Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Tanrıya az şükür eləmək də naşükürlükdü”
Tarix: 13-10-2015 | Saat: 15:40
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər

“Tanrıya az şükür eləmək də naşükürlükdü”

İşsizlik bizi pulsuz qoysa da, o bizə qızıldan qiymətli vaxt verir. 2014-cü ilin sonunda işlədiyim Mediaforum.az xəbər saytı fəaliyyətini dayandırmağa məcbur oldu. Saytın işləmədiyi dövrdə, yəni 2015-ci ildə mən vaxtımın bir hissəsini şükür mövzusunu araşdırmağa həsr elədim. Bu mövzunu “Quran”da, peyğəmbərlərin həyatında, klassiklərin yaradıcılığında, folklorda araşdırdım, şükranlığa aid materiallar topladım. Sonra düşündüm: niyə bu materialları sistemləşdirib bir məqalə yazmayım? Yazdım, kitab alındı. Şükür Tanrının böyüklüyünə!

O kitabı “Allaha şükür” adlandırmışam. Hələ heç yerdə dərc olunmayıb. Kitabdan bir bölümü – “Quran”da şükür” bölümünü ilk dəfə Novator.az-da oxucuların ixtiyarına verirəm.

“Quran”da şükür[1]

Tanrı istəyir insan ona şükür eləsin. “Mənə şükür eləyin, Məni danmayın!” deyir Tanrı “Quran”da[2].

“Sizə verdiyimiz təmiz ruzilərdən yeyin! Allaha ibadət eləyirsizsə, Ona şükür eləyin!” deyir[3].

Yenə deyir: “Allahın sizə verdiyi halal, pak ruzilərdən yeyin. Allaha ibadət eləyirsizsə, Onun nemətlərinə şükür eləyin!”[4]

“Allahdan başqa ibadət elədikləriniz sizə ruzi verə bilməz! – deyilir “Quran”da. – Ruzini Allahdan diləyin! Ona ibadət eləyin, Ona şükür eləyin!”[5]

Tanrı Məhəmməd peyğəmbərə deyir səndən qabaq da elçilərimə buyurmuşam, sənə də buyururam: “Allaha ibadət elə, şükür eləyənlərdən ol!”[6]

“Quran”a görə, Tanrı Musanı özünə elçi seçəndə ona belə tapşırıb: “Sənə verdiyimi al, şükür eləyənlərdən ol!”[7] Ey Musa, – Tanrı deyib. – Adamlardan səni seçdim, sözümü sənə dedim, “Tövrat”ı sənə nazil eləyirəm. Verdiyimi al, şükür eləyənlərdən ol!

“Quran”da Tanrı Davud peyğəmbərdən, onun oğlu Süleyman peyğəmbərdən danışanda deyir: “Ey Davud ailəsi! Şükür eləyin!”[8]

Tanrı deyir Loğmana da hikmət verəndə “Allaha şükür elə!” demişik[9].

Tanrı istəyir insan ona çox şükür eləsin. Tanrı deyir adamlar ona az şükür eləyir. Bunu deyəndə Tanrı adamların ona niyə çox şükür eləməli olduğunu da anladır. Deyir sizi yer üzündə yerləşdirdik, sizə dolanışıq verdik: “Sizsə olduqca az şükür eləyirsiz!”[10]

Tanrı “Quran”da Məhəmməd peyğəmbərə buyurur insanlara belə desin: “Sizi yaradan, sizə göz, qulaq, qəlb verən Odu. Nə az şükür eləyirsiz!”[11]

“Quran”da deyilir: “O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra bir qətrə dəyərsiz sudan onun nəslini əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı, ona öz ruhundan üfürdü. O sizə göz, qulaq, ürək verdi. Gör siz nə qədər az şükür eləyirsiz!”[12]

“Quran”da Tanrı adamların təkcə az şükür eləməyindən yox, az adamın şükür eləməyindən də danışır. Tanrı deyir adamların çoxu ona şükür eləmir. “Bəndələrimdən şükür eləyəni azdı!” deyir Tanrı[13]. Bunu deyəndə Tanrı adamların ona niyə şükür eləməli olduğunu bir də anladır. Bu həm də onu göstərir ki, Tanrı istəmir insan ona kor-koranə şükür eləsin, Tanrı istəyir insan ona niyə şükür eləməli olduğunu bilib şükür eləsin. “Sizin dincəlməyiniz üçün gecəni qaranlıq, çalışa bilməyiniz üçün gündüzü işıqlı yaradan Allahdı. Həqiqətən, Allah insanlara lütfkardı, amma insanların çoxu şükür eləməz!” deyilir “Quran”da[14].

Yenə deyilir: “Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütf sahibidi, ancaq onların çoxu şükür eləmir!”[15]

Yenə deyilir: “Allah insanlara, doğrudan da, mərhəmətlidi, ancaq onların çoxu şükür eləmir!”[16]

Deyilir: “Minlərlə adamın ölüm qorxusundan öz yurdundan çıxıb getdiyini görmədinmi? Allah onlara “Ölün!” dedi, sonra da onları diriltdi. Həqiqətən, Allah insanlara mərhəmətlidi, ancaq insanların çoxu şükür eləməz!”[17]

“Quran”a görə, Yusif peyğəmbər zindanda iki cavan oğlana yuxu yozmağı hardan öyrəndiyini danışanda belə deyib: “Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndi. Mən Allaha inanmayan, axirəti inkar eləyən tayfanın dinini tərk eləmişəm. Mən ata-babalarım İbrahimin, İshaqın, Yəqubun dininə tabe olmuşam. Nəyisə Allaha şərik qoşmaq bizə yaraşmaz! Bu, Allahın bizə, bütün insanlara bəxş elədiyi nemətdi, ancaq insanların çoxu şükür eləmir!”[18]

Tanrı adamların şükür eləməyini istəyir, üstəlik, Tanrı adamların şükür eləməyinə çalışır da. Tanrı çalışır adamlar şükür eləsin. “Quran”da deyilir: “Allah sizi çətinliyə salmaq istəməz, amma O sizi arıdıb-durultmaq, sizə olan nemətini tamamlamaq istər ki, şükür eləyəsiz!”[19]

“Quran”da deyilir: “Siz heç nə bilməyə-bilməyə Allah sizi analarınızın bətnindən çıxartdı. Sizə göz, qulaq, qəlb verdi ki, bəlkə şükür eləyəsiz!”[20]

Deyilir: “Göydən sizə su endirən Odu! Siz də suyu Ondan alıb içirsiz, mal-heyvanınızın örüşünə də su Ondan gəlir. Allah o suyla sizə əkin-biçin, mer-meyvə, zeytun, xurma, üzüm yetirir. Doğrudan da, bunda düşünən qövm üçün böyük bir əlamət var! O, gecəni, gündüzü, Günəşi, Ayı sizə ram elədi. Ulduzlar da Onun əmrinə tabedi. Doğrudan da, bunda başa düşən qövm üçün əlamətlər var! Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Doğrudan da, bunda ibrət alan qövm üçün böyük bir əlamət var! Təzə balıq əti yeməyiniz, taxdığınız bəzək-düzəkləri tapıb çıxartmağınız üçün dənizi sizə ram eləyən Odu! Görürsənmi Onun xeyir-bərəkətindən ruzi axtarmağınız üçün gəmilər suyu necə yara-yara üzüb gedir! Ola bilsin, şükür eləyəsiz!”[21]

“Quran”da deyilir sizə öz mərhəmətindən dadızdırıb yağdırdığı yağış da, yağışın qabağınca muştuluğa göndərdiyi külək də, Onun kərəmindən ruzi axtarmağınız üçün dənizlərdə üzdürdüyü gəmilər də – bunlar hamısı Tanrının qüdrət nişanələrindəndi. “Bəlkə şükür eləyəsiz!”[22]

“Quran”da deyilir Tanrı qurbanlıq dəvələri də öz nişanələrindən eləyib, bu qurbanlarda adamların xeyiri var. Tanrı insanlara deyir qurban kəsdiyiniz dəvələrin ətindən yeyin, yoxsulu da yedirdin, əl açıb dilənən yoxsula da, utanıb əl açmayanına da o qurban ətindən verin. Tanrı deyir qurbanlıq heyvanları sizə ona görə belə ram eləmişik ki, bəlkə şükür eləyəsiz![23]

