Ana Sayfa > M / Karusel / Gündəm / Təbriklər > Qəlbin səsindən və mənəviyyatdan doğan xeyirxahlıq. Bu gün Mehriban Əliyevanın ad günüdür

Qəlbin səsindən və mənəviyyatdan doğan xeyirxahlıq. Bu gün Mehriban Əliyevanın ad günüdür


26-08-2017, 10:28. Yazar: Xeberaz


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu dövlət və ictimai xadim, bir çox əlamətdar tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Azərbaycanın bir çox böyük uğurları və mühüm hadisələr məhz Mehriban Əliyevanın adı ilə bağlıdır.
"Biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq". Mehriban Əliyevanın söylədiyi bu sözlər onun və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bütün fəaliyyətinin şüarına çevrilə bilər: öz xalqına və köməyə ehtiyacı olanlara xidmət etmək.
Mehriban Əliyevanın fəaliyyətinin istiqamətləri və miqyası heyranlıq doğurur: Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər, sosial sahənin inkişafı üçün nəhəng iş, ölkədə və xaricdə həyata keçirilən saysız-hesabsız humanitar aksiyalar, Azərbaycan xalqının mədəni irsinin qorunması və artırılması işinə böyük töhfə və digər bir çox işlər.
Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti məhz Mehriban Əliyevanın adı ilə, onun dahiyanə təşkilatçılıq bacarığı, təşəbbüskarlığı, prinsipiallığı və istedadı ilə bağlıdır.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində Mehriban Əliyevanın müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın bir cox ölkələrində müxtəlif aksiyalar keçirilir, sərgilər və digər tədbirlər təşkil edilir. Bu məqsədlə görülmüş fundamental işlərin sırasında Fond tərəfindən hazırlanmış və bir çox xarici dillərə tərcümə olunmuş "Qarabağ reallıqları" toplusu, Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi və mədəni abidələrin dağıntılarının təsvirini verən nəfis şəkildə hazırlanmış səhifələnən disklərlə və peyk fotoşəkilləri ilə təchiz olunmuş "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" multimedia nəşri ayrıca yer tutur. Dünyanın bir çox yerlərində "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər isə böyük əks-səda doğurur. Belə ki, bu kampaniya nəticəsində bir çox xarici ölkələrin parlamentləri Xocalı faciəsinə hüquqi qiymət verib.
Mehriban Əliyevanın ölkədə sosial sahənin inkişafındakı xidmətləri və töhfəsi hədsizdir. Buna nümunə olaraq, Azərbaycanda geniş miqyasda həyata keçirilən kimsəsiz uşaqlara dəstək proqramını göstərmək olar. Proqram çərçivəsində onların təhsil almasına, istedadlarının üzə çıxarılmasına, işlə təmin olunmasına və mənzil problemlərinin həllinə hərtərəfli kömək göstərilir. Bundan başqa, son illərdə Azərbaycanda 3 mindən çox məktəb, 500 tibb müəssisəsi, yüzlərlə uşaq bağçası, çoxlu sayda digər sosial yönümlü obyektlər tikilib və təmir edilib. Əlbəttə, bütün bu işlərdə Mehriban Əliyevanın xidmətləri əvəzsizdir və təəccüblü deyil ki, Mehriban xanım ölkə vətəndaşlarının sonsuz sevgi və etimadını qazanıb.
Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində yorulmaz fəaliyyəti və səyləri sayəsində bu sahə, ölkənin yaradıcı ziyalılarının dili ilə desək, hazırda öz "qızıl dövrü"nü yaşayır. Bütün dünya sözün əsl mənasında qədim adət-ənənələri və zəngin mədəniyyəti olan və dünya mədəni irsinin mühüm bir hissəsi kimi çıxış edən Azərbaycanı kəşf etdi, muğam sənəti isə xarici musiqisevərlər üçün daha əlçatan və daha yaxın oldu. Mehriban Əliyevanın da qeyd etdiyi kimi, muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır. Azərbaycan muğamının dünyada uğuru və YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması Mehriban Əliyevanın Azərbaycan xalqının mədəni və musiqi zənginliyinin qorunmasında böyük şəxsi səyləri hesabına mümkün oldu.
