Ana Sayfa > M / Karusel / Gündəm > Qəhrəman polis:Körpə uşaqlar, gəlinlər - hamısı ağlayırdı.

Qəhrəman polis:Körpə uşaqlar, gəlinlər - hamısı ağlayırdı.


20-05-2015, 16:56. Yazar: Xeberaz
Qəhrəman polis:Körpə uşaqlar, gəlinlər - hamısı ağlayırdı.
"Orada olanlar hamısı bizim bacılarımız, qardaşlarımız idi".

Dünən baş verən dəhşətli yanğında həyatını təhlükəyə ataraq öz vəzifə və insanlıq borcunu yerinə yetirənlərdən biri də 2004-cü ilin aprelindən İctimai Təhlükəsizlik Baş İdarəsinin Karantin Tədbirlərini Təmin Edən Əlahiddə Polis Taborunun işçisi, 1984-cü il, yanvarın 18-də Biləsuvarda anadan olmuş Emin Abışovdur. Onun xilasetmə əməliyyatı zamanı sosial şəbəkələrdə yayılan şəkli hər kəsin diqqətini çəkdi, sevgi oyatdı, qürur doğurdu.

Xeberaz.az xəbər verir ki, Emin xilasetmə əməliyyatı zamanı yaşanan anları axar.az-a danışıb:

- Gördüm ki, dəhşətli yanğın baş verir. Orada olanlar hamısı bizim bacılarımız, qardaşlarımız idi. Yanğın artırdı. Öncə bir cavan gəlini xilas edib, tibbi yardım maşınına təhvil verdim. Bir azyaşlı uşağı isə FHN-in işçisi ilə xilas edə bildik. Yeddinci mərtəbəyə qədər qalxsaq da, ondan sonra yanğın qalxmağa imkan vermədi. Burada da bir xanımla bir uşağı xilas etdim.

- Qorxmurdunmu?

- Orada hər şeyi gözümün qabağına aldım. Bu, mənim insanlıq, vətəndaşlıq borcum idi. Təkcə mən yox, bütün əməkdaşlar xüsusi şücaət göstərirdilər.

- Xilas etdikləriniz sizə nə deyirdilər?

- Körpə uşaqlar, gəlinlər - hamısı ağlayırdı. Bütün polislər, FHN əməkdaşları həyatlarını təhlükəyə atıb, çalışırdılar. Öz canımız yadımızdan çıxmışdı, ağlayanların harayında idik. O körpə uşağı qucağımda çıxaranda gördüm nəfəs almır, burnu dolmuşdu. Tez burnunu sovurdum. Allaha çox şükür ki, uşaq ağlamağa başladı, ayıldı. Bu anı heç zaman unutmayacam: körpə bir balanı Allah mənim qucağımdaca diriltdi. Onu da həkimlərə təhvil verib, yenidən köməyə getdim...

Xatırladaq ki, Orxan Əzimin "Assoşieyted Press" agentliyi üçün çəkdiyi və polisin xilasetmə anını əks etdirən foto bu gün "Tayms", "Qardian", "Haffinqton Post" və s. kimi dünyanın nüfuzlu nəşrləri tərəfindən "Günün fotosu" rubrikasında dərc olunub.

Fotodakı azərbaycanlı polis çavuşu Emin Abışovu isə Britaniya və ABŞ mediası "Qəhrəman polis" adlandırıb.
Geri dön