“Quran”da Tanrı Məhəmməd peyğəmbərə buyurur insanlardan soruşsun: Allah gecəni qiyamətə qədər uzatsa, Ondan başqa hansı tanrı sizə bir işıq verə bilər?! Allah gündüzü qiyamətə qədər uzatsa, hansı tanrı sizə dincəlməyə bir gecə gətirə bilər?! “Quran”da deyilir Allah öz mərhəmətindən sizə gecəni, gündüzü yaradıb ki, dincələ də biləsiz, Onun kərəmindən ruzi də axtara biləsiz, bəlkə şükür eləyəsiz![24]

“Quran”da deyilir azarlı olduğuna, ya səfərə çıxdığına görə Ramazan ayının bütün günlərində oruc tuta bilməyən adamlar orucunu başqa vaxt tamamlasınlar, buraxdıqları günlərin sayıcan ayrı günlərdə oruc tutsunlar. Deyilir: “Allah sizə çətinlik yox, asanlıq istəyir! İstəyir siz buraxdığınız günlərin orucunu tamamlayasız, sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasız! Bəlkə şükür eləyəsiz!”[25]

Tanrının adamların şükür eləməyinə çalışdığı Yaradanın dar gündə adamlara elədiyi köməkdən də görünür. “Quran”da Tanrı üzünü Məkkədən Mədinəyə mühacirət eləmiş ilk müsəlmanlara tutub deyir: “Yadınıza salın, bir vaxt siz yer üzündə azıydız, zəif sayılırdız, adamların sizi ələ keçirəcəyindən qorxurduz. Allah sizə sığınacaq verdi, öz köməyilə sizi qüvvətləndirdi, təmiz şeylərdən sizə ruzi verdi ki, bəlkə şükür eləyəsiz!”[26]

Tanrı Məhəmməd peyğəmbərə, onun tərəfdarlarına deyir Bədr döyüşündə sayınız da, gücünüz də az ola-ola qalib gəldiz. Tanrı deyir bunu mənim köməyimlə eləmisiz: “Bədrdə sayınız az, gücünüz zəif idi, Allah sizə kömək elədi. Allahdan qorxun ki, şükür eləyəsiz!”[27]

“Quran”da Tanrı İsrail oğullarına deyir yadınıza salın Firon əhli sizə nə işgəncələr verirdi, oğlanlarınızın başını kəsib, qadınlarınızı kəniz eləyirdi. Tanrı deyir biz sizə görə dənizi yardıq, sizi qurtardıq, gözünüzün qabağında Fironun adamlarını suya qərq elədik. Tanrı deyir yadınızdamı biz Musaya Tur dağında vəhy üçün qırx gecəlik vədə vermişdik, o, Tur dağına gedəndə siz buzovu özünüzə tanrı seçdiz, özünüzə zülm elədiz. Ancaq Tanrı deyir biz bundan sonra da sizi bağışladıq ki, şükür eləyəsiz. Tanrı deyir yadınızdamı siz buzova sitayiş eləyəndə Musa sizi tövbə eləməyə çağırmışdı, Allah da tövbənizi qəbul eləmişdi, çünki Allah tövbələri qəbul eləyəndi, bağışlayandı. Tanrı deyir yadınızdamı demişdiz Allahı gözümüzlə görməsək Musaya inanmayacağıq, bunu deyəndə gözünüz görə-görə sizi ildırım vurmuşdu. Tanrı deyir onda siz ölmüşdüz, bəlkə şükür eləyərsiz deyib sizi yenə diriltmişik![28]

Tanrı deyir mənim öz ayələrimdə belə yerli-yataqlı izahat verməyimin də adamların şükür eləməyinə bağlılığı var. “Allah öz ayələrini sizə belə aydınlaşdırır ki, bəlkə şükürünü yerinə yetirəsiz!” deyilir “Quran”da[29], həmin ayələrin toplandığı kitabda.

Tanrı istəyir, çalışır, gözləyir insan şükür eləsin. Bu, Tanrının “Quran”da verdiyi suallardan da duyulur. Suallarında Tanrı insana naşükür olduğunu da duydurur.

Tanrı deyir: “Biz Davuda sizi düşmənlə vuruşda qorumaq üçün zireh toxumaq sənətini öyrətdik. Şükür eləyərsizmi?”[30]

Tanrı deyir: “Hamı, bəli, hamı qiyamət günü Bizim hüzurumuza gətiriləcək! Ölü torpaq onlara bir dəlildi. Biz onu dirildib, ordan onlara yeyəcək çıxardırıq, yeyirlər. Biz orda bulaqlar qaynatmışıq, xurma, üzüm bağları salmışıq, meyvəsindən, öz əlləriylə becərdiklərindən də, becərmədiklərindən də yesinlər. Yenə şükür eləməyəcəklərmi?!”[31]

Tanrı deyir: “Görmürlərmi Biz öz qüdrətimizlə onlara davar yaratmışıq, onlar da o davarlara yiyə çıxıblar! Davarları onların ixtiyarına vermişik, mindikləri də var, ətindən yedikləri də. Ayrı qazancları da var, südündən də içərlər. Hələ də şükür eləməzlərmi?!”[32]

Tanrı deyir içdiyiniz suya baxın, onu buluddan endirən sizsiz, yoxsa Biz?! Tanrı deyir istəsək onu acı eləyərdik, niyə şükür eləmirsiz?![33]

“Quran”da Tanrı naşükürləri, nankorları həmişə qınayır. Bəzən bu qınaq gileyli, bəzən də qəzəbli olur. Baxır naşükürlüyün, nankorluğun dərəcəsinə.

Tanrı deyir insan çətinə düşəndə onu çağırır, çətinlikdən çıxanda üzünü çevirib elə gedir elə bil heç çağıran bu deyilmiş. “İnsana bir sıxıntı üz verəndə uzanıqlı da, oturulu da, ayaq üstə də Bizi çağırar! Onu sıxıntıdan qurtarandasa heç sıxılanda Bizi çağırmayıbmış kimi çıxıb gedər!” deyir Tanrı[34].

Tanrı deyir yaxşı gündə ondan üz çevirib uzaq gəzən adamın pis gündə hələ bir mısmırığını sallamağı da var. Deyir: “Biz insana bir nemət verəndə üz çevirib uzaq gəzir, ona bir pislik üz verəndəsə məyus olur!”[35]

Tanrı deyir: “Həqiqətən, insan çox həris yaradılıb! Ona bir pislik üz versə, fəryad qoparar. Ona bir xeyir gəlsə, xəsis olar. Namaz qılanlardan savayı!”[36]

“Buludları topa-topa eləyən, yel göndərib onları göy üzündə istədiyi kimi yayan Allahdı! – deyilir “Quran”da. – Sən buludların arasından çıxan yağışı görürsən. Onu bəndələrindən istədiyinə verən kimi bir-birilərini muştuluqlayıb sevinərlər. Bunacan onlar çox məyus idilər. Allahın mərhəmətinin əsərlərinə bax! Gör torpağı öləndən sonra necə dirildir! Doğrudan da, O, ölüləri dirildəndi. O hər şeyə qadirdi! Yel əsdirsək, adamlar əkinlərinin saralıb-solduğunu görsələr, yenə nankor olmağa başlayarlar!”[37]

Tanrı deyir insanın naşükürlüyü, nankorluğu təkcə saymazyanalığında, ondan üz çevirib getməyində, ya mısmırığını sallayıb deyinməyində qalmır; Tanrı deyir insan mənəm-mənəmliyilə, döşünə döyüb öyünməyilə də nankorluq eləyir. “Quran”da Tanrı hər cür nankorluğu – nankor yazıqlığı da, nankor lovğalığı da qınayır. Deyir: “İnsana Özümüzdən bir rəhmət daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz, o, məyus və nankor olar! Düşdüyü çətinlikdən sonra ona nemətlər daddırsaq: “Daha fəlakətlər məndən sovuşdu!” deyəcək. Doğrudan da, insan döşünə döyüb öyünəndi! Səbir eləyənlər, yaxşı işlər görənlərsə başqadı – onları bağışlanma və böyük mükafat gözləyir!”[38]

Tanrı deyir: “İnsana bir zərər toxunanda Bizi çağırar, Biz ona bir nemət əta eləyəndə: “Bu mənə biliyimə görə verilib!” deyər. Xeyr, bu bir sınaqdı, ancaq onların çoxu bilməz!”[39]

