Ana Sayfa > M / Karusel / Gündəm > Narkoloji Mərkəzdə baş verən yanğına görə direktor işdən çıxarıldı

Narkoloji Mərkəzdə baş verən yanğına görə direktor işdən çıxarıldı


19-04-2018, 17:16. Yazar: Xeberaz

Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyevin əmri ilə Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.

Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Səmədovaya həvalə edilib.

A.Səmədova faktı təsdiqləyib və vəzifəsinin icrasına başladığını bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  bildirib ki, Telman Məmmədhəsənov Narkoloji Mərkəzdə baş verən yanğına görə vəzifəsindən uzaqlaşdırılıb. 
 
2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində 30-a yaxın insanın ölümü ilə nəticələnən yanğın baş verib. Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
 
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin  birgə məlumatında qeyd olunur ki, hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı Prezidentin tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.
 
Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.
İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.
 
Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.
 
Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.
 
Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.
 
Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Geri dön