Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz TV > Rusiyanın Su-24-ləri ABŞ hərbi gəmisinin 9 metrliyindən uçdu – VİDEO

Rusiyanın Su-24-ləri ABŞ hərbi gəmisinin 9 metrliyindən uçdu – VİDEO


14-04-2016, 12:35. Yazar: Xeberaz
Rusiyanın Su-24-ləri ABŞ hərbi gəmisinin 9 metrliyindən uçdu – VİDEO
Xəbər verilir ki, Rusiyanın hərbi təyyarələri ABŞ-ın eskadra gəmisinin üzərinə “məşq hücumu” edib
Rusiyanın iki hərbi təyyarəsi bazar ertəsi və çərşənbə axşamı ABŞ-ın eskadra minadaşıyanı üzərindən dəfələrlə “aqressiv” şəkildə qıy vurub.

Xəbərlərdə deyilir ki, iki Su-24 taktiki bombardmançısı Baltik dənizinin beynəlxalq sularında ABŞ gəmisinə son dərəcə yaxın gəlsə də, onların silahlı olmadığı ehtimal edilir.

“Hücum imitasiyası”

ABŞ rəsmilərindən biri Rusiya təyyarələrinin bu uçuşunu “yaxın yaddaşdakı ən aqressiv akt” adlandırıb.

USS Donald Cook eskadra minadaşıyanının komandiri uçuşları “hücum imitasiyası” kimi qiymətləndirib. Rəsmilər bildirirlər ki, Rusiya döyüş təyyarələrinin ucuşları “təhlükəli və potensial baxımdan təxribat məqsədli” olub.

Xəbər verilir ki, bir məqamda Su-24 gəminin 9 metrliyindən keçib. ABŞ rəsmiləri bildirirlər ki, Rusiyanın bu hərəkəti 1970-ci illərə aid “dənizdə təhlükəli insidentlərin yolverilməzliyi” normalarını pozub. Bununla belə, Vaşinqtonun rəsmi nota verib-verməyəcəyi məlum deyil.

Həmin hadisə zamanı Rusiyaya aid bir helikopter də gəminin üstündən 7 dəfə uçaraq foto-video çəkilişlər aparıb.

İnsan tələfatı ola bilərdi

Hadisə baş verən zaman “Donald Cook” gəmisində Polşa helikopter heyəti ilə desant təlimləri keçirilirdi. ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının məlumatında deyilir ki, hadisə ilə bağlı təlimlər dayandırılıb.

Ertəsi gün Rusiyaya məxsus KA-27 hərbi helikopteri gəminin üzərində dəfələrlə alçaqdan ucub, bunun ardınca hava məkanına təyyarələr daxil olub.

Xəbər verilir ki, təyyarələr ingilis və rus dillərində edilən xəbərdarlıqlara məhəl qoymayıb. ABŞ komandanlığı “təhlükəli və qeyri-peşəkar uçuş manevrləri” ilə bağlı narahatlıq bildirib. Bəyanatda deyilir ki, bu hərəkətlər zamanı kiçik bir ehtiyatsızlıq insan itkisi ilə nəticələ bilərdi.

Rəsmi Vaşinqton insidentin təhlil edildiyini bildirib. //azadliq.org

Geri dön