“İnsan yaxşılıq diləməkdən usanmaz! – deyir Tanrı. – Ona bir pislik üz versə, məyus olub ümidsizliyə qapılar. Başına gələn müsibətdən sonra ona bir mərhəmət daddırsaq, mütləq: “Bu elə mənim haqqımdı. Qiyamətin qopacağını güman eləmirəm. Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, sözsüz ki, Onun yanında məni bundan da gözəl nemət gözləyir!” deyər. Biz kafir olanlara elədiklərini mütləq xəbər verəcəyik, ağır əzabdan onlara mütləq daddıracağıq! Biz insana nemət verəndə üz çevirər, qürrələnər! Ona bir pislik toxunandasa Allaha yalvarıb-yaxarmağa başlayar!”[40]

Tanrı deyir insanın nankorluğu ona şərik qoşmaq həddinəcən çatır. Ona şükür eləməməyi azmış kimi, dara düşəndə yalvarıb-yaxarıb dardan çıxanda onu saymamağı azmış kimi, bir balaca xeyiri azalanda mısmırğını sallayıb deyinməyi, ya fəryad qoparmağı, xeyiri artanda xəsisləşməyi azmış kimi, mənəm-mənəmliyilə Tanrının haqqını danmağı azmış kimi, üstəlik insan – nankor insan Yaradanın birliyini də danır, ona şərik qoşur.

“Quran”da deyilir dənizdə başınıza bir iş gələndə Tanrıdan başqa çağırdıqlarınızın hamısı – tapındığınız bütün bütlər qeyb olar. Tanrı sizi qurtarıb quruya çıxardar. Ancaq quruya çıxanda da siz Ondan üz döndərirsiz: “İnsan nankordu!”[41]

“Quran”da Tanrı yalvarıb-yaxarıb ondan özlərinə sağlam övlad istəyən bir ata-ananın əhvalatını da danışır. Deyir ana ağırlaşanda əriylə birgə ona yalvardı, ər-arvad yalvarıb dedilər: “Bizə saleh uşaq versən, sözsüz, şükür eləyənlərdən olarıq!” Tanrı onlara istədikləri uşağı verdi. Ancaq onlar Allaha şərik qoşmağa başladılar[42]. “Quran”a verilən şərhlərdə yazılır ki, burda söhbət uşağa Əbdülharis adının qoyulmağı haqda rəvayətdən gedir[43]. Əbdülharis şeytanın adıdı. Nankorluğa bax! Allaha yalvarıb uşaq istəyirlər, uşaq olanda ona şeytanın adını qoyurlar! Ancaq Allah, “Quran”da deyildiyi kimi, onların qoşduğu şəriklərdən çox-çox uludu![44]

Tanrı naşükürləri, nankorları təkcə qınamır, Tanrı onlara xəbərdarlıq da eləyir. “Allah heç bir xaini, nankoru sevməz!” deyilir “Quran”da[45]. Xəbərdarlığında Tanrının qəzəbi açıq duyulur. Tanrı xəbərdarlığını ən çox ona şərik qoşanlardan danışanda eləyir.

Tanrı deyir adamlar gəmiyə minəndə Onu ürəkdən çağırırlar. O, adamları sağ-salamat quruya çıxaran kimi Ona şərik qoşurlar. “Qoy onlara verdiklərimizə nankor olsunlar, kef çəkib zövq alsınlar, tezliklə bilərlər!” deyir Tanrı[46].

Deyir: “İnsanlara bir ziyan toxunanda Rəbbinə tərəf dönüb Onu çağırarlar. Sonra Allah Öz mərhəmətindən onlara daddıran kimi içərilərindən bir dəstə Rəbbinə şərik qoşar. Qoy onlar verdiyimiz nemətlərə nankor olsunlar! Hələ kef çəkin görək, tezliklə biləcəksiz!”[47]

Tanrı Məhəmməd peyğəmbərə buyurur insanlara desin: “De: “Gizlində yalvara-yalvara Onu çağırıb: “Bizi bundan qurtarsaz, əlbəttə, şükür eləyənlərdən olacağıq!” dediyiniz vaxt sizləri suyun, qurunun qaranlıqlarından qurtaran kimdi?!” De: “Sizi bundan, hər bir qəm-qüssədən qurtaran Allahdı! Siz yenə də Ona şərik qoşursuz!” De: “O, başınızın üstündən də, ayağınızın altından da sizə əzab göndərməyə, sizi dəstə-dəstə bir-birinizə qatmağa, birinizin zorunu o birinizə dadızdırmağa qadirdi!” Gör ayələrimizi onlara necə deyirik ki, bəlkə başa düşsünlər!”[48]

Tanrı deyir: “İnsanlara üzləşdikləri çətinlikdən sonra bir dinclik daddırsaq, dərhal ayələrimiz barəsində qurğu qurmağa girişərlər. De: “Allah daha tədbirlidi!” Şübhəsiz, Bizim göndərdiyimiz mələklər sizin qurduğunuz qurğuları yazırlar!”[49] Tanrı bu xəbərdarlığının ardınca yenə xəbərdarlıq eləyir. “Sizi suda, quruda gəzdirən Odu! Gözəl-gözəl küləklər sizin gəmiləri yelləyib aparanda, siz də gəmilərdə oturub buna sevinəndə birdən fırtına qopar, dalğalar dörd bir yandan gəmilərə çırpılar, adamlar mühasirəyə düşdüklərini başa düşərlər, sidq-ürəkdən Allahın dininə sarılıb Onu belə çağırarlar: “Bizi bundan qurtarsan, Sənə şükür eləyənlərdən olarıq!” Onları qurtaran kimi yer üzündə haqsız yerə üsyançılığa başlayarlar. Ey insanlar! Sizin üsyanınız ancaq öz əleyhinizədi! Siz dünya həyatının mənfəətini güdürsüz! Sonra hüzurumuza qayıdacaqsız! Biz də elədiklərinizi sizə xəbər verəcəyik!” deyir Tanrı[50].

“Sizə gələn hər bir nemət Allahdandı. Sonra sizə bir sıxıntı üz verəndə Ona yalvarıb-yaxarırsız. Sonra sizi o sıxıntıdan qurtaranda, onda görərsən aranızdan bir dəstə Rəbbinə şərik qoşur. Qoy onlara verdiyimiz şeylərə naşükürlük eləsinlər! Hələ kef çəkin! Bir az sonra biləcəksiz!” deyir Tanrı[51].

Deyir: “İnsana bir zərər toxunanda Rəbbinə tərəf dönüb yalvarar. Sonra Rəbbi ona bir nemət verəndə bir vaxt yalvardığını unudar, xalqı Allah yolundan azdırmaq üçün Rəbbinə şəriklər qoşar. Ey Peyğəmbər, ona de: “Hələ küfrünlə bir az dövran sür! Sən cəhənnəm əhlindənsən!”[52]

Tanrı naşükürlərə, nankorlara təkcə xəbərdarlıq eləmir; Tanrı onlara təkcə verəcəyi cəzadan danışmır, Tanrı onlara verdiyi cəzadan da danışır. Verəcəyi cəzadan danışanda olduğu kimi verdiyi cəzadan danışanda da Tanrının qəzəbi açıq duyulur.

Naşükürün, nankorun böyüyü İblisdi. “Quran”da deyilir: “Şeytan Rəbbinə nankordu!”[53] Tanrı İblisə bir cəzanı verib, bir cəzanı da verəcək. Tanrı İblisi öz rəhmətindən qovub, onu lənətləyib, bu lənət qiyamət gününəcən İblisin üstündə olacaq[54]. Tanrı İblisin ikinci cəzasını qiyamətə saxlayıb, ona qiyamətəcən möhlət verib[55]. Qiyamət günü İblis də, ona uyanlar da cəhənnəmə atılacaq[56].

