlamentdə çoxluğu təşkil etmək üçün yetərli deyil. Bəzi əsas məsələlərin həyata keçirilməsində MHP ilə ittifaqa gərək var. Digər tərəfdən də artıq Türkiyənin siyasi həyatında, daha doğrusu, parlamentində yeni bir siyasi partiya - İYİ Partiyası peyda oldu. İYİ Partiyası gözləniləndən daha az səs qazana bildi. Ancaq 10 faizlik baryeri keçdi və bir növ özünü təsdiqləmiş oldu.
- Ərdoğanın qələbəsinə təsir edən amillər nələr idi?
- MHP bu seçkinin taleyini həll etdi. Müxalifətə gəldikdə isə burada ən böyük axsamalardan biri ortaq namizədin olmamasıdır. Bu isə prosesdə Ərdoğanın öz gücünü göstərməsinə səbəb oldu. Ərdoğan müxalifətin səslərindən faydalanaraq, öz səsini artırdı. Eyni zamanda, Ərdoğan, ümumilikdə Cumhur İttifaqı təbliğatı əsas etibari ilə türk dövlətinin və millətinin güclü olması, milli hisslər, milli ruh üzərində qurdu. Türkiyədə bu, çox önəmli məsələdir. Diqqət etsək, bu gün Türkiyə parlament seçkilərinin nəticəsində parlamentdə ciddi şəkildə sağ mühafizəkar, vətənsevər, milliyyətçi qrupların üstünlük təşkil etdiyini görərik. Bu, hardasa, səslərin 70%-indən çoxunu təşkil edir. Bu Türkiyənin siyasi portretini ortaya qoyur.
- Bundan sonra Ərdoğanın qarşısında hansı məsələlər durur?
- HDP baryeri aşdı. Seçkilər nəticəsində Türkiyə parlamentində cəmiyyətin bütün kateqoriyaları təmsil edilib. Bu, çox önəmli hadisələrdən biridir və gələcəkdə Ərdoğanın qarşısında bəzi məsələləri də qoymaqdadır. Bunlardan ən önəmlisi iqtisadi istiqrar, inflyasiyanın qarşısının alınması, işsizliyin aradan götürülməsi və s. olacaqdır. Digər tərəfdən indiki dövrdə Türkiyədə baş nazirin olmaması, bu vəzifəni də prezidentin icra etməsi göstərir ki, iqtisadi reformlarda hər hansı bir uğursuzluq birbaşa prezidentin ayağına yazılacaq. Bu, həssas məqamlardan biridir.
Bundan başqa, Ərdoğanın xarici siyasətdə atacağı addımlar da bu gün xüsusi əhəmiyyət kəsb edir. Burada ABŞ və AB ilə yaşanan bəzi böhran xarakterli məsələlərin həlli əsasdır. Rusiya və İranla olan münasibətlər fonunda Yaxın Şərqdə hansı proseslərin davam edəcəyini isə gələcəkdə görəcəyik. Bunlar Türkiyənin birbaşa güvənliyini, təhlükəsizliyini təmin edəcək həssas məsələlərdir. Prezident Rəcəb Tayyib Ərdoğan ilk növbədə bu problemləri həll etməyə çalışacaq. Digər tərəfdən Ərdoğan Türkiyənin daxili-demokratiya, islahatlar, ən önəmlisi cənub-şərqdəki kürd əhalinin tələbləri, istəkləri və s. məsələləri də həll etməlidir. Çünki seçkilərə Ərdoğan MHP ilə birlikdə getmişdi. MHP-nin də bu məsələyə münasibəti bəllidir. Dolayısı ilə Ərdoğanın həssas məsələlərin həllində MHP-ni təcrid etməsi olduqca çətin olacaq. Biz bu seçkilərin yeni sistemdə baş verən prezident üsul-idarəsinin türk millətinə xeyirli-uğurlu olmasını diləyirik. Türkiyədə güclü demokratiyanın, güclü iqtisadiyyatın olmasını arzulayırıq.
- Türkiyədəki seçkilərin nəticələri Azərbaycan- Türkiyə əlaqələrinə necə təsir edəcək?
- Azərbaycanla münasibətlərin daha da güclənəcəyinə inanıram. Bu seçimlər iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəj. Ümid edirəm ki, irəlidə bu cür münasibətlərin inkişafı güclü ittifaqın yaranmasına gətirib çıxaracaq. Türkiyə xalqının seçiminə sayğı duyuruq və Türkiyənin daha da çiçəklənməsini arzulayırıq.
Geri dön