Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil > Fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərinə vəsiqələr təqdim edilib

Fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərinə vəsiqələr təqdim edilib


1-05-2015, 14:31. Yazar: Xeberaz
Fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərinə vəsiqələr təqdim edilib

Xeberaz.az xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülmüş mədəniyyət, incəsənət xadimlərinə, turizm işçilərinə orden və medallar təqdim edib.

APA-nın məlumatına görə, Muzey Mərkəzində keçirilən tədbirdə çıxış edən Ə. Qarayev bildirib ki, fəxri adların bu gün təqdim olunması təsadüfü deyil: “Biz vaxtilə 1 mayı bayram günü kimi qeyd edirdik. O günlərin üstündən uzun illər keçib, dövr dəyişib, artıq yeni qanunlarla yaşayırıq. Amma düşündük ki, fəxri adları mədəniyyət sahəsində zəhməti olan insanlara məhz bu gün təqdim edək. Xidmətləri ölkə başçısı tərəfindən qiymətləndirilən bu insanların hamısının Azərbaycan mədəniyyətində, incəsənətində əziyyətləri var. Bu mükafatları onlara təqdim etməkdən çox məmnunam”.

Nazir əlavə edib ki, son illərdə Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə geniş şəkildə təbliğ olunur, Azərbaycan musiqiçiləri mötəbər tədbirlərdən mükafatla qayıdırlar.

Daha sonra fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadimlərinə vəsiqələr təqdim edilib.

Rafiq Hüseynov, Könül Xasıyeva, Gülyanaq və Gülyaz Məmmədovalar, Ənvər Sadıqova xalq artisti, Afaq Abbasova-Budaqova, Murad Dadaşov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Çinarə Heydərova, Rafael İsgəndərov, Coşqun Rəhimova və başqalarına əməkdar artist, Məlahət Abbasova və Aqil Məlikova əməkdar incəsənət xadimi fəxri adı təqdim olunub.

Mərasimdə “Əməkdar mədəniyyət işçisi”, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı da sahiblərinə təqdim olunub.
Geri dön