İblisin çalışdığı odu adamlar Tanrının yolundan azsın, Tanrı onları şükür eləyən görməsin. “Quran”a görə, hələ Adəm yarananda İblis Tanrıya deyib mən özümü dörd bir yandan soxub adamları sənin yolundan azdırmağa çalışacam, “sən də onların çoxunu şükür eləyən görməyəcəksən!”[57]

“İblisin onlar haqqında zənni düz çıxdı! – Tanrı nankorluğuna görə cəzalandırdığı Səba tayfasından danışanda belə deyir. – Bir dəstə mömindən savayı hamısı ona uydu”[58]. Tanrı deyir əslində İblisin onların üstündə heç bir hökmü yoxdu. Deyir eləcə mən axirətə inananla ona şəkk eləyəni ayırd eləyib bilmək üçün İblisə bu imkanı vermişəm[59]. “Quran”da deyilir Səba tayfasının yurdunda Yaradanın varlığına-qüdrətinə dəlalət eləyən bir nişanə – iki bağça vardı. Səba əhlinə belə buyurulmuşdu: “Rəbbinizin ruzisindən yeyin, Ona şükür eləyin! Gözəl yurdunuz, bağışlayan Rəbbiniz var!” Ancaq Tanrı deyir onlar üz döndərdilər: “Biz də üstlərinə bəndsaxlamaz sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağaclı, bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq! Biz heç nankordan özgəsini cəzalandırarıqmı?!”[60]

“Quran”da Tanrı İsrail oğullarına Tih səhrasında yaşadıqları vaxt nankorluqlarına görə verdiyi cəzadan da söz açır. Tanrı deyir yadınıza salın, Tih səhrasında yaşadığınız vaxt üstünüzə buludla kölgə saldıq, dadlı yemiş, bildirçin kababı göndərib dedik: “Sizə ruzi elədiyimiz pak şeylərdən yeyin!” Tanrı deyir sonra sizə şəhərə girib oranın nemətlərindən istədiyiniz qədər yeməyi tapşırdıq. Deyir yadınızdamı onu da tapşırdıq ki, şəhərin qapısından səcdə eləyə-eləyə, təvazökarcasına, “Hittə!” (“İlahi, bizim günahlarımızı bağışla!”) deyib girin ki, Biz də günahlarınızı bağışlayaq. Ancaq Tanrı deyir özlərinə zülm eləyənlər sözü dəyişdilər, “hittə” sözünə gülüb onu “buğda” mənasında olan “hintə” sözüylə əvəz elədilər. Tanrı deyir buna görə də o zalımlara göydən əzab endirdik[61].

Tanrı adamları şükür eləməyə çağıranda onlara niyə şükür eləməli olduqlarını başa saldığı kimi, nankorlardan danışanda da onların niyə nankor sayılmalı olduğunu başa salır. Əslində Tanrı bunu naşükürlərdən, nankorlardan danışdığı hər ayəsində, elə insanı şükür eləməyə çağırdığı ayələrində də anladır. Ona görə nankorun niyə nankor sayılmalı olduğu Tanrının o ayələrindən də aydındı. Tanrının bunu aydınlaşdıran başqa ayələri də var. Tanrı qədirbilməzliyin, naşükürlüyün, nankorluğun nə demək olduğunu insana dönə-dönə başa salır. “Quran”da deyilir: “Ondan nə istəmisiz, hamısından sizə verib! Allahın nemətlərini saymaq istəsəz, sayıb qurtara bilməzsiz! Doğrudan da, insan çox zalım, həm də çox nankordu!”[62]

“Quran”da deyilir yeri sizə beşik eləyən, gedib-gəlməyiniz, mənzil başına çatmağınız üçün yollar salan, göydən yağış yağdırıb yerdə ölü torpağı dirildən, canlıları cüt-cüt, erkək-dişi yaradan, sizə minməyə gəmi verən, o gəmiləri suyun üzündə saxlayan, heyvanları sizə minik eləyən Tanrıdı. “Quran”da deyilir bir heyvanı minib yol gedəndə siz Tanrının nemətini, sizə elədiyi yaxşılığı yada salmalısız, deməlisiz bu heyvanları bizə tabe elətdirən Tanrı pakdı, müqəddəsdi, Onun köməyi olmasaydı bizim bu dördayaqlıları əhliləşdirməyə gücümüz çatmazdı. Tanrı deyir bunu deməkdənsə bəndələrimin bəzisi mənə övlad tuşudur, mələkləri Allahın qızları adlandırır: “Doğrudan da, insan açıq-aşkar nankordu!”[63]

“Quran”da deyilir: “Sən öz Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi?! İstəsə elə eləyərdi kölgə yerindən tərpənməzdi! Sonra Biz günəşi kölgəyə dəlil eləyib kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkirik. Sonra sizin üçün gecəni örtük kimi salan, yuxunu dincliyə, gündüzü də yaşayışınıza ayıran Odu. Küləkləri öz rəhməti (yağışı) önündə muştuluqçu göndərən də Odu. Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü yerə can verək, yaratdığımız adamların, bir çox heyvanın susuzluğunu yatıraq. And olsun ki, ibrət alsınlar deyə Biz o suyu onların arasında paylaşdırdıq! Amma insanların çoxu nankorluğunda dirənib durdu!”[64]

Tanrı insanın nankor olduğuna and da içir. Bir yerdə o, buna lap təntənəylə and içir. Deyir: “And olsun tövşüyə-tövşüyə qaçan atlara, qığılcım qoparan atlara! And olsun səhər-səhər şığıyıb tozu yerdən götürən atlara! O tozanaqda meydana girib düşməni ortasından bölən atlara! İnsan öz Rəbbinə çox nankordu! İnsan özü də buna şahiddi!”[65]

Nankorun cəzası olduğu kimi, şükür eləyənin də mükafatı var. “Quran”da deyilir Tanrı qədirbiləndi, şükürün əvəzini verəndi. “Quran”da deyilir Tanrının kitabını oxuyanlar, namaz qılanlar, Yaradanın verdiyi ruzilərdən açıq, gizli xərcləyənlər doğrudan da heç vaxt kasadlaşmayan bir ticarətə ümid bağlayıblar; onlar Tanrıdan bunun əvəzini umurlar, istəyirlər Tanrı onlara lütfünü, kərəmini artırsın. “Quran”da deyilir bu elə belə də olacaq: “Çünki Allah çox bağışlayandı, şükürün əvəzini verəndi”[66].

“Quran”da deyilir: “Allaha gözəl bir borc versəz, Allah onu sizin üçün qat-qat artırar, sizi bağışlayar! Allah şükürün əvəzini verəndi, həlimdi”[67].

Tanrı deyir: “Kim bir yaxşı iş görsə, Biz də onun savabını artırarıq! Həqiqətən, Allah bağışlayandı, şükürün əvəzini verəndi!”[68]

Tanrı deyir Onun qədirbilən olduğunu, şükürün əvəzini verdiyini cənnətdəkilər də təsdiləyəcəklər. Onlar cənnətdə belə deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq eləyən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz mütləq bağışlayır, şükürün əvəzini verir!”[69]

Tanrı deyir şükür eləsəz, bunun qarşılığını artıqlamasıyla verəcəm, nemətinizi artıracam. Şükürün neməti artırmağı “Quran”da şükür eləməyin insana fayda verdiyini göstərən başlıca dəlildi. Bütövlükdə islam dinində şükürün insana xeyirindən danışılanda sözün başında bu gəlir: şükür neməti artırır!

Tanrı deyir: “Şükür eləsəz, nemətinizi qətiyyətlə artıracam, küfrə düşsəz, Mənim əzabım doğrudan çox şiddətlidi!”[70]

Tanrı deyir: “Lut qövmü də xəbərdarlıq eləyənləri yalançı saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik, ancaq öz rəhmətimizi də göstərdik – Lutun ailəsini səhərçağı xilas elədik! Biz şükür eləyən kimsəni belə mükafatlandırarıq!”[71]

“Quran”da Tanrı Məhəmməd peyğəmbəri döyüş meydanında qoyub gedənlərə belə deyir: “Məhəmməd ancaq bir peyğəmbərdi, ondan əvvəl də peyğəmbərlər gəlib-gedib. Bəlkə o öldü, ya öldürüldü, siz geri dönəcəksizmi? Geri dönən kəs onsuz da Allaha heç bir zərər yetirə bilməz! Şükür eləyənlərəsə Allah bunun qarşılığını tezliklə verəcək! Allahın izni olmayınca heç kəsə ölüm yoxdu! Ölümün vaxtı var, bu bir yazıdı. Dünya mənfəəti istəyənə dünya mənfəətindən, axirət savabı istəyənə axirət savabından verərik! Şükür eləyənlərə bunun qarşılığını tezliklə verəcəyik!”[72]

“Quran”da deyilir: “Şükür eləyib iman gətirsəz, sizə əzab vermək Allahın nəyinə gərəkdi? Allah şükür eləyənlərin haqqını verəndi, hər şeyi biləndi!”[73]

Tanrı deyir kim şükür eləsə özünə eləyər. Tanrı deyir elə bilməyin mənim şükürə ehtiyacım var, şükür eləmək sizin özünüzə gərəkdi, kim şükür eləsə onsuz da xeyiri özünə dəyər. “Quran”da deyilir: “Küfr eləsəz, bilin ki, Allah sizə onsuz da möhtac deyil. Amma bəndələrinin küfr eləməyi Ona xoş getməz. Şükür eləsəz, sizin bu şükürünüz Ona xoş gələr”[74].

