Ana Sayfa > M / Karusel / Gündəm / Maraqlı > Qız qaçıran Azadqaraqoyunlu və..onun Turp nağılı- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Qız qaçıran Azadqaraqoyunlu və..onun Turp nağılı- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR


19-10-2017, 15:48. Yazar: Xeberaz
leman
Tərtərin Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Vahid Qasımlı hamilə arvadını 2 yaşlı körpəsi ilə atıb qonşu kənddən qız götürüb qaçıb.
Mən də 3 gündür müstəqilliyə qafiyə axtarıram Və siz də 3 gündür baş-beynimizi aparmısız ki, müstəqillik ancaq sözdədir, Azadlıq isə qandallanıb. Xeyr əfəndilər, müstəqillik sözdə, azadlıq qandalda olsaydı, azadqaraqoyunlular belə müstəqil, belə azad davranmazdılar. O gəncə-iki uşaq atasına özünü subay kimi aparmaq cəsarətini verən onun daxili azadlığı, müstəqil düşünmək qabiliyyətidir.
Hələ bir onun açıqlamasına baxın:” “Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrində idim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın, düz danışsın” Təsəvvür edin, bu hələ həyat yoldaşını boşamayıb, arvadı biri qucağında, biri qarnında bu dördayaqlıdan uşaq gəzdirir, bu isə sanki öz zövcəsi yox, hansısa yadplanetli haqda danışır, uşaqlar da əkdiyi turplardan sadəcə ikisidir. Hər halda oxuduğum müsahibələrdən belə anlaşıldı ki, 22 yaşında iki dəfə evlənməyə müvəffəq olan qoçağın evindən xeyli kənarda turp sahəsi var. Turp mütəxəssisi həm də turpu arvadının başında əkirmiş. Onun gözündən uzaqda özünə sevgili tapıb, sonra da əsl subay və müstəqil gənc kimi qızı vurub qoltuğuna gəlib Bakıya. Hürufilər vətəninə.
Əslində bu gün özümü Böyük Müstəqilliyə kökləmişdim. Yaxşı bir yazı yazacaq, müstəqilliyi bizə dadızdıranların adlarını çəkəcəkdim. Ondan da qabaq Hacıbaba Əzimova facebookda dostluq atacaqdım. Çünki Hacıbaba müəllim hər ilin bu günü xüsusilə kövrək olur, müstəqillik Bəyannaməsinin müəllifi kimi məhz onun adının çəkilməsini israrla tələb edir, bunu etməyənlərə qarşı barışmaz mövqedə dayanır. Ötən illərdə mən bunun çox şahidi olmuşam. Bir dəfə eyni narazılıq mənim hazırladığım süjetlə bağlı yaranmışdı və ondan sonra qulağımda sırğa elədim ki, 18 oktyabr varsa, mütləq Hacıbaba Əzimov da var. O cümlədən digər başqa isimlər də. Sabir Rüstəmxanlı da, Etibar Məmmədov da, Tofiq Qasımov da, İsa Qəmbər də, Arif hacılı da, Firidun Cəlilov da, Mətləb Mütəllimli də, Tahir Kərimli də, adını çəkə bilmədiyim onlarla insanlar da.
Keçən il 18 oktyabrda Etibar Məmmədova təbrik mesajı yazmışdım. Bu il məsələn Sabir Rüstəmxanlıya yazacaqdım. Elə-belə içimdən gəldiyi üçün. Bunu bir ənənəyə çevirmək üçün yazacaqdım. Yazacaqdım ki, sabah onlar bu həyatda olmayanda təəssüflənməyim. Deməyim ki, adicə bir təşəkkürü onlardan əsirgədim. Hərçənd onlar bizdən müstəqilliyi əsirgəmədilər. Kiminin meydanda başı yarıldı, kiminin zindandanlarda bağrı. Düzdür, çoxu mükafatını alıb. Halal haqlarıdır.Amma almayanlar da var. Eynən Müstəqillik Gününün özü kimi.
Bu günü illərdir bayram səviyyəsinə qaldıra bilmirik.
Nə isə..Demək istədiyim odur ki, bütün bunlar haqda yazmaq istədiyim o möhtəşəm yazını Azadqaraqoyunludan olan gədə pozdu.
Onun yaşı Müstəqillikdən də azdır. Vur-tut 22 yaşı var. Şüuru isə Qaraqoyunlular dövrünün şüurunu xatırladır. Düşünürəm ki, bunun səbəbini də Müstəqillikdə axtarıb tapmaq lazımdır. Bəli, bəli, məhz Müstəqillikdə!. O bizim çətin günlərin uşağıdır. Azərbaycanın təbəddülatlı dövrünün, müharibələrin, daxili çəkişmələrin, aclığın, səfalətin, təhsilsizliyin törəməsidir. Onun vaxtında sovet təhsil sistemi darmadağın oldu. Müstəqil dövlətin təhsilindən isə danışmağa dəyməzdi. Düşünürəm ki, o ən yaxşı halda orta məktəbdə keçdiklərindən ancaq “Turp” nağılını yadında saxlayıb. İndi mən də səbirsizliklə bu nağılın sonunu gözləyirəm.
Çarəsiz hamilə qadınla “müstəqil dördayaqlı”nın nağılını. Ona necə ürəkdən “müstəqilliyin əbədi olmasın” deyərdim!
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
Gununsesi.info
Geri dön