Mehriban Əliyevanın rəhbərliyi altında görülən hər bir iş mükəmməl alınır. Mehriban xanım özünü möhtəşəm təşkilatçı kimi hələ Bakıda "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq zamanı göstərmişdi. Belə ki, ekspertlərin, qonaqların və müsabiqə iştirakçılarının fikrincə, bu müsabiqə festival tarixində ən yaxşısı idi.
Digər parlaq nümunə kimi isə iki il əvvəl Bakıda təntənəli şəkildə keçirilmiş Birinci Avropa Oyunlarını göstərmək olar. Belə miqyasda tədbir ölkəmizdə ilk dəfə keçirilirdi. Bu, özünəməxsus imtahan idi və Mehriban Əliyevanın təşkilati və yaradıcı dühası sayəsində ölkəmiz onun öhdəsindən layiqincə gəldi. Müxtəlif ölkələrdən olan minlərlə insan Mehriban xanımın şəxsiyyətinin gücü sayəsində vahid mexanizm kimi çalışırdı. Tədbirlərin təşkilində yüksək standartlar nümayiş etdirildi, Oyunlara hazırlıq sistemi isə müxtəlif ölkələrdə maraqla qarşılandı. Bütün bunların Mehriban Əliyevanın təşkilatçılıq istedadı, daha dəqiqi isə tanri vergisi sayəsində mümkün olduğunu söyləmək olar.
Eyni hal bir müddət əvvəl Bakıda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı da müşahidə olundu. İslamiadanın açılış mərasimi zamanı çıxış edərkən Mehriban xanım qeyd etdi ki, bu Oyunlar Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir: "İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi".
Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsində fəaliyyəti xüsusi diqqətə layiqdir. Mehriban xanım 2002-ci ildə Gimnastika Federasiyasına rəhbərlik etdikdən sonra bu idman növü üçün milli məktəb, eləcə də bütün zəruri infrastruktur demək olar ki, sıfırdan yaradıldı. Bu nəhəng iş nəticəsində son 15 il ərzində Azərbaycanda gimnastika inanılmaz dərəcədə böyük inkişaf yolu keçdi, idmançılarımız isə yüksək uğurlar əldə edirlər. Əgər milli federasiyanın yaradıldığı mərhələdə Azərbaycanda 7 rəsmi gimnastika növündən dördü təmsil olunurdusa, indi ölkəmiz dünya gimnastika prosesinin tam iştirakçısına çevrilib. Bakı dəfələrlə dünya və Avropa çempionatlarını qəbul edib, bütün ölkə üzrə mütəmadi olaraq gənclər və yeniyetmələr arasında turnirlər keçirilir.
Bir müddət əvvəl Bakıda olmuş Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Andre Qaysbuxler gördüklərindən fərəh hissi keçirdiyini ifadə edib. "Azərbaycan gimnastikanın inkişafında inanılmaz irəliləyiş əldə edib və mən qısa müddət ərzində bu qədər iş görə biləcək başqa ölkə tanımıram", - deyə o, vurğulayıb.
Mehriban Əliyevanın tərcümeyi-halında 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun xoşməramlı səfiri seçilməsi xüsusi yer tutur. Belə ki, Mehriban xanım eyni vaxtda hər iki qurumun xoşməramlı səfiri olan yeganə şəxsdir. Bu, Mehriban Əliyevanın təhsil, mədəniyyət və elmə dəstək, uşaqlara qayğı, eləcə də mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa dəstək sahəsində fəaliyyətinə verilən əyani qiymətdir. Bu təşkilatların xoşməramlı səfiri olmaq həqiqətən də şərəfli və mühüm işdir, çünki bu status Azərbaycanı geniş beynəlxalq arenada təmsil etməyə imkan verir. Mehriban Əliyeva bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlir - onun səyləri sayəsində Azərbaycanın bir çox mədəniyyət obyektləri YUNESKO-nun Qeyri-maddi irsi siyahısına daxil edilib.