Tanrı deyir: “Kim şükür eləsə, özü üçün şükür eləmiş olar! Kim nankor olsa, bilsin ki, Allah möhtac deyil, özlüyündə şükürə, tərifə layiqdi!”[75]

Tanrı deyir: “Biz insanı qarışıq bir nütfədən yaratmışıq. Onu imtahana çəkəcəyik! Onu eşidən, görən eləmişik! Ona yolu göstərmişik! İstəyir şükür eləyən olsun, istəyir nankor!”[76]

“Quran”da deyilir Süleyman peyğəmbər Səba hökmdarı Bəlqisin taxtını istəyəndə taxt ona bir göz qırpımında gətirilib. Onda Süleyman peyğəmbər belə deyib: “Rəbbim bu mərhəmətiylə məni yoxlayır, bilmək istəyir şükür eləyəcəm, yoxsa nankor olacam! Kim şükür eləsə, əslində özü üçün şükür eləmiş olur, kim nankor olsa, bilsin ki, mənim Rəbbim, şübhəsiz, möhtac olmaya-olmaya mərhəmət sahibidi!”[77]

Tanrı şükür eləyənləri yaxşı tanıyır. Tanrı deyir bəndələrimdən birini özümə yaxın tutmağım o birinə qəribə görünə bilər. Ancaq Tanrı deyir bunda qəribə heç nə yoxdu: “Bəyəm Allah şükür eləyənləri daha yaxşı tanıyan deyilmi?!”[78]

Tanrı şükür eləyənlərdən sevgiylə danışır. Deyir: “Həqiqətən, İbrahim özü təkcanına Allaha boyun əyən, Ona tapınan bir ümmət idi. Müşriklərdən deyildi. Allahın nemətlərinə şükür eləyən idi. Allah da onu seçdi, doğru yola yönəltdi. Biz dünyada ona gözəl nemət verdik! O, axirətdə də salehlərdəndi!”[79]

Tanrı deyir: “Ey Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəsilləri! Doğrudan da, Nuh çox şükür eləyən bir bəndə idi!”[80]

Tanrı şükür eləyən qövmə ayələrini sevgiylə çatdırır. Deyir: “Təmiz torpağın bitkisi Rəbbinin izniylə boy atar, pis torpağın bitkisi seyrək çıxar, zay olar. Biz şükür eləyən qövmə ayələrimizi belə çatdırarıq!”[81]

“Quran”da şükür eləmək üçün Tanrıdan kömək istəyən adamlardan da danışılır. “Quran”a görə, İbrahim peyğəmbər arvad-uşağını – arvadı Həcərlə oğlu İsmayılı Kəbənin yaxınlığında məskunlaşdıranda Tanrıya belə bir dua eləyib: “Pərvərdigara! Mən əhli-əyalımdan bəzisini Sənin hörmətli evinin yanında, əkin verməyən bir dərədə sakin eləmişəm. Pərvərdigara! Onlar namaz qılsınlar deyə belə eləmişəm. İndi elə elə ki, adamların bir qisminin qəlbi onlara meyl eləsin! Onlara məhsullarından ruzi ver! Bəlkə şükür eləsinlər!”[82]

“Quran”da Süleyman peyğəmbərin də şükür eləyə bilmək üçün Tanrıdan kömək istədiyi deyilir. “Quran”a görə, Süleyman peyğəmbərin şükür duası belə olub: “Pərvərdigara! Mənə ilham ver özümə, ata-anama bəxş elədiyin nemətə şükür eləyə bilim! Səni razı salacaq yaxşı işi görməyi mənə öyrət! Məni öz mərhəmətinlə əməlisaleh bəndələrinin cərgəsinə qoş!”[83]

“Quran”da Tanrı insana ata-anaya yaxşı baxmağı buyurur. Bir yerdə Tanrı hətta belə deyir: “Mənə, ata-anana şükür elə!”[84]

Tanrı deyir: “Biz insana ata-anasına yaxşılıq eləməyi tapşırdıq. Anası əziyyətlə onu bətnində gəzdirib, əziyyətlə də doğub. Onun ana bətnində daşınmağı, süddən kəsilməyi otuz ay çəkir. Nəhayət, insan kamillik çağına yetişib qırx yaşa dolanda belə deyər: “Pərvərdigara! Mənə qismət elə özümə, ata-anama bəxş elədiyin nemətə şükür eləyə bilim, Sənin bəyəndiyin işləri görə bilim! Nəslimi də məndən ötrü əməlisaleh elə! Həqiqətən, mən Sənin dərgahında tövbə eləmişəm, Sənə təslim olanlardanam!”[85]

Tanrı deyir çox səbir, çox şükür eləyənlər üçün dünyada ibrətlər var. Tanrı naşükürlüyünə, nankorluğuna görə Səba əhlinə verdiyi cəzada da böyük ibrət olduğunu deyir. Tanrı deyir Səba əhlinin yurduyla başqa bərəkətli məmləkətlər arasında bir-birinə bitişik abad qəsəbələr salmışdıq, orda rahat gediş-gəliş yaratmışdıq. Tanrı deyir onlara belə demişdik: “Gecələri-gündüzləri orda arxayın gəzib-dolaşın!” Ancaq Səba əhli naşükür çıxdı, Tanrıdan qəsəbələr arasında yolu uzatmağı, qəsəbələri bir-birindən uzaq eləməyi istədi. Tanrı deyir bununla onlar özlərinə zülm elədilər. “Biz onları pərən-pərən salıb dillərdə dastan elədik! Həqiqətən, bunda çox səbir, çox şükür eləyən hər kəs üçün ibrətlər var!” deyir Tanrı[86].

“İbrət almaq, şükür eləmək istəyənlər üçün gecə-gündüzü bir-birinin ardınca gətirən Odu!” deyilir “Quran”da[87].

Deyilir: “Görmürsənmi gəmilər Allahın bir neməti kimi dənizdə necə üzür? Bununla Allah sizə öz nişanələrini göstərir! Həqiqətən, bunda çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var!”[88]

Yenə deyilir: “Dənizdə dağ kimi üzən gəmilər Onun nişanələrindəndi! Allah istəsə, küləyi dayandırar, gəmilər suyun üzündə durub qalar! Həqiqətən, bunda səbir eləyən, şükür eləyən hər kəs üçün dəlillər var!”[89]

Tanrı deyir: “Biz Musanı öz ayələrimizlə peyğəmbər göndərdik. Ona dedik: “Tayfanı qaranlıqdan aydınlığa çıxart, Allahın günlərini onlara xatırlat!” Şözsüz ki, bunda çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var!”[90]

“Quran”da səbirlə şükürün qoşa çəkilməyi elə-belə deyil. İslam dininə görə, səbir imanın bir yarısı, şükür o biri yarısıdı. İmansa dində ən vacib məsələlərdən biridi. İslam dinində iman – Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirətə, bəzi yozumlara görə, həm də qədərə ürəkdən inanmaq, buna sözdə, işdə əməl eləmək deməkdi. İndi təsəvvür eləyin: bütün bunların yarısı şükürdən keçir. Gör Yaradana şükür eləmək nə qədər vacib məsələdi ki, o boyda imana yiyələnməyin yarısı şükürün payına düşür. Ona görə də Tanrı “Quran”da şükürə, eləcə də səbirə bu qədər geniş yer ayırır. Tanrı öz ayələrini ona görə bizə belə geniş aydınlaşdırır ki, bəlkə şükürünü yerinə yetirək!

