Ana Sayfa > M / Karusel / Siyasət > “Sabah Söyün Sadıqov Rusiya qoşunlarını Azərbaycana çağıracaq”

“Sabah Söyün Sadıqov Rusiya qoşunlarını Azərbaycana çağıracaq”


6-01-2016, 20:04. Yazar: Xeberaz
“Sabah Söyün Sadıqov Rusiya qoşunlarını Azərbaycana çağıracaq”

Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasına etiraz edən nümayəndələrinə qarşı çıxan diaspor nümayəndələrinə təzyiq etməsi haqda haqqin.az saytının yazdıqlarına deputat Fazil Mustafa da reaksiya verib

Deputat bu biabırçılığı kəskin tənqid edərək günahın həm də diaspora məsul vəzifəli şəxslərin üzərində olduğunu yazıb.

Xatırladaq ki, həmin qanun layihəsinə qarşı Dövlət Dumasının spikeri Sergey Narışkinə göndərilən etiraz müraciətinə imza atan diaspor təmsilçilərinə "Azərros"un keçmiş rəhbəri Söyün Sadıqov və Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyevin də şəxsən təzyiq etdiyi məlum olub.

Virtualaz.org xəbər verir ki, deputat Fazil Mustafa öz Facebook səhifəsində baş verənlərin gözlənilən olduğunu bəyan edib:

"Rusiyadakı diasporamızdan gözlənilməz addım atılmayıb. Tam da gözlədiyimiz addımdır. Adamlar diaspora təşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar. İndi də öz iqtisadi və siyasi təhlükəsizliyini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gedirlər. Etiraf edək ki, Rusiyada gerçək Azərbaycan diasporasının yaradılmamasının əsas günahkarlarından biri də məhz bizim bu işə səlahiyyətli olan məmurlarımızdır.

Oradakı sahibkarlara, az-çox pulu olan azərbaycanlılara pul dağarcığı kimi baxanda təmiz niyyətli kimsə özünü Vətən naminə riskə qoyub Rusiya kimi ölkədə diaspora yükünün altına soxmaz. Bu insanlara vaxtında sahib çıxılmalı, Rusiyanın siyasi və iqtisadi elitasında irəliləməsinə planlı dəstək vermək lazım idi ki, Rusiya hakimiyyəti Söyün Sadıqov, İlqar Hacıyev kimilərdən Azərbaycan maraqlarına zidd istifadə etməsin. Baxarsınız, bir gün həmin adamlar Narışkinə rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət edəcəklər.

Keçmiş MTN-çi Akif Çovdarov Rusiyadan evinə baş çəkməyə gələn iş adamlarına bu dövlət qurumunda işgəncə verəndə və pullarını soyanda maraqlı bir ritorik suallar verirmiş: Sən kimsən ki, öz kəndinin yollarını asfaltlatmısan?" Yaxud da: "Sizin ana-bacınızı biz qoruyuruq, niyə vaxtında gətirib bizim pulumuzu vermirsiniz?" İndi təsəvvür edin ki, başqa bir sual da verə bilərdi: "Sən kimsən ki, diaspora işinə burnunu soxursan?" Bu ritorik sualları təəssüf ki, təkcə Akif Çovdarov vermirdi, vəzifə səlahiyyəti çatanların əksəriyyəti verirdi. Bütün bunlardan sonra öz ölkəsinə gəlməyə peşiman olan adam hansı duyğularla öz ölkəsi üçün yad diyarda fədakarlıq edə bilərdi?

İndi Rusiyada "erməni soyqırımı" ideyasını dəstəkləyən Azərbaycan diasporasının mövcudluğunun səbəbini az-çox anlamış olduq.

Əslində, mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir, bu da olsun onlardan biri. Tək azərbaycanlılar deyil ki, çeçen kimi xarakterli millətin üzdəniraq təmsilçilərinə də türkləri, müsəlmanları, hətta öz çeçen qardaşlarını söydürə bilirlər. Əsas odur ki, heç olmazsa bu hadisəden nəticə çıxarıb Rusiyada Azərbaycan dövləti və hakimiyyət orqanları ilə əlaqəli çalışan gerçək diaspora təşkilatını formalaşdırmağı bir daha düşünüb-gerçəkləşdirək".
Geri dön