Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > “Atışma səsləri eşidir, oyananda deyir üstümdə qan var” - Əsgər anası

“Atışma səsləri eşidir, oyananda deyir üstümdə qan var” - Əsgər anası


19-04-2016, 12:31. Yazar: Xeberaz
“Atışma səsləri eşidir, oyananda deyir üstümdə qan var” - Əsgər anası
“Oğlum çarəsizlikdən özünü və uşağını öldürmək istəyir. Bir ana olaraq əlimdən heç nə gəlmir, sadəcə baxıb ağlayıram”.

Redaksiyamıza şikayət üçün gələn Bakı sakini Mətanət Ağayeva deyir. Şikayətçinin sözlərinə görə, oğlu 2004-cü ildə əsgərlikdə olan zaman başından zərbə alıb. Elə ailənin ağır günləri də bundan sonra başlayıb:

“Böyük oğlumdan sonra kiçik oğlum Tağını da əsgər göndərmişdim. Şəmkirdə hərbi xidmətdəydi, mənə məktub yazaraq kəşfiyyatçı olmaq istədiyini və bu səbəbdən də Murova keçəcəyini bildirdi. İdmançı uşaq idi, daha mən də bir söz demədim. Noyabrda zəng gəldi ki, oğlunuz Gəncədə hospitaldadır, tez yetişin. Oraya gedəndə övladımı tanımadım. Nə danışa bilirdi, nə başqa bir şey. Sadəcə ruh kimi gəzirdi. Dedilər ki, əlini it dişləyib, ondan sonra belə olub. Ancaq başının arxasında yumruq boyda hematoma var. Nə qədər soruşdumsa nə onlar, nə də oğlum mənə bir şey demədi. Birtəhər övladıma sənəd alıb Bakıya gətirdim. Üstündən 12 il keçməsinə baxmayaraq hələ də tutmaları var. Birdən özündən gedir. Yanına bir saniyə gec çatsaq, övladımı itirə bilərəm. Elə vaxt olub ki, hər gün evimizə təcili yardım gəlib”.

“Bütün analar övladının xoş gününü görmək istəyər, ancaq mən evlənməməsi üçün çox dil tökdüm. Çünki belə olacağını bilirdim...”

Mətanət ananın sözlərinə görə, 1985-ci il təvəllüdlü Tağı Ağayev hadisədən sonra hələ təzə-təzə danışmağa başlayıb. İndi də əsəbiləşəndə kəkələyir. Birdən qulaqlarını tutub atışma səslərinin gəldiyini deyir, sonra da özündən gedir:

“Oyananda başlayır üstünü təmizləməyə. Deyirəm, nəyi təmizləyirsən? Deyir qan var, onu. Əsgər forması görəndə bilmir nə etsin. Nə qədər çalışdım ki, evlənməsin. Özü də, qız da, uşaq da bədbəxt olacaq, alınmadı. Qudalarıma vəziyyətini bircə-bircə danışdım, gəlinim dedi, sevirəm, evlənəcəyəm. İndi bir oğlan övladları var. Uşağım işləyə bilmir, kirayədə qalır. Sadəcə əlillik pensiyası olan 130 manatla da bilmir ki, evə çörək alsın, ya kirayə pulunu versin. Evlərdə təmizlik işi ilə məşğul olub 5-dən, 3-dən qazanıram. Onunla da dərmanlarına kömək etməyə çalışıram. Nəvəmi evdən çölə çıxarmırıq, uşaqdı, gözü nəsə görsə, istəyir. Vitamin çatışmazlığından saçları tökülməyə başlayıb. O gün oğlum deyir, daha belə yaşaya bilmirəm, özümü də, uşağı da öldürəcəyəm. Bu sözə ana necə dözsün axı?!”

Şikayətçi deyir ki, yardım üçün Sosial Müdafiə Fonduna, İcra Hakimiyyətinə və bir neçə yerə müraciət etsə də, kömək edən olmayıb:

“Deyirəm, bir balaca daxma verilsə, heç olmasa, 130 manata evə çörək alardılar. Fond deyir, biz ev vermirik, İcraya müraciət et. Ordan da deyirlər ki, torpaq al kömək edərik. Daha torpaq almağa pulum varsa, verərəm uşaqlara qarnını doydurar, niyə ona-buna ağız açıram? Çox çarəsiz qalmışam, media vasitəsilə aidiyyatı qurumlara, Heydər Əliyev fonduna səslənib bir kömək etmələrini xahiş edirəm. Övladım illərdir, gözümün qarşısında məhv olur, mənim dərdimə bir əncam çəkilsin”.“Qafqazinfo”
Geri dön