***

“Quran”da şükür eləməyə çağırış bununla bitmir. “Quran”da tez-tez “həmd” sözü işlənir. Deyilir: “Əlhəmdülillah”. “Əlhəmdülillah” iki cür tərcümə olunur: “Həmd olsun Allaha”, yaxud “Həmd Allaha məxsusdu”. “Quran” kitabı həmdlə açılır. İlk surədə Allaha həmd olunur, yaxud başqa sözlə desək, həmdin Allaha məxsusluğu bildirilir. Deyilir: “Həmd olsun Allaha (yaxud: Həmd məxsusdu Allaha) – aləmlərin Rəbbinə, mərhəmətli, rəhmli olana, haqq-hesab gününün sahibinə!”[91]

“Həmd” tərif deməkdi, ancaq bəzi araşdırıcılar onun şükür mənası verdiyini də bildirirlər[92]. Bu gün “Quran”ın Azərbaycan türkcəsinə çevirmələri arasında əsas kimi götürülən variantında – Ziya Bünyadovla Vasim Məmmədəliyevin çevirdiyi, demək olar, Azərbaycan Respublikasında “Quran”ın rəsmi tərcüməsi kimi tanınan variantında da “həmd”in şükür, tərif mənaları verdiyi göstərilir. Klassik ədəbiyyatımızda da “Əlhəmüdlillah” təkcə Allahı tərifləmək üçün yox, Allaha şükür eləmək üçün də işlənib.

“Quran”a görə, yerdə-göydə nə varsa, bütün məxluqat Tanrıya həmd eləyir[93], göy gurultusu da[94], mələklər də[95] Allaha həmd deyir. Möminlərin də cənnətdə dualarının sonu “Həmd olsun aləmlərin Rəbbi Allaha!” olar[96].

“Quran”a görə, yerdə-göydə həmd Allaha məxsusdu[97]. Yəni həmd ancaq Allaha düşür, Allahdan başqa heç kimə həmd oluna bilməz, bu dünyada da, axirətdə də həmd yalnız Allaha aiddi[98].

“Həmd”i şükür, tərif mənalarında qəbul eləmək “Əlhəmdülillah”ı – “Həmd olsun Allaha”nı “Şükür, tərif olsun Allaha”, yaxud “Həmd Allaha məxsusdu”nu “Şükür, tərif Allaha məxsusdu” kimi qəbul eləmək deməkdi. Bu, bütün məxluqatın – göy gurultusunun, mələklərin də həmdini onların Allaha tərif deyib şükür eləməyi kimi başa düşməkdi. Bu o deməkdi möminlər cənnətdə dualarını bitirəndə Allaha həm tərif, həm də şükür eləyərlər. Belə olanda həmdin Allaha məxsusluğunu tərifin də, şükürün də Allaha məxsusluğu kimi anlamaq lazım gəlir. Yəni tərif kimi şükür də ancaq Allaha düşür.

“Quran”da deyilir: “Hökm Onundu, həmd də Ona məxsusdu. O, hər şeyə qadirdi!”[99]

“Odu Allah. Ondan başqa heç bir tanrı yoxdu. Dünyada da, axirətdə də həmd Ona məxsusdu”[100].

“O Allah təkdi! Möhtac deyil. Doğmayıb, doğulmayıb. Onun tayı-bərabəri də yoxdu!”[101]

“Quran”da deyilir Allah pakdı, müqəddəsdi[102], ədalətlidi[103], yaxşıların mükafatını, pislərin cəzasını verəndi[104], mərhəmətlidi, rəhmlidi[105], tövbələri qəbul eləyəndi[106]. “Quran”da deyilir ruzini verən Allahdı[107], Yer üzündə elə bir canlı yoxdu Allah onun ruzisini verməsin[108]. Allah ucadı, böyükdü[109], hər şeyi eşidəndi, biləndi[110], görəndi[111], yenilməz qüvvət sahibi, hikmət sahibidi[112]. Belə Allah, əlbəttə, tərifə, şükürə layiqdi.

***

“Quran”da şükür eləmək Tanrını tanımağa, naşükürlük Tanrını danmağa bərabər tutulur. Tanrı “Mənə şükür eləyin” deyəndə ardınca da “Məni danmayın” deyir. Deməli, şükür eləmək Tanrını tanımaq, naşükürlük Tanrını danmaqdı. Tanrını tanımaq imandı, danmaq küfrdü. Şükürün imandan olduğu “Şükür eləyib iman gətirsəz, sizə əzab vermək Allahın nəyinə gərəkdi?” ayəsindən də görünür. Burda şükür imana gəlməyin yolu kimi göstərilir. Naşükürlüyün küfr olduğu “Şükür eləsəz, nemətinizi qətiyyətlə artıracam, küfrə düşsəz, Mənim əzabım doğrudan çox şiddətlidi!” ayəsindən də bəlli olur. “Mənə şükür eləyin, Məni danmayın!” ayəsində olduğu kimi burda da küfr şükürün tərs üzü kimi göstərilir. Küfrü şükürün tərsi kimi göstərən başqa ayə də var. O ayədə deyilir: “Küfr eləsəz, bilin ki, Allah sizə onsuz da möhtac deyil. Amma bəndələrinin küfr eləməyi Ona xoş getməz. Şükür eləsəz, sizin bu şükürünüz Ona xoş gələr”.

Şükür Tanrıdan, naşükürlük şeytandan gəlir. “Quran”a görə, Tanrıya ilk naşükürlüyü İblis eləyib. Bütün naşükürlüklərin, nankorluqların başında da o dayanır. Naşükürün, nankorun birincisi, həm də ən böyüyü İblisdi. İblis naşükürlüyü Adəm yarananda eləyib. “Quran”da deyilir Tanrı Adəmi yaradanda mələklərə Adəmə səcdə eləməyi tapşırıb. Mələklərin hamısı səcdə eləyib, bircə İblisdən savayı. Tanrı İblisdən soruşub mən əmr eləyəndə sənin səcdə eləməyinə nə mane oldu? İblis deyib mən Adəmdən daha yaxşıyam, çünki məni oddan, onu palçıqdan yaratmısan. Tanrı İblisin təkəbbürünə qəzəblənib, onu lənətləyib, onu öz rəhmətindən qovub. Bu vaxt İblis Tanrıdan qiyamət gününəcən möhlət istəyib. Tanrı ona möhlət verib. Möhlət alanda İblis Tanrıya deyib mən özümü dörd bir yandan soxub adamları sənin yolundan azdırmağa çalışacam, sən də onların çoxunu şükür eləyən görməyəcəksən. Beləliklə, İblis adamları Tanrının yolundan azdırmağa çalışır. Adamların yoldan azmağının da göstəricisi odu ki, Tanrı onları şükür eləyən görməsin. Deməli, şükür eləməmək adamın Allahın yolundan azdığını göstərir. Şükür eləməmək bunu göstərirsə, deməli, şükür eləmək də adamın Allahın yolunu tutub getməyinin göstəricisidi. Bu bir daha şükürün Tanrıdan, naşükürlüyün şeytandan gəldiyi, şükürün iman, naşükürlüyün küfr olduğu deməkdi. Çünki iman Allahın buyurduğuna əməl eləyib onun yoluyla getmək, küfr İblisə uyub Allahın yolundan azmaqdı.

“Quran”da deyilir qiyamət günü İblis də, ona uyanlar da cəhənnəmə atılacaq. Bunu naşükürlüyün müvəqqəti olduğu kimi də başa düşmək gərəkdi. Naşükürlük həmişə olmayıb. O, sonradan ortaya çıxıb, İblislə başlayıb, Adəm yarananda baş qaldırıb, onun qiyamətə qədər də vaxtı var. Naşükürlük müvəqqətidi. Şükürsə əbədidi. Onun vaxtı-müddəti yoxdu, o, Adəm yaranana qədər də olub, Adəm yaranandan sonra da var, Adəm övladının bu dünyadakı ömrü başa çatandan sonra da olacaq. Mələklər Tanrıya şükür eləyir. Bu, əbədi şükürdü. Cənnətdə adamlar Tanrıya şükür eləyəcək. Bu, əbədi şükürdü. Şükür qiyamətdən sonraya da gedib çıxacaq, naşükürlüyünsə ömrü qiyamətə qədərdi. Şükürün başlanğıcı, sonu yoxdu, həmişə olub, həmişə olacaq. Naşükürlüyünsə başlanğıcı, sonu var, onun müddəti, möhləti var, o, əbədi deyil, həmişə olmayıb, həmişəlik də qalan deyil.

