Ana Sayfa > M / Karusel / İqtisadiyyat > “Neftin qiymətinin 4 dəfə ucuzlaşması fürsət idi...” - Prezident

“Neftin qiymətinin 4 dəfə ucuzlaşması fürsət idi...” - Prezident


14-02-2016, 17:04. Yazar: Xeberaz
“Neftin qiymətinin 4 dəfə ucuzlaşması fürsət idi...” - Prezident
“Azərbaycanın gələcək inkişafı neftin qiymətindən, yaxud da hasilatın həcmindən asılı olmayacaq”.

Xəbəraz.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndə iqtisadiyyat tamamilə məhv edilmişdi, yoxsulluq və durğunluq geniş vüsət alıb:

“Odur ki, dünya xəritəsində yerimizi müəyyənləşdirməyin yeganə yolu ölkəmizin inkişafı üçün enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra üç ildən daha da az müddətdə - 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini Azərbaycana gəlməyə və sərmayə yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki neft satışından əldə etdiyimiz vəsait suveren rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən asılılığı azaltmaq üçün infrastruktura sərmayə kimi yatırılırdı.

Bu şaxələndirmə siyasətinin nəticəsində indi ümumi daxili məhsulumuzun 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə ki, biz ixrac əməliyyatlarında neft qiymətlərindən asılıyıq. İxracımızın 90 faizini neft və qaz təşkil edir.

İndi isə biz özəlləşdirmə, iqtisadiyyatımızın şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, neft və qazdan asılılığı azaltmaq üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən, neftin qiymətinin kəskin şəkildə - dörd dəfə ucuzlaşması bizim üçün daha çox texnologiyaya, qeyri-neft iqtisadiyyatına, kənd təsərrüfatına, informasiya-kommunikasiya texnologiyalarına sərmayə yatırmaq baxımından fürsət idi. Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək.

Qeyd etdiyim kimi, bu yaxınlarda neftin qiymətinin aşağı düşməsi səbəbindən Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlamışdır və biz dünya bazarında təkcə neft və qaz ixrac edən ölkə kimi yox, digər məhsulları ixrac edən ölkə kimi yerimizi tapmalıyıq".

Prezident İlham Əliyev qeyd edib ki, neftin ucuzlaşması gəlirlərə təsir edəcək, lakin islahatların aparılmasına daha da ciddi sövq edəcək.

Dövlət başçısı “Cənub” qaz dəhlizi layihəsinə də toxunub: "Azərbaycanın gələcək inkişafı neftin qiymətindən, yaxud da hasilatın həcmindən asılı olmayacaq. Eyni zamanda, biz minlərlə, on minlərlə iş yeri yaradacaq və Avropaya şaxələnmək imkanını verəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Yeri gəlmişkən, Avropa əlavə həcmdə təbii qaz əldə edəcək və həm də istixana effektini yaradan karbon qazının atmosferə tullantısını azaldacaq. Bu enerji təhlükəsizliyi təkcə marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsi layihəsidir və biz istehsalçılara, tranzit və istehlakçı ölkələrə fayda verəcək bir layihədir".
Geri dön