Ana Sayfa > M / Karusel / Gündəm > Əfvlə bağlı prezidentə müraciət edildi - Tofiq Yaqublu üçün

Əfvlə bağlı prezidentə müraciət edildi - Tofiq Yaqublu üçün


24-04-2015, 20:39. Yazar: Xeberaz

Əfvlə bağlı prezidentə müraciət edildi - Tofiq Yaqublu üçün
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Tofiq Yaqublunun əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.


Xeberaz.az xəbər verir ki, bu haqda modern.az-a açıqlamasında işçi qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənanyarlı deyib. O, bildirib ki, Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu üçün ayrıca müraciət edilib və Nərgiz Yaqublunun rəhmətə getməsi də müraciətə əlavə olunacaq: “Çox güman ki, Tofiq bəy yaxın zamanlarda azadlığa buraxılıb ailəsinə qovuşacaq”.

S. Bənənyarlı onu da qeyd edib ki, İşçi Qrupu mütəmadi olaraq fəaliyyətini davam etdirir: “Bütün ərizələrə baxılır və müzakirəyə çıxarılır. Çalışırıq ki, bizə daxil olan müraciətlərin hamısına baxıb, lazımi sənədləri əfv komissiyasına göndərək. Biz gözləyirik ki, may ayının sonunda əfv fərmanı veriləcək. Əfv sərəncamın verilməsi birbaşa prezidentin səlahiyyətindədir”.

Səadət Bənanyarlı bu il əfvlə bağlı hazırladıqları siyahıda tanınmış məhkumlardan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Nemət Pənahlının, Əli İnsanovun, Akif Muradverdiyevin, “Nida”çı gənclərin və digər şəxslərin adlarının olduğunu vurğulayıb: “Monitorinq qrupu olaraq özümüzün də siyahımız var. Həmin siyahıda hüquqları pozulmuş qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, siyasi motivlərlə həbs olunmuş insanların və jurnalistlərin adları var. Ümid edirik ki, siyahıda olanların bir çoxu azadlığa buraxılacaq”.

Xatırladaq ki, T. Yaqublunun əfvi ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da ölkə prezidentinə müraciət edib.
Geri dön