Xüsusi qeyd etmək lazımdır ki, Mehriban Əliyevanın Şərq və Qərbin yaxınlaşması, mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı anlaşması, dünya irsinin qorunması üzrə fəaliyyəti ölkədə və xaricdə böyük dəstək qazanır.
YUNESKO-nun baş katibi İrina Bokovanın qeyd etdiyi kimi, Mehriban Əliyeva mədəni müxtəliflik, eləcə də mədəniyyətlərarası dialoq kimi vacib sahələrdə layihələri və fəaliyyətləri dəstəkləməkdə davam edir. Onun sözlərinə görə, bütün bu layihələr YUNESKO-nun əsas məqsədlərinə uyğundur.
"Bu gün dünya qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviqinə ciddi ehtiyac duyur". Mehriban Əliyeva söylədiyi bu fikir onun YUNESKO və İSESKO-nun xoşməramlı səfiri qismində fəaliyyətinin bütün dövrlərində öz əksini tapır. Onun rəhbərliyi altında dünyada mədəni, tarixi və mənəvi irs obyektlərinin bərpası üzrə çoxlu sayda layihələr həyata keçirilib. Buraya Romada qədim Marçellino və Pyetro katakombalarının, Versal sarayının parkında tarixi abidələrin, Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin və Strasburq kilsəsində şüşə vitrajların bərpası, Luvr muzeyində İslam incəsənəti bölməsinin açılmasında iştirak və digər bir çox işlər daxildir. Onu da qeyd edək ki, Parisdə, Fransa paytaxtının tarixi mərkəzində ölkəmizin daha yüksək səviyyədə təbliği üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.
Mehriban Əliyeva Azərbaycana xas olan tolerantlıq və multikulturalizm dəyərlərinə sadiq qalaraq, müxtəlif xalqların mədəni və tarixi irsini bütün bəşəriyyətin vahid sərvətinin bir hissəsi kimi qiymətləndirir. Onun təşəbbüsü ilə Azərbaycanda və xaricdə məscidlər, kilsələr və sinaqoqlar bərpa olunur. Bundan əlavə, Heydər Əliyev Fondu Luvr muzeyində İslam şöbəsinin təşkilində, eləcə də Roma katakombalarının bərpasında birbaşa iştirak edib. Bu iki hadisə Mehriban Əliyevanın qədim tarixə aid mühüm abidələrin həyata qaytarılmasına misilsiz töhfə verdiyini parlaq şəkildə göstərir. Əlamətdar haldır ki, Vatikandakı katakombaların bərpası Azərbaycanda "Multikulturalizm ili"nin elan olunduğu 2016-cı ildə həyata keçirildi.
Bu nəcib işləri xüsusi dəyərləndirən İSESKO-nun baş direktoru, doktor Əbdüləziz bin Osman əl-Tüveycri qeyd edir ki, Azərbaycanın müasir, tolerant və konstruktiv ölkə olaraq həqiqi simasını bütün dünyaya göstərir: "Fikrimcə, Azərbaycanın birinci xanımı hörmətə və heyranlığa layiq dünya əhəmiyyətli xadimdir".
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunması onun nəhəng ictimai fəaliyyətinin və Azərbaycanın inkişafına verdiyi şəxsi töhfənin məntiqi davamı, eləcə də Azərbaycan ictimaiyyətinin istəyinin təcəssümüdür.
Birinci vitse-prezidenti təqdim edərkən Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanın ölkənin ictimai-siyasi və mədəni həyatında xidmətlərini qeyd etdi və xüsusilə vurğuladı ki, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun işi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbətlə, sevgi ilə yanaşır". Dövlətimizin başçısı əlavə etdi ki, Mehriban Əliyeva beynəlxalq aləmdə böyük nüfuza malikdir və öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları ilə təltif edilib.
