Ana Sayfa > M / Karusel / İqtisadiyyat > İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı


22-11-2016, 11:47. Yazar: Xeberaz
İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı
Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, habelə xarici dövlətlərin qeyri-kommersiya qurumlarının filial və ya nümayəndəlikləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, “Qrant haqqında” qanunda göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların (müqavilə (qərar) qeydə alınmasını tənzimləyir.

Qanuna əsasən, qrant humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.

Qaydaya əsasən, müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Dəyişikliyə əsasən bundan sonra publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrini (qərarlarını) İqtisadiyyat Nazirliyi qeydə alacaq.

Qeyd edək ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzi, xəstəxanalar da daxil olmaqla, bir çox qurumlar publik hüquqi şəxs statusunda fəaliyyət göstərir.
Geri dön