Ana Sayfa > M / Karusel / Gündəm / Həftə-Reytinq > Rəşid Behbudovun qızı: Atamın ölümü əvvəlcədən müəyyənləşdirilmişdi

Rəşid Behbudovun qızı: Atamın ölümü əvvəlcədən müəyyənləşdirilmişdi


30-05-2018, 21:57. Yazar: Xeberaz


Əməkdar artist Rəşidə Behbudova “V element” verilişinin qonağı olub.
O, atası, xalq artisti Rəşid Behbudovdan danışıb. O, illərdi saxladığı sirləri bölüşüb:
“İlk dəfə bunu səsləndirirəm. Atamın böyrəyində problem var idi, əməliyyat olunmalıydı. Atamı hazırladılar, səhər saat 9-da anamla mən Kreml xəstəxanasına getdik. Orada olarkən prezident aparatından, yəni keçmiş SSRİ, Mərkəzi Komitədən dedilər ki, əməliyyatı təxirə salın.
Əməliyyat onun səhhətini yüngüləşdirməli idi, çünki böyrəkləri narahat idi. Mahnı teatrında özünü soyuğa vermişdi. Çünki binaya yeni köçəndə istilik verilməmişdi, ona soyuq olmuşdu. Bu, ya təbii hadisə idi, ya da belə qələmə verilirdi.
Mübahisəli məsələ idi. Bizə heç nə demədilər, sadəcə əməliyyat təxirə salındı. Onlar çox gərgin idilər, heç bir suala cavab vermirdilər. Sanki hər şey kiminsə əmri ilə yerinə yetirilirdi. Hətta deyərdim əvvəlcədən müəyyənləşdirilmiş sonluq idi. Həkimlər adamı sakitləşdirmək, nəsə demək istəmirdilər. Atamı palataya apardılar və biz onu daha görmədik”.
R.Behbudova “Həqiqətənmi Rəşid Behbudovu qətl etdilər” sualına belə cavab verib:
“Azərbaycanda məlum hadisələr, Sumqayıtda provokasiya məqsədilə törədilmiş hadisələr zamanı Rəşid Behbudov 30 ildən artıq idi ki, SSRİ Ali Sovetinin deputatı idi. 1988-ci ildə Azərbaycan nümayəndə heyətinin, mədəniyyət işçilərinin, SSRİ xalq artistlərinin Azərbaycan və Ermənistan tərəfdən deputatlarla görüşləri oldu.
Həmin görüşə atam gecikmişdi. Qorbaçov atama "O, Rəşid" deyə müraciət etdi. Onun atama "sən" deməsi onu təəccübləndirdi. Etiket qaydalarına əməl etmək lazım idi. Dövlət Mahnı Teatrı haqda soruşdu, atam cavab verdi. “Şəhərimdə tanklar dayanıb” deyə, atam söyləyib. Qorbaçov "Axı bunlar bizim tankdır" deyib. “Bunun əhəmiyyəti yoxdur, sizindir, yoxsa bizim. Bu tanklar sülh şəraitində yaşayan şəhərdədir. Bu, təcavüzdür" deyə, atam söylədi. Orada atamla Qorbaçov arasında gərginlik oldu.
 Atam “Nə qədər ki, mən sağam, SSRİ-nin deputatıyam, Qarabağın bizim olduğunu deyib, hər yerə car çəkəcəm. Əgər bu hərəkətlərinizə son qoymasanız, qan töküləcək” əlavə etdi.
 Atam əlini masaya çırpıb, üzünü çevirib gedib. Evə gəlib anama dedi ki, “Ay arvad, məni aparacaqlar”. Ona görə də atamla bağlı istənilən xəstəliyi uydurmaq olardı. Onu anamı buraxmadıqları palataya salmışdılar.
Heç yerdə bu yoxdu, yaxınlar xəstənin yanına buraxılır. Qohumlara təzyiq edirdilər. Atam qışqırırdı, anam deyirdi nə baş verir? Atam iyunun 8-dən 9-na keçən gecə saat 4-də rəhmətə getmişdi. Anama bunu günorta saat 12-də dedilər. Bizə gizli kasetləri də vermədilər. Orada Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar var idi. Yalandan dedilər ki, atam özü kiməsə verib. Amma kimə bilinmir”.
Geri dön