Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil > Yeni təhsil naziri kim olsun?

Yeni təhsil naziri kim olsun?


6-12-2017, 14:27. Yazar: Xeberaz


Ekspertlər müxtəlif adlar səsləndirir, ancaq...
Xəbər verildiyi kimi, dekabrın 5-də ölkə başçısı İlham Əliyev sərəncam verərək vergilər naziri Fazil Məmmədovu və təhsil naziri Mikayıl Cabbarovu vəzifəsindən azad edib. Ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri postuna aparılıb. Təhsil naziri vəzifəsinə isə hələ ki təyinat olmayıb. Hazırda təhsil naziri postu boş qalıb və bura kimin gətirilməsi ilə bağlı müxtəlif versiyalar, adlar səsləndirilir.
Biz də bu vəzifəyə kimi layiq gördüklərini öyrənmək üçün təhsil ekspertləri və siyasətçilər arasında kiçik bir sorğu apardıq. Burada müxtəlif adlar səsləndi. Həmçinin ekspertlər bu vəzifəyə gələcək şəxsi hansı kriteriyaları özündə cəmləşdirməsini istədiklərini də bildirdilər
“XXI Əsr” təhsil mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, Təhsil Nazirliyində rəhbər sırasında olan, özünü təsdiqləmiş, eyni zamanda islahatçı rektor imici qazanmış insanların təyinatı sistemin inkişafına səbəb ola bilər: “Təhsil nazirinin kim olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Bu, əlbəttə ki, prezidentin səlahiyyətində olan bir məsələdir. Yəni təhsil strateji sahə olduğuna görə düşünürəm ki, burada daha çox intellektual səviyyəsi, idarəçilik qabiliyyəti yüksək olan şəxsin üzərində dayanılsa, daha yaxşı olar. Mikayıl Cabbarov da mən dediyim keyfiyyətlər var idi və onun təhsil sahəsində imza atdığı islahatlar təhsilin simasını dəyişdi. Düşünürəm ki, sadaladığım keyfiyyətləri özündə ehtiva edən gənc və orta nəslin nümayəndəsinə üstünlük verilsə, daha yaxşı olar. Çünki təhsil eksperti kimi qeyd etmək istəyirəm ki, təhsil sahəsində islahatlar artıq başlayıb və bunun davamı mütləq olmalıdır. Qarşıda çox ciddi hədəflər var. Bu hədəflərə çatmaq üçün həmin islahatların rasional davamı vacibdir. Təhsil Nazirliyi sistemində də çox qabiliyyətli insanlar var. Eyni zamanda bu gün bütün cəmiyyət hiss edir ki, islahatçı rektorlar da artıq görsənir. Çox qısa bir vaxtda rəhbərlik etdiyi ali məktəbin sıçrayışlı inkişafına səbəb olan, idarəçilik gətirən bir neçə ali məktəb rektoru da var. Hər halda düşünürəm ki, prezidentin kadr seçimi bu sahədə də düzgün olacaq və Azərbaycan təhsilinin gələcək inkişafına həmin seçim öz töhfələrini verəcək”.
E.Əliyev bildirdi ki, yalnız Misir Mərdanovun bu vəzifəyə qayıdışı fəlakət ola bilər və bu qeyri mümkündür.
Qeyd edək ki, təhsil naziri postuna səsləndirilən adlar içərisində Misir Mərdanovun da adı çəkilir. Modern.az saytına açıqlama verən Misir Mərdanov isə adının çəkilməsi ilə bağlı açıqlama verməyib və yalnız bu sözləri deyib: “Kimin nazir təyin olunması cənab prezidentin sərəncamındadır. Kim təyin olunacaqsa, həmin şəxsə ancaq uğurlar arzu edə bilərəm. Əsas odur ki, təhsilimizə töhfə versin. Başqa heç nə deyə bilmərəm”.
Keçmiş təhsil naziri Firudin Cəlilov isə Musavat.com-a açıqlamasında iki şəxsdən birinin bu vəzifəyə gətirilməsinin daha yaxşı olacağını dedi: “İlk növbədə təhsilin sistemini dəyişmək lazımdır və Finlandiya sisteminə keçmək lazımdır ki, şagirdlər, tələbələr məktəbə həvəslə getsinlər. Finlandiyada dərsliklərlə, artıq proqramlarla uşaqları yükləmirlər, yormurlar. İkinci isə müasir texnologiyadan, təhsil sistemindən pedaqogikadan xəbəri olan adam olsa daha yaxşı olar. Məncə, ya Nərgiz Paşayeva, ya da Kamal Abdullanı yeni nazir təyin edə bilərlər. Bunların hər ikisi akademikdir, sistemin adamlarıdır”.
Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü isə keçmiş nazir Mikayıl Cabbarovun uğurlu layihələrə imza atdığını və gələn şəxsin də bu layihələri davam etdirməsini istədiyini dedi: “Mən təhsil işçisi kimi Məleykə Abbaszadənin, Misir Mərdanovun və Nərgiz Paşayevanın bu posta layiq olduğunu düşünürəm. Çünki bu insanlar təhsil sistemində işləyən insanlardır. Bu şəxslər təhsilimizin Avropa standartalarına uyğun qurulmasında, onun tələbləri baxımından inkişafında müəyyən xidmətləri olmuş insanlardır. Sözsüz ki, bu üç nəfərdən hansı gələrsə düşünürəm ki, təhsil sistemimizin islahatlarının Avropa standartlarına uyğun şəkildə davam və inkişaf etdirilməsinə faydası olacaq. Bu dəyişiklik gözlənilən idi. Keçmiş nazir də zamanında uğurlu və vacib layihələrə imzalar atıb və bu layihələrində kim gələcəksə davam etdirilməsi təhsilimizin ancaq faydasına ola bilər”.
Siyasilərə gəlincə isə deputat Fazil Mustafa bildirdi ki, düşüncəsində bu posta layiq bir neçə şəxslər olsa da, adlarını çəkməyi düzgün hesab etmir: “Təhsil nazirinin bilavasitə bu sahəyə uyğun adam olub olmaması önəmli deyil. Əsas yaxşı menecmenlik qabiliyyəti olan, bir də korrupsiyadan uzaq olan şəxsin olması vacibdir. Təhsil sistemi elədir ki, bütövlükdə bu camiəyə açıq bir insanın olması vacibdir. Yəni hamı ilə dialoq apara bilər, müəyyən dərəcədə müəllimin, tələbənin, şagirdin maraqlarını oxuya bilən, təhsilin fəlsəfəsini anlaya bilən, gələcəyə dair özünün strateji düşüncəsi olan, eyni zamanda ekspertlərlə məsləhətləşən, müəyyən dərəcədə təcrübəli olan insanların rəylərini nəzərə ala biləcək bir anlayışa sahib olan insan olmalıdır. Həm də bizim bir deputat kimi marağımız odur ki, Milli Məclisin müvafiq komissiyaları ilə qanunvericilik baxımından intensiv əlaqəsi olan, müəyyən məsələləri parlamentdə müzakirəsinə meylli olan anlayışa sahib bir şəxsin olması vacibdir. Məncə, Azərbaycanda bu sahədə kadrlar az deyil. Doğru seçim edilsə, bu sahəni ümidverici bir şəkildə qaldırmaq olar. Keçmiş nazir də islahat xarakterli xeyli addımlara imza atdı. Təhsildə bunun nəticəsi dərhal görünmür. Davamlı bir proses olmalıdır. Əgər orta təhsil 11 ildirsə, nəticədə, 11 ilin sonunda özünü göstərməlidir. Yeni nazir həm də qəbul sistemi ilə daha sıx təmasda işləyən, onun tənqidlərini nəzərə alan bir anlayışa sahib olmalıdır ki, hansı sahədə boşluqlar varsa, ortadan qaldırsın. Mənim fikrimdə bir neçə şəxslər var, düşünürəm ki, onlar olsa daha yaxşı olar. Amma müəyyən dərəcədə adlarının hallanmasını doğru hesab etmirəm. Yəqin ki, ölkə prezidenti özü də müşahidə edir və bu meyarları özündə cəmləyən şəxslərdən birini təyin edəcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə hansısa bir versiya üzərində danışmağı düzgün hesab etmədiyini bildirdi: “Bu ölkədə nazir təyin etmək səlahiyyəti və seçimi cənab prezidentə məxsusdur. Mənim hər hansısa bir versiya üzərində danışmağım və yaxud da adam təklif etməyim bir siyasətçi üçün normal məntiqə söykənən bir şey deyil. Prezident kimi istəsə təklif edəcək, kimi istəsə təyin edəcək. Mənim necə nazir görmək istədiyimə gəlincə isə Ümid Partiyasının xəttini hakimiyyətə daşımaq istəyirəm və bu siyasəti gerçəkləşdirən nazirlər görmək istəyirəm”.
Geri dön