Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > Hansı sığorta şirkəti müştəriyə daha çox ödəniş edib?

Hansı sığorta şirkəti müştəriyə daha çox ödəniş edib?


23-06-2015, 22:50. Yazar: Xeberaz
Hansı sığorta şirkəti müştəriyə daha çox ödəniş edib?
Rəqəmlər açıqlandı.

2015-ci ilin yanvar-may aylarında sığorta ödənişlərinin məbləğinə görə lider “Qala Həyat Sığorta” şirkəti olub – 15,3 milyon manatla.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) hazırladığı son statistik məlumatda bildirilir.

Sonrakı yerləri tutan “PAŞA Sığorta”nın ödənişləri 11,6 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 6,3 milyon manat təşkil edib.

Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (5,5 milyon manat) və “AXA MBASK” (4,9 milyon manat) şirkətləri tamamlayır.

Ümumilikdə, ödənişlərin 58,5%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (43,6 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (86,63 min manat), “Günay Sığorta” (41,15 min manat), “İpək Yolu Sığorta” (18,83 min manat), “Çartis Azərbaycan” (13,2 min manat) və “Azərqarant” (1432 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 161,24 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ən çox sığorta haqqı toplayan şirkətlərin də adları açıqlanıb:

Belə ki, analoji dövrdə Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Şirkət 5 ay ərzində 36 milyon manat sığorta haqqı toplayıb.

Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 29,5 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 10,8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (18,5 milyon manat) və “Azərsığorta” (16,2 milyon manat) şirkətləri tamamlayır.

Xatırladaq ki, ötən ay "Era-Trans" sığorta şirkətinin lisenziyası ləğv edilmişdi. “Çartis Azərbaycan” isə praktiki olaraq fəaliyyətini dayandırıb. Məhz bu şirkətlərin ödənişlərinin və sığorta haqqlarının azalmasına səbəb qeyd etdiyimiz amillərlə bağlıdır.
Geri dön