Ana Sayfa > M / Karusel / Gündəm > Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib

Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib


2-10-2017, 10:46. Yazar: Xeberaz

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bu tədbirlər müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Qobustan şəhər 100 yerlik uşaq bağçasının inşası da bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu müəssisədəki otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətləri üçün də hərtərəfli şərait mövcuddur.
Məlumat verildi ki, Qobustan şəhər uşaq bağçası üçün binanın tikintisinə 2014-cü ilin martında başlanılıb. Burada inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var. Bir sözlə, bu cür müəssisələrin yaradılması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.
----------
10:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb. Bundan başqa, bu layihənin həyata keçirilməsi həm də turizmin və regionların sosial-iqtisadi inkişafına töhfə verəcək, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Geri dön