Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tutulmayan icra başçısının kəndlinin başına açdığı torpaq oyunu - Sənədlər
Tarix: 19-08-2021 | Saat: 17:02
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər



Dövlət, bələdiyyə və özəl mülkiyyət növləri, həmçinin torpağın əkinçilik, fərdi ev, örüş yeri adlı təsnifatları var. Azərbaycanda yerli icra qurumlarından başlayaraq, sakinlərə qədər bu təsnifatlarla bağlı praktiki məsələlərə gələndə çaşqınlıq yaranır. İndi sizə təqdim edəcəyimiz növbəti faktlardan birinin də məzmunu bu qəbildəndir: Olay Füzuli Əvəz oğlu Süleymanovun başına gəlib. Ağsaqqal Zərdab rayonunun Çallı kəndində yaşayır. 



O, “Rupor”un redaksiyasına şikayət məktubu ünvanlayıb. 

F. Süleymanov yazır: “Mən dövlət məmuru olan fırıldaqçıların qurbanı olmuş və ailəmin yeganə gəlir mənbəyini itirmişəm. Təəssüf ki, 4 ildir hüquqi dövlət olan Azərbaycanda haqqımı bərpa etmirlər. İşin ən acı, ağır tərəfi odur ki, mənə və ailəmə qarşı edilən bu əclaflığı, fırıldaqçılığı Prezidentin hər çıxışında xalqa ləyaqətlə xidmət etməyi tapşırdığı məmurlar edib.  2016-cı ildə Zərdab rayonunun Çallı kəndinin icra nümayəndəsi işləmiş, hazırda Zərdab rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov Ramiz Ağakərim oğlu mənimlə görüşərək o zaman Zərdab rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Lütfəli Babayevin ailəmə məxsus 2,5 ha pay torpağını almaq istədiyini bildirdi. Əvəzində isə evimə daha yaxın ərazidən torpaq sahəsi verəcəyini söylədi. Mən bir kəndçi kimi rayonun rəhbərinin təklifindən çıxa bilmədim və dövlət məmuru olan kəndçimizin sözünə inandım. Bizi ailəliklə notariat kontoruna aparan Ramiz Məmmədov torpaq sahəmi o vaxtadək heç zaman üzünü görmədiyim və tanımadığım Aslanov Namiq Nəriman oğlunun adına keçirməyimizin lazım olduğunu dedi. Ondan bu adamın kim olduğunu soruşduqda "İcra başçısının adamıdı. Lütvəli Babayev deyir ki, torpağı bu şəxsin adına keçirin" cavabını verdi. Ramiz Məmmədov pay torpağımızın onlara verilməsinin əvəzində dəyişdirilməsi üçün təklif etdikləri ərazinin sənədini bir həftə ərzində şəxsən gətirib mənə təqdim edəcəyini söylədi. Mən də sadə kəndli düşüncəsi ilə R.Məmmədova inandım. Təəssüflər olsun ki, o zamandan etibarən mütəmadi olaraq bu şəxsə müraciət etməyimə baxmayaraq istifadəmə verilən ərazi mənim adıma sənədləşdirilmədi, müvafiq sənədlər bizə verilmədi, bir sözlə onun mülkiyyətimizə keçirilməsi məqsədli şəkildə yubadıldı.
2019-cu ildə isə Ramiz Məmmədovun bilavasitə müraciəti və vasitəçiliyi ilə dəyişdirdiyimiz pay torpağımızın qarşılığında şifahi olaraq bizə verilən, sənədləşdirilməyən əkin sahəsi əlimizdən alındı. Əkdiyim taxılı biçmədən, çəkdiyim xərci ödəmədən pay torpağımın qarşılığında bizə verilən sahəni əlimizdən alıb kəndin örüş yerinə çevirdilər. Bununla da 15 nəfərlik ailəni dolanışıq mənbəyindən qəddarcasına məhrum etdilər”.




Füzuli Süleymanov məktubunda onu da vurğulayır ki, İcra Hakimiyyətinə dəfələrlə etdiyi şikayətlərə heç bir məhəl qoyulmayıb. Ramiz Məmmədovsa bu tələbin qarşılığında onları təhqir edir, qapıdan qovur. 

Kəndci qardaşımız 14 nəfərlik ailəyə cavabdehdir, faktiki heç bir gəlir yeri yoxdur. Bu, şikayətin sonuncü cümləsidir: “Məmmədovun bu hərəkəti nə insanlığa, nə azərbaycanlılığa, nə də ki, dövlət məmurluğuna sığır”. 

Dedik bəlkə nəsə yanlışlıq var. Bəlkə elə Məmmədovun bu hərəkəti insanlığa, azərbaycanlılığa, dövlət məmurluğuna sığır. Axı 2016-ci ildən kəndlini eşitməyən, “aldatdığı” – (şikayətçinin iddiasıdır – red.) adamın dərdinə əlac olmayan məmur hələ də işləyirsə, deməli onun qəlbində iki cahan da sığışa bilər. 

Şirinlik üçün yazdım. Adətən şikayət məktubları quru olur. İstəsəz, yuxarıdakı haşiyəni silə də bilərəm. Dedim, oxucunu köhnə mövzularla yükləməyək, həm də ümidini qırmayaq. Ölkəmizin bu kimi sosial problemləri çoxdan həll olunmalıydı axı. Necə yəni, kəndlinin sənədli torpağını al, əvəzinə sənədsiz və camaatın örüş yerini ver. Sonra isə bu da kəndlinin əlindən alınsın. Oxucu belə yerdə əsəbiləşməsin neyləsin?! Yazıda bəzi nəfəsliklər qoyuruq ki, belə dərdlərlə üzləşəndə nəfəs alaraq dözə bilək. 