“Quran”da deyilir Tanrı heç nəyə möhtac deyil, o, insanın şükürünə də möhtac deyil, kim şükür eləsə özünə eləyər. Bu o deməkdi şükür eləmək insanın özünə lazımdı, kim şükür eləsə özünə xeyir eləyir. Nədi şükürün adama xeyiri? Tanrı deyir şükür eləsəz, nemətinizi qətiyyətlə artıracam. Deməli, şükürün xeyiri ondadı ki, adamın nemətini artırır. Hansı nemətini? Burda ən birinci mənəvi nemətdən, ilahi nemətdən söhbət gedir. “Nemətinizi artıracam” deyəndə Tanrı ən birinci insanın mənəvi, ilahi nemətini artıracağını nəzərdə tutur. “Nemətinizi artıracam” o deməkdi ki, sizi bu dünyada özümə yaxın eləyəcəm, sizi özümə dost tutacam, kamilliyinizi, əxlaqınızı, savabınızı artıracam, o dünyada da sizi əbədi xoşbəxtliyə çatdıracam, sizə cənnət qismət eləyəcəm. Budu nemət. Bu dünyada Allahın dostu olmaqdan, o dünyada cənnətə düşməkdən böyük nemət yoxdu. Tanrı şükürə bu dünyanın da, o dünyanın da ən böyük nemətini vəd eləyir. Tanrı “Quran”da İbrahim peyğəmbərdən danışanda deyir: “Həqiqətən, İbrahim özü təkcanına Allaha boyun əyən, Ona tapınan bir ümmət idi. Müşriklərdən deyildi. Allahın nemətlərinə şükür eləyən idi. Allah da onu seçdi, doğru yola yönəltdi. Biz dünyada ona gözəl nemət verdik! O, axirətdə də salehlərdəndi!” İbrahim özü təkcanına bir ümmət idi – Allaha boyun əyən, Ona tapınan bir ümmət. Müşriklərdən deyildi. Allahın nemətlərinə şükür eləyən idi. Allah da onu seçdi, doğru yola yönəltdi. Allahın bu dünyada insana verdiyi ən gözəl nemət budu: insanı seçib, doğru yola yönəltməyi. Allahın o dünyada verdiyi ən gözəl nemət də insanın axirətini yaxşı eləməyidi. İbrahim axirətdə də salehlərdəndi!

Tanrı bu dünyada da, o dünyada da şükürə ən böyük mükafatını verir. Şükür bu dünyada insanı Tanrıya yaxınlaşdırır, o dünyada insana əbədi xoşbəxtlik qazandırır. Onun dəyəri bundadı. Şükür bunu bacarmasaydı, dəyəri çox kiçilərdi, əslində heç dəyəri qalmazdı. Ancaq şükür bunu bacarır. Tanrı ona bu imkanı verməklə şükürü ən yüksək səviyyəyə qaldırır. Tanrı şükür eləyəni bu dünyada özünə yaxınlaşdırır, o dünyada cənnətlik eləyir. Şükür insanı bu nemətlərə çatdırır, bundan da böyük nemətlər yoxdu. Doğrudan da, Tanrı qədirbiləndi, şükürün əvəzini verəndi. “Quran”da deyildiyi kimi: “Allaha gözəl bir borc versəz, Allah onu sizin üçün qat-qat artırar, sizi bağışlayar! Allah şükürün əvəzini verəndi, həlimdi”.

Tanrı şükürə başqa mükafatlar verməsəydi də, şükürün dəyəri azalmayacaqdı. Amma şükürün bir uğuru da ondadı ki, o, insanın başqa nemətlərini də artıra bilir. Bu, ikinci dərəcəli məsələdi, amma bunu bacarmağı şükürün uğurlarından sayılmalıdı. İkinci dərəcəli olsa da, bu da bir uğurdu. Söhbət maddi nemətlərdən gedir. “Quran”a, islam dininə görə, şükür insanın maddi nemətlərini də artıra bilər. “Quran”ın neçə-neçə ayəsində Tanrı verdiyi maddi nemətlərə naşükür çıxan, nankorluq eləyən qövmləri cəzalandırdığını deyir. Deməli, naşükürlük insanı təkcə mənəvi nemətlərdən məhrum eləmir, naşükürlük adamı maddi nemətdən də məhrum eləyə bilər. Şükür insanın mənəvi nemətini artırır – “Quran”da bu məsələ qəti qoyulur, buna zərrə qədər şübhə yeri yoxdu. Amma şükür eləyənin maddi vəziyyəti naşükürün maddi vəziyyətindən aşağı ola da bilər. Bunda da qəribə heç nə yoxdu. Tanrının ən böyük mükafatı mənəvi mükafatdı, onu da şükür eləyənə verir. Yəni Tanrı şükür eləyəni heç vaxt mükafatsız qoymur, ona mükafat verir, özü də ən böyük mükafatını verir. Tanrı şükür eləyəni heç vaxt ən böyük mükafatından məhrum eləmir. Tanrı şükür eləyənə verdiyi mükafatı heç vaxt naşükürə vermir – “Quran”da bu məsələ də qəti qoyulur, burda da heç bir şübhə yeri yoxdu. Naşükür bu dünyanın da, o dünyanın da ən böyük nemətindən məhrumdu. Şükür eləyən bu dünyada da, o dünyada da ən böyük nemətin sahibdi. Bu məsələlər qətidi. Amma “Quran” göstərir ki, naşükürlük insanı maddi nemətlərdən də məhrum eləyə bilər, şükür insanın maddi nemətini də artıra bilər. Adətən Tanrı naşükürləri həddini aşanda, açıq-aşkar nankorluq eləyəndə maddi nemətdən məhrum eləyir. Məsələn, Tanrı Səba əhlinə verdiyi cəzadan danışanda deyir Səba əhlinin yurduyla başqa bərəkətli məmləkətlər arasında bir-birinə bitişik abad qəsəbələr salmışdıq, orda rahat gediş-gəliş yaratmışdıq. Tanrı deyir onlara belə demişdik: “Gecələri-gündüzləri orda arxayın gəzib-dolaşın!” Ancaq Səba əhli naşükür çıxdı, Tanrıdan qəsəbələr arasında yolu uzatmağı, qəsəbələri bir-birindən uzaq eləməyi istədi. Tanrı deyir bununla onlar özlərinə zülm elədilər, biz də onları pərən-pərən salıb dillərdə dastan elədik.

Yaxud Tanrı İsrail oğullarına Tih səhrasında yaşadıqları vaxt verdiyi cəzadan danışanda deyir onların üstünə buludla kölgə salmışdıq, dadlı yemiş, bildirçin kababı göndərib demişdik: “Sizə ruzi elədiyimiz pak şeylərdən yeyin!” Tanrı deyir sonra onlara şəhərə girib ordakı nemətlərdən istədikləri qədər yeməyi buyurmuşduq. Tapşırmışdıq şəhərin qapısından səcdə eləyə-eləyə, təvazökarcasına, “Hittə!” (“İlahi, bizim günahlarımızı bağışla!”) deyib girsinlər ki, onların günahlarını bağışlayaq. Ancaq Tanrı deyir özlərinə zülm eləyənlər sözü dəyişdilər, “hittə” sözünə gülüb onu “buğda” mənasında olan “hintə” sözüylə əvəz elədilər. Tanrı deyir buna görə də o zalımlara göydən əzab endirdik.

