Ana Sayfa > M / Karusel / Siyasət > Ekspertlər cəbhədəki gərginliyə görə Rusiyanı ittiham etdi

Ekspertlər cəbhədəki gərginliyə görə Rusiyanı ittiham etdi


2-04-2016, 18:55. Yazar: Xeberaz
Ekspertlər cəbhədəki gərginliyə görə Rusiyanı ittiham etdi
Ekspertlər cəbhədəki gərginliyə görə Rusiyanı ittiham etdi
"Rusiya tərəfindən inanılmaz dərəcədə canfəşanlıq müşahidə olunur. Əvvəllər bundan da şiddətli atəşkəs pozuntuları olub. Amma Rusiyadan belə reaksiya göstərilməmişdi. İndi isə Rusiya hər səviyyədə - həm prezident, həm müdafiə naziri, həm Xarici İşlər Nazirliyi, həm parlament səviyyəsində bu işə qarışıb. Bu, bəlkə də Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqton səfərinə bir cavab kimi görünür".

Bunu "Azadlıq Radiosu"na Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir.

Ekspert hazırkı hərbi əməliyyatların bütün cəbhəboyu genişmiqyaslı döyüşlərə çevriləcəyinə inanmadığını da bildirir: "Ona görə ki, erməni tərəfinin belə planı, fikri yoxdur. Onlar özlərinin və havadarlarının köməyi ilə istədiklərindən də çox torpaq tutublar. İndi də torpaqları işğal atında saxlamaq istəyirlər. Son 20 ilin tarixi göstərir ki, Azərbaycan tərəfi də hərbi əməliyyatlara əl atıb torpaqları azad etmək fikrində deyil".

Politoloq Zərdüşt Əlizadə cəbhədə baş verənləri şərh edərək deyir ki, keçən dəfə də İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşüb hərbi əməkdaşlığın genişlənməsi haqqında müzakirələr aparanda, cəbhədə hərbi əməliyyatlar başlamışdı:

"İndi cəbhədə baş verənlərin çox sadə bir izahı var. Nə vaxtsa Azərbaycan Qərblə yaxınlığa hansısa bir addım atırsa, xəbərdarlıq kimi Moskva və oyuncaq erməni hərbi-siyasi rəhbərliyi cəbhədə böyük təxribat törədir. Bunu Azərbaycan tərəfinin üstünə atmaq ağılsızlıq olardı. Çünki ali baş komandan ölkədə deyil. İndi də həmin şey təkrarlanır. Hər dəfə müstəqil siyasət yürütmək niyyəti nümayiş etdirən kimi Azərbaycanın və Ermənistanın Moskvadakı nəzarətçiləri o saat onlara yerlərini göstərir. Yəni "sabah müharibə başlayar, sizi əzərik".
Geri dön