Ana Sayfa > M / Karusel / Hadisə > Siyəzəndə 55 nəfər saxlanılıb – RƏSMİ

Siyəzəndə 55 nəfər saxlanılıb – RƏSMİ


13-01-2016, 19:27. Yazar: Xeberaz
Siyəzəndə 55 nəfər saxlanılıb – RƏSMİ

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilib.

Xeberaz.az Oxu.Az-ın məlumatına görə,xəbər verir ki, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir ki, ictimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törətmişlər.

Nəticədə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilmiş, onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnmişdir.

Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunmuş, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılmışdır.

Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olduğundan fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaq aparılır.

Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilmişdir.

Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olmuşdur ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilmişdir.

Bir daha nəzərə çatdırılır ki, dünyada baş vermiş iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində Dövlət Başçısının birbaşa nəzarəti altında hökumət tərəfindən həyata keçirilən davamlı tədbirlərə ziyan gətirən və respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqazidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaqdır.
Geri dön