Bunlar maddi cəzalardı, bu dünyada verilən cəzalardı, insanı maddi nemətlərdən məhrum eləyən cəzalardı. Bu, Tanrının əsas cəzası deyil, ona görə Tanrı naşükürə bu cəzanı verməyə də bilər. Tanrının naşükürə, nankora verəcəyi əsas cəza qarşıdadı. “Quran”da deyildiyi kimi: “Hələ qarşıda cəhənnəm var! Ona irinli-qanlı sudan içirdiləcək! O, irinli-qanlı suyu qurtum-qurtum içər, uda bilməz. Ona hər tərəfdən ölüm gələr, amma ölməz. Hələ ardınca bundan da dəhşətli əzab gələcək!”[113]

Tanrı nankorlara bu dünyada verdiyi cəzaların əsas cəza olmadığını “Quran”da dönə-dönə deyir. Ona görə naşükürlər, nankorlar bu dünyada kefdə-damaqda ola da bilərlər. Tanrı dənizdə tufana düşəndə onu çağıran, sağ-salamat quruya çıxandasa ona şərik qoşan adamlardan danışanda deyir: “Qoy onlara verdiklərimizə nankor olsunlar, kef çəkib zövq alsınlar, tezliklə bilərlər!” “Teliklə bilərlər” – qiyamətə, cəhənnəmə işarədi. Tanrı deyir: “Hələ kef çəkin görək, tezliklə biləcəksiz!” “Qoy onlara verdiyimiz şeylərə naşükürlük eləsinlər! Hələ kef çəkin! Bir az sonra biləcəksiz!” “Hüzurumuza qayıdacaqsız! Biz də elədiklərinizi sizə xəbər verəcəyik!” Tanrı deyir: “İnsana bir zərər toxunanda Rəbbinə tərəf dönüb yalvarar. Sonra Rəbbi ona bir nemət verəndə bir vaxt yalvardığını unudar, xalqı Allah yolundan azdırmaq üçün Rəbbinə şəriklər qoşar. Ey Peyğəmbər, ona de: “Hələ küfrünlə bir az dövran sür! Sən cəhənnəm əhlindənsən!”

Mükafat da belədi: əsas mükafat bu dünyada deyil, o dünyadadı, yəni maddi formada deyil, mənəvi formadadı. Bu dünyadakı əsas mükafat da maddi formada deyil, mənəvi formadadı. Ancaq Tanrı bəzən naşükürə ikinci dərəcəli cəza – bu dünyanın cəzasını verdiyi kimi, şükür eləyənə də bəzən ikinci dərəcəli mükafat – bu dünyanın mükafatını, yəni maddi mükafat verə bilər. Məsələn, Tanrı Lut qövmündən danışanda deyir biz o qövmün üstünə daş yağdırdıq, amma rəhmətimizi də göstərdik – Lutun ailəsini xilas elədik. Tanrı deyir biz şükür eləyən kimsəni belə mükafatlandırarıq! Bu, əsas mükafat deyil. Bu, ikinci dərəcəli mükafatdı. Ailəsi daşların altında qalsaydı da, Lut əsas mükafatdan məhrum olmayacaqdı. Amma Tanrı mərhəmətini də göstərir, hərdən bəndənin şükürünə bu dünyanın mükafatlarından da verir.

Sağlamlıq, var-dövlət, təhlükəsizlik – bunlar hamısı nemətdi. Bunlar Tanrının şükürün qarşılığında artırdığı əsas nemətlər deyil, ancaq Tanrı hərdən şükürə belə mükafatlar da verir. Tanrının bu dünyada şükürə verdiyi maddi, mənəvi mükafatlar sırf mükafat da ola bilər, yarı mükafat, yarı sınaq da ola bilər. Tanrı bunları mükafat kimi yox, sırf sınaq kimi də verə bilər. Tanrının bu dünyada nəyi mükafat, nəyi sınaq kimi verdiyi o qədər də bəlli deyil, çünki Yaradanın hikməti dərindi, onun bütün qatlarını görmək olmur. Tanrının yalnız axirətdə verdiyi mükafatın xalis mükafat olduğu bəllidi. Cənnət – sırf mükafatdı, cənnət sınaq deyil, o, xalis mükafatdı. Cəhənnəm də belədi – o, sırf cəzadı, sınaq deyil. Bu dünyadasa Tanrının verdiyi cəzalar, mükafatlar yarı sınaq, bəzən də bütövlükdə sınaq ola bilər. Tanrı “Quran”da deyir: “İnsana bir zərər toxunanda Bizi çağırar, Biz ona bir nemət əta eləyəndə: “Bu mənə biliyimə görə verilib!” deyər. Xeyr, bu bir sınaqdı, ancaq onların çoxu bilməz!”

“Quran”da deyilir Süleyman peyğəmbər Səba hökmdarı Bəlqisin taxtını istəyəndə taxt ona bir göz qırpımında gətirilib. Onda Süleyman peyğəmbər belə deyib: “Rəbbim bu mərhəmətiylə məni yoxlayır, bilmək istəyir şükür eləyəcəm, yoxsa nankor olacam! Kim şükür eləsə, əslində özü üçün şükür eləmiş olur, kim nankor olsa, bilsin ki, mənim Rəbbim, şübhəsiz, möhtac olmaya-olmaya mərhəmət sahibidi!”

Tanrı deyir: “Biz insanı qarışıq bir nütfədən yaratmışıq. Onu imtahana çəkəcəyik! Onu eşidən, görən eləmişik! Ona yolu göstərmişik! İstəyir şükür eləyən olsun, istəyir nankor!”

Şükür – Tanrının elədiyi yaxşılıqları bilməkdi. “Quran”da deyilir: “Ondan nə istəmisiz, hamısından sizə verib! Allahın nemətlərini saymaq istəsəz, sayıb qurtara bilməzsiz!” Allahın nemətləri – Allahın elədiyi yaxşılıqlardı. Bu yaxşılıqların sayı-hesabı yoxdu. Tanrı insanı yaratmazdan qabaq insan Tanrıdan nəsə istəyə bilsəydi, ən böyük istəyi o olardı ki, Tanrı onu yaratsın. Tanrı insanı yaradıb. Tanrı insana öz ruhundan pay verməsəydi, insanın ən böyük istəyi o olardı ki, Tanrı ona öz ruhundan pay versin. Tanrı insana öz ruhundan pay verib. İnsanın əxlaqı, ağlı, azadlığı olmasaydı, ən böyük istəyi o olardı ki, əxlaqı, ağlı, azadlığı olsun. Tanrı insana əxlaq, ağıl, azad iradə verib. Əbədi xoşbəxtlik – cənnət olmasaydı, insanın ən böyük istəyi o olardı ki, əbədi xoşbəxtlik – cənnət olsun. Tanrı cənnət yaradıb. İnsanın cənnəti qazanmaq imkanı olmasaydı, ən böyük istəyi o olardı ki, cənnəti qazanmaq imkanı olsun. Tanrı insana cənnəti qazanmaq imkanı verib. İnsan Yaradanı duya, həqiqəti dərk eləyə, xeyiri şərdən seçə bilir. Bilməsəydi, Tanrıdan bunları istəyərdi. Tanrı insana istədiyini verib. İnsan sevə bilməsəydi, sevmək istəyərdi. Tanrı insana sevgi verib. Tanrı insana vicdan, ədalət, mərhəmət, elm, bilik, ləyaqət verib. Bunların hansı biri olmasaydı, insan onu Tanrıdan istəyərdi, Tanrı insana bunun hamısını verib.Tanrı insanı eşidən, görən, dadları, qoxuları, toxunuşları duyan eləyib. Tanrı insana nitq, yaddaş, təxəyyül, istedad, qabiliyyətlər, bacarıqlar, maraqlar verib. Tanrı insana mənəvi, maddi gözəlliklərdən zövq almaq, ilhamlanmaq, sevinmək, vəcdə gəlmək bacarığı verib. Tanrı insana yaratmaq, qurmaq, yeniliklər, kəşflər eləmək şövqü verib. Tanrı insana vətən, millət, ailə, qohum-əqrəba, dost-tanış, qonum-qonşu verib. Su olmasaydı, insan su kimi bir nemət istəyərdi. Tanrı insana su verib. Od olmasaydı, insan od istəyərdi. Tanrı insana od verib. İnsan torpaq istəyərdi, Tanrı insana torpaq verib. Hava istəyərdi, hava verib. Günəş olmasaydı, insan gecələr uzunu üzünü göyə tutub qaranlıqda Günəş kimi bir möcüzənin doğmağını istəyərdi. Tanrı insana Günəş verib. Gecə olmasaydı, insan Günəşin batmağı həsrətiylə yaşayardı, günün yarısını qaranlıq istəyərdi. Tanrı insana gecə verib. Ay olmasaydı, insan vahiməyə düşərdi, darıxardı, sıxılardı, gecələr göydə Ay kimi bir işartı, özünə Ay kimi bir ürək-dirək, bir həmsöhbət, həmdərd istəyərdi. Tanrı insana Ay verib. Ulduzlar olmasaydı, insan Ayın yanında ulduzlar istəyərdi. Tanrı ulduzları qum kimi Ayın yan-yörəsinə səpələyib. Dünya gen olmasayd


Xəbəri paylaş

9548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___