Ana Sayfa > M / Karusel / Siyasət > Ekologiya və təbii sərvətlər naziri -Tərtərdə

Ekologiya və təbii sərvətlər naziri -Tərtərdə


30-04-2016, 12:33. Yazar: Xeberaz
Ekologiya və təbii sərvətlər naziri -Tərtərdə
Aprelin 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Tərtər rayonunun cəbhəyanı kəndlərində olmuşdu

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhərində və Qapanlı kəndində mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirmiş, ev sahibləri ilə görüşmüşdür.

Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-də Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.

Nazir jurnalistlərə ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir: “Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurur, meşələri qırır, qızıl mədənlərini istismar edirlər. Ermənistan xarici ölkələrə mebel, ağac satır. Hamı bilməlidir ki, həmin ağaclar işğal altındakı meşələrimizdən qırılır”.
Nazir ermənilərin Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə etdiyini də vurğulamışdır. “Sərsəng Su Anbarı sovet dövründə Azərbaycanın pulu hesabına tikilən və aşağı Qarabağ torpaqlarının suvarılması üçün yaradılan su anbarı idi. İndi baxın, həmin su anbarından ekoloji terror vasitəsi kimi istifadə olunur. İşğal altındakı torpaqlardan qaçqın düşmüş insanların məskunlaşdığı yerlərə qışda, payızda suyu açıb buraxır, onları sel-su altında qoyurlar. Əkin vaxtı su lazım olanda isə suyu kəsirlər.

Bütün dinlərdə mərhəmət prinsipi var. Bu, heç bir dinə, beynəlxalq konvensiyaya uyğun gəlməyən hərəkətlərdir. Ermənilər bütün vasitələrlə total müharibə aparırlar. Onlar Sərsəng Su Anbarını və Araz çayını ekoloji terror alətinə çeviriblər. Biz bu barədə dünya ictimaiyyətini mütəmadi məlumatlandırırıq”.

Ermənilərin təbii sərvətlərimizi talan etdiyini, yandırılmış torpaq taktikası həyata keçirdiyini bildirən H.Bağırov daha sonra deyib: “Artıq xalqımızın səbri tükənib. İnsanlar soruşurlar: Bizim hüquqlarımız niyə tanınmır? Torpaqlarımız işğal altında nə qədər qalacaq? Evlərimiz niyə dağıdılır? Mülki əhali niyə hədəfə alınır? Biz beynəlxalq hüququn bu dərəcədə açıq-aşkar pozulmasına təəccüb və təəssüf edirik.

Artıq Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Ölkəmizin gücü, qüdrəti artıb. Xalq öz rəhbəri ətrafında sıx birləşərək ərazi bütövlüyü uğrunda mübarizə aparır”.
Geri dön