Mehriban xanım böyük təşkilatçılıq istedadına sahibdir, güclü şəxsiyyətdir, dəqiq prinsipləri olan insandır, Prezidentin etibarlı silahdaşıdır. Tam əminliklə söyləmək olar ki, bütün bu keyfiyyətlər və xidmətlər ümumxalq sevgisi ilə birləşərək Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində öz böyük potensialını ölkənin inkişafı və çiçəklənməsi işinə daha səmərəli şəkildə yönəltməyə imkan verəcək. Birinci vitse-prezident Mehriban Əliyeva dövlət siyasətinin demək olar ki, ən mürəkkəb sahəsi olan sosial sahənin qayğısına qalacaq. Mehriban xanım bundan əvvəlki uğurlu fəaliyyəti ilə sübut edib ki, ən mürəkkəb problemlərin öhdəsindən gəlməyə qadirdir. Bütün bunlara baxmayaraq, Mehriban Əliyevanın gördüyü bir çox xeyirxah işlər işıqlandırılmır, bu isə bir daha onun təvazökarlığını və bu nəhəng və xeyirxah işləri öz mənəvi borcu kimi və qəlbinin çağırışı ilə həyata keçirdiyini göstərir.
Mehriban xanım "Rossiya 24" telekanalına müsahibəsində öz təyinatı barədə bunları demişdi: "Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi tək bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarını əsas götürür. Düşünürəm ki, qərarını da o, bu prinsiplərə əsaslanaraq qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam".
Təəccüblü deyil ki, təyinatından dərhal sonra Mehriban Əliyeva irimiqyaslı işə başladı. Mehriban xanım "Rossiya 24" telekanalına müsahibəsində bildirmişdi: "Mənim təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram".
Artıq martın 9-da Mehriban Əliyevanın sədrliyi altında Bakı və Sumqayıtda yararsız və qəzalı binalarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi. İyunun 27-də isə Masazır qəsəbəsində 214 məcburi köçkün ailəsinə mənzillər təqdim olundu. Təmirli və tam təchiz olunmuş bu mənzillərdə yeni sakinlər əlavə xərc çəkmədən yaşaya bilərlər. Bundan bir qədər əvvəl isə - mayın 30-da Lökbatan qəsəbəsində Birinci vitse-prezidentin iştirakı ilə məcburi köçkün ailələri üçün daha bir müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi.
Bundan əlavə, Birinci vitse-prezidentin diqqət mərkəzində şəhid ailələri və milli qəhrəmanlar, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslərin qayğısına qalmaq dayanır. Mehriban Əliyeva ötənilki aprel döyüşlərinin iştirakçılarına da dəstəyini bildirib. Erməni təxribatını dəf edərkən zərər çəkmiş hərbi qulluqçularla görüşü zamanı Birinci vitse-prezident Mehriban Əliyeva müharibə və sülhdən danışırdı. Çox sakit və müdrik bir çıxış idi. Mehriban Əliyeva aprel döyüşlərinin qəhrəmanlarını bir daha əmin etdi ki, Azərbaycan dövləti onlara hər cür köməyi göstərəcək.
Bu, sadəcə başlanğıcdır. Böyük və məsuliyyətli yolun başlanğıcı. Əsas işlər isə irəlidədir. Və əgər bu cür uğurlu start verilibsə, deməli, gündəlikdə dayanan bütün sosial məsələlərin bir-birinin ardınca həll olunacağını gözləmək olar.
Güclü və məqsədyönlü şəxsiyyət üçün həllolunmaz məsələ yoxdur. Mehriban xanımın yüksək zəkası və məqsədyönlülüyü, onun nəhəng təşkilatçılıq qabiliyyəti və idarəçilik istedadı, xalqın ənənələrinə sadiqliyi və yaradıcılığı, Qərb və Şərqin nümayəndələri ilə, siyasətçilərlə və yaradıcı ziyalılarla, diplomatlarla və din xadimləri ilə ümumi bir dildə danışmaq bacarığı, eləcə də bütün işlərdə uğura nail olmaq qabiliyyəti - bütün bunlar Mehriban Əliyevanın həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük nüfuzunu şərtləndirən amillərdən yalnız bir neçəsidir.
Emin Əliyev,
Day.az-ın baş redaktoru
Geri dön