Ana Sayfa > M / Karusel / Gündəm > “Formula 1-ə qarşı çıxan varsa, deyin, görüşüm onu başa salım” - Deputat

“Formula 1-ə qarşı çıxan varsa, deyin, görüşüm onu başa salım” - Deputat


30-04-2018, 23:23. Yazar: Xeberaz


"Bakı inkişaf etmiş şəhər olaraq "Formula 1” kimi yarışların keçirilməsi üçün seçilən uyğun məkandır. Biz də həm qədim tariximizi, həm mədəniyyətimizi dünyaya göstəririk, dünya da bundan razıdır. İnsanların inkişaf səviyyəsi, bilik, elm və vətənpərvərlik səviyyəsi elə həddə olmalıdır ki, onlar bu yarışların keçirilməsini xoş qarşılasın. Hər hansı bir ölkədə "Formula 1” yarışlarının keçirilməsinə razılıq verilsə, o ölkənin əhalisi bayram edər”. 
Xəbəraz.Az xəbər verir ki, bu sözləri interpress.az-a açıqlamasında millət vəkili Ağacan Abiyev deyib. O bildirib ki, bu yarışlara qarşı olanlar düşmənlərdir: "Bəzi adamların "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olması onların niyyətlərindən xəbər verir. Onlar vətənpərvər deyil, onlar düşməndir, qardaş. Kimsə fiziki, yaxud əqli cəhətdən zəif ola bilər. Amma bu yarışların Bakıda keçirilməsinə etiraz edənlər həm ağıllıdır, həm inkişaf etmişdir, eyni zamanda, Azərbaycan xalqını sevməyənlərdir. Onlar elə adamlardır ki, gərək hər şeyi bişirib hazır şəkildə gətirib qoyasan onların qarşısına. Belələri hazıra nazir olanlardır. Belə adamlardan heç nə gözləmək olmaz. Onların fikirləri  bizə heç lazım da deyil. "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir. Mənim o adamlara yazığım gəlir. Belə deyək də, səviyyəsizlik. 

Məgər, Azərbaycanın düşmənlərinin hamısı "tupoy”dur? Elə şey olar? Onda biz onların nəyi ilə mübarizə aparırıq? Dəlilərlə niyə mübarizə aparmalıyıq?
 
Onların da içində ağıllıları, oxumuşları var. Mən deputatam və "Formula 1” yarışlarının Bakıda keçirilməsinə etiraz edənlər arasında Suraxanıdan olan varsa, deyin, onunla görüşüm onu başa salım. Əminəm ki, onu başa sala bilərəm, çünki mən 50 ildir, müəllim fəaliyyəti ilə məşğulam”. 

Millət vəkili dünyanın bir çox ölkələrinin idman yarışları barədə təşkilatçılıq qaydalarını Azərbaycandan öyrəndiyini bildirib. Deputatın sözlərinə görə, dünya artıq idman sahəsində Azərbaycan standartlarından nümunələr götürüb yararlanır: "Bir dəfə xarici ölkələrin olimpiya idman komitəsinin prezidenti məndən xahiş etdi ki, bu yarışın keçirilməsində onlara kömək edin. Mən də dedim ki, baş üstə. İki-üç nəfər göndərərik sizə, yarışların təşkilatçılığında kömək edərik. Yəni, dünya bizi idman ölkəsi kimi tanıyır. Dünya bu məsələləri bizdən öyrənir. Dünya başa düşür ki, Azərbaycan elə beynəlxalq yarışlara ev sahibliyi edib ki, ondan hər şeyi öyrənmək olar. Beynəlxalq turnirlər, Qitə çempionatları, Dünya çempionatları və s. bunlar hələ ayrı-ayrı federasiyaların apardığı işlərdir. Bütün bunlardan əlavə, biz artıq kontinental yarışlar keçiririk. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bilirsiniz nə deməkdir? Artıq Avropa Olimpiya Komitəsinin və Dünya Olimpiya Komitəsinin prezidenti etiraf etdilər ki, Azərbaycan Avropanın olimpiya mərkəzlərinin bir hissəsinə çevrilib. Bunu qazanmaq lazımdır təbii ki. Bu, hədiyyə deyil. Bundan sonra artıq Azərbaycan standartları dünya standartlarını üstələyib. Artıq Beynəlxalq standartlar yaddan çıxıb. Onlar Azərbaycan standartlarından istifadə edirlər. Dünya artıq Azərbaycan standartlarından özlərinə nümunə götürür”. 

Millət vəkili "Formula 1” yarışlarının növbəti 5 ildə də Bakıda keçirilməsinə münasibət bildirib. O bildirib ki, Azərbaycanda hələ bundan da yaxşı yarışlar keçiriləcək: "Biz əgər "Formula 1” yarışları ilə müqavilə bağlamışıqsa, müqavilənin vaxtı bitənə qədər yarışlara ev sahibliyi edəcəyik. Elə ölkələr var ki, öz çempionatlarını keçirə bilmədikləri halda, Azərbaycanın Amerika, Fransa, İtaliya kimi ölkələrin keçirdiyi yarışdan keçirməsini görüb partdayırlar. Bu yarış yüksək səviyyədə keçirilir və keçiriləcək də. Mən bir vətəndaş kimi hesab edirəm ki, dövlət səviyyəsində "Formula 1” yarışlarının növbəti illərdə keçirilməsinə görə müqavilə bağlanıbsa, keçirilməlidir. Mən idmançıyam ona görə də, bu səviyyədə yarışların Azərbaycanda keçirilməsini ikiəllə alqışlayıram. Hələ bundan da yaxşı yarışlar keçirəcəyik. Ölkələr var ki, ağlayırlar ki, bu cür yarışların keçirilməsinə ev sahibliyi etsinlər. Amma onlar ev sahibliyi edə bilmir. Çünki, onların nə təşkilatçılığı, nə də bacarıqları var”.
Geri dön