Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ruhi xəstələr: onların da hüquqları var - REPORTAJ
Tarix: 09-11-2015 | Saat: 13:20
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ruhi xəstələr: onların da hüquqları var - REPORTAJ
"İndi yaxşıyam, düzəlmişəm. Atam rəhmətə getdikdən sonra qarşılaşdığım anlaşılmaz problemlərlə bağlı həkimlərə müraciət etdim. Əslində ailəm dağıldıqdan sonra valideynlərimlə yaşadığımdan, doğmalarıma çox bağlandığımdan, onun itkisi ilə barışmırdım. Bundan sonra müxtəlif klinikalara üz tutdum. Müayinələr aparıldı. Amma dəqiq diaqnoz qoyulmadı. Bu halın depressiya və yaxud psixoloji pozuntu olduğu ağlıma belə gəlməzdi. Müalicə zamanı qəbul etdiyim preparatlar haqqında isə həkimlər məni məlumatlandırmadı. Amma qəbul etdim. Nəticəsi isə ağır oldu".

Tamam Eminova deyir ki, səhhətində də yaranan son dəyişikliklərə kimi sağlam həyat tərzi yaşayıb, sağlamlığından şikayətçi olmayıb. Elə bu səbəbdən də atasını itirdikdən sonra qarşılaşdığı problemlərin nədən qaynaqlandığından xəbərsiz olub. Həkimlərin yanlış müalicəsi və müalicəni düzgün yönləndirməməsi onun psixoloji durumunu daha da gərginləşdirib.

"Mən depressiyada olduğumu anlamadım. Günlərlə heç kəslə ünsiyyət qurmadım. İştahadan kəsildim. Gecələr yuxu yatmadım. Göz yaşlarıma belə hakim ola bilmirdim. Evdən bayıra çıxmırdım. Bütün bunlara görə yaxınlarım məni təkidlə həkimə müraciət etməyə vadar etdi. Amma həkimlər də mənə depressiyada olduğumu demədən yanlış müalicələrə başladılar".

Səhhətinin gündən-günə pisləşdiyini hiss edən qadın deyir ki, uzun müddətdən sonra o, yaxınlarının məsləhəti ilə psixoterapevtə müraciət edib. Müayinə və müalicə olunub. Hazırda sağlamlığından şikayətçi deyil, işləyir və normal həyat tərzini davam etdirir.

APA TV-yə müsahibəsində həkim-psixiatr Ülkər Məmmədova pasientin yanlış yönləndirilməsinə və düzgün diaqnoz qoyulmadan müalicə olunmasına münasibət bildirib. Onun sözlərinə görə, bu kimi hallar pasientin hüquqlarının bilavasitə pozulması kimi dəyərləndirilir və daha ağır nəticələr verir. Çünki bu cür xəstələrin müayinə və səmərəli müalicəsində psixi pozuntunun diaqnozunun qoyulması yalnız həkim psixiatra məxsusdur.

"Adətən özündə psixoloji dəyişikliklər hiss edən şəxslər psixiatr əvəzinə nevropotoloqa, kardioloqa və digər ixtisas həkimlərinə müraciət edir. Onların verdiyi rəy ilkin mərhələ sayılır. Psixi pozuntusu olan şəxslərin müalicəyə götürülməsində psixiatrIn diaqnozu mühüm rol oynayır. Bu diaqnoz dəyişdirilə və ləğv oluna bilər. Əgər hər hansı bir şəxsdə psixi pozuntu diaqnozu varsa , bu o demək deyil ki, o bu diaqnozla ömür boyu yaşayacaq. Əgər xəstə vaxtında düzgün diaqnoz nəticəsində yaxşı müalicə alıbsa, səhhəti normallaşıbsa, bu zaman onun diaqnozu dəyişdirilə və yaxud tamamilə ləğv oluna bilər. Həmin şəxs yenidən normal həyat fəaliyyətini bərpa edə - yəni işləyə və ya təhsilini davam etdirə bilər".

Psixi pozuntusu olan pasientlərin də öz hüquqları var. Amma bəzən bu hüquqların məcburi məhdudlaşdırılmasına ehtiyac yaranır.

"Buna qeyri-könüllü müalicə deyilir. Əgər həkim-psixiatr pasientin özü və ətrafı üçün təhlükəli olduğunu diaqnozlaşdırırsa, onun özünə və ətrafına hər hansı bir ziyan yetirə biləcəyini sanırsa, bu zaman qeyri-könüllü müalicəyə əl atmaq vacibdir. Məsələn gəncdir, bir neçə dəfə intihara cəhD edib. Onda ağır depressiv hal müşahidə olunur. Bu zaman həkim-psixiatr bu halın yenidən təkrarlanmaması üçün qeyri-könüllü müalicəyə üstünlük verir".

Psixoterapevt Cəmilə İsmayılova isə deyir ki, insanlar zərurət yaranmadıqca, problemləri pik həddə çatmayınca, psixoloq və psixiatra getmək ehtiyacı hiss etmirlər.

"Psixiatriya müayinə və müalicəsi yalnız könüllü şəkildə aparılır. Razılıq almadan pasienti müayinə etməyə heç bir həkimin ixtiyarı yoxdur. Məsələn, ailə üzvlərindən biri öz həyat yoldaşını gətirir və onun müayinə olunmasını xahiş edir. Əgər pasient özü icazə vermirsə bu qeyri mümkündür. Psixioterapiya müalicəsi konfedensiallıq deməkdir. Pasientə qoyulan diaqnoz haqqında ya da təyin edilən müalicələr haqqında məlumatlar məxfi saxlanılır".

Mütəxəssis deyir ki, bu problemlərin çoxu stresslərdən, avtoqəzalardan, ailə münaqişələrindən, maddi təminatın aşağı olmasından yaranan psixi pozuntulardır.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Kərimovanın sözlərinə görə, "Psixiatriya yardımı haqqında qanun" psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

"Psixi problemi olan insanlar öz hüquqlarını tam dərk eləmirlər. Onların hüquqları bəzən həkimlər , bəzən isə yaxınları, hətta doğmaları tərəfindən belə pozulur. Bu isə onların problemlərinin daha da çətinləşməsinə səbəb olur".

Psixi pozuntusu olan şəxslər bütün hüquq və azadlıqlara malikdirlər. Bura ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və humanist münasibət bəslənilməsi, dövlət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə pulsuz psixiatriya yardımı, habelə psixi pozuntu və tətbiq edilən müalicə üsulları haqqında məlumat, psixiatriya stasionarında müayinə və müalicə üçün zəruri olan müddətdə saxlanılmaq və tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq kimi hallar da daxildir.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
15-09-2017, 21:51 Eşq

bütün xəbərlər
____ Instagram ___