O AKT deyirik, sənəd deyirik, eskiz, plan, məktub deyirik, fotoları bizdədir. Buyurun tanış olun: 




Gözləyə bilərəm. Yaxşı-yaxşı baxasınız, nəticə çıxarasınız deyə, yazını sabaha da saxlayarıq. 4 ildir aldadıldığının əzabını yaşayan adamı bir gün gözlətdirsək, dünya dağılmaz. Təki, həqiqətin harda olduğunu aşkara çıxaraq. 

Aşkara çıxarmaq istədik. Məmmədov Ramiz Ağakərim oğluna telefon açdıq. Bəli qəhrəmanımıza – Zərdab Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinə.

Xoş danışıdıq. Hal-əhval da tutduq. Kəndçisinin adını çəkmək kifayət oldu ki, hadisəni təkrar danışmayım. Xeyli danışdıq. Birinci mən zəng etmişdim, sonra o yenidən telefon açdı, bir neçə dəqiqədən sonra geri yığdım. Konkret dedi ki, Füzuli (bəysiz, qardaşsız təqdimatla dedi – red.) “yalan danışır”: “O, öz əkib-biçdiyi torpağı könüllü verib. Əvvəllərdən ordan bal əmirdi, ama sonra dəyişdirdiyi yer daha münbit idi deyə, razılaşdı. Onun qonşuluğunda olan torpaqların sahibləri – aralarında qohumları da var, torpaqlarını nə satdılar, nə dəyişdilər. Füzuli şirniklənib, daha çox bal əmsin deyə, torpağın dəyişdirilməsinə razı oldu”. 

Bəs sənəd? Sənədli torpağı alıb, əvəzinə ona sənədsiz torpaq vermisiniz və sakinlər də oranı örüş yeri kimi özününküləşdirib. 
Cavabı var: Cavabı olmayanları icrada şöbə müdiri qoymazalar. Sadəcə cavab nə dərəcədə haqlı arqumentə söykənir, gərək onu oxucu desin. Jurnalist məsafədə dayanmağı bacarsa yaxşıdır. 



Ramiz müəllimin cavabı belə oldu ki, kimsə Füzuli bəyə torpaq sənədi düzəldən deyildi, gərək özü maraqlanaydı: “Bilirsiz necədir, mən icra nümayəndəsiydim, torpağısa bələdiyyə verir, Füzuli gedib onların yaxasından yapışardı, burada mənlik heç nə yoxdur”.
İcra rəsmisinin iddiasına görə Füzuli qardaş, hələ də o dəyişdirdiyi torpaq sahəsindən istfadə edir. Şöbə müdiri bir sual da ünvanladı ki, Füzuli bəyə verək. Sual belədir: “Ondan soruşunun ki, necə olur ki, 2 hektar yarım torpağı verib, əvəzində 12 hektar yer alıb...”

Birincidən başlayaq: Yapışıb axı, icranın da, bələdiyyənin də, başçının da. Füzuli bəy özü deyir – girişdəki “Bolton”la yazdığım hissədə bildirir ki, icranın qapısını yağır edib, hətta təhqirlərlə də qarşılaşıb. 

İkinci iddia da maraqlıdır. 2,5 hektarın əvəzinə 12 hektar alan adam niyə narazılıq etsin?

Düşündük kəndçi babadır, ola bilsin müraciətdə nəsə anlaşılmazlıq var. Yenidən Füzuli bəylə danışdıq. Dedi: “Ramiz yalan danışır – hə, o da eləcə adını çəkdi məmurun – red.) Mən o torpaqdan cəmi 3 il istifadə etdim. 2020-ci ildə əkdiyim taxıl sahəsinə də kənd camaatı heyvanını saldı və otartdı. Çünki torpağın mənim mülkiyyətim olduğunu göstərən sənədi yoxdur”. 

10 hektar artıq torpaq payını necə ala bildiniz? Dedi: “Sənədsiz torpaq veriblər, elə çox olması ilə məni aldatmaq istəyiblər. Sənədsiz torpaq nə qədər çox olsa da, sabah onun mütləq mübahisəsi düşür. 

Bitdi. Yox, bir incə nüans da qaldı. Ramiz müəllimdən onu da soruşmuşduq ki, bəs camaat əkin yerlərinə hücum çəkib, “mənim örüşümdür” deyəndə icra niyə bu qalmaqalı yatızdırmadı, yaxşı çıxmır axı qonşu qonşunun taxılını heyvanına yedizdirir. 



Cavab: “Görünür siz jurnalistikada təzəsiz. O vaxt bütün ölkədə belə proses yaşandı. Biz camaatın qarşısını ala bilməzdik”. Xatırladım ki, bu sözləri Zərdab rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri deyir. Ərazinin idarəsiz vəziyyətə düşdüyünə dair verdiyimiz sualın qarşılığında...

Hələlik bitdi. Vəziyyətə tam aydınlıq gətirənə qədər bu problemin cözülməsinə, həqiqətin, ədalətin bərpa olunmasına çalışacağıq. Cənab Pezident İlham Əliyev bizi yaman ərköyün öyrədib. Qarabağı işğalçıdan almaqla regionda haqqı bərpa etdi, biz də o yolu gedirik. Özü də bu dəfə də torpaq söhbətidir. Bir fərqlə: qarşı-qarşıya düran hər iki tərəf azərbaycanlıdır. 

Nənəm belə yerdə deyərdi: Kərəminə şükür, ilahi!

Qeyd: Yazını təqdim etməyə hazırlaşərkən keçmiş başçının şəklini axtarıdıq, qarşımıza eyni şikayt əsasında 09.06.2021-ci il tarixdə Yenicağ.azın hazırladığı – (başhttpsyenicag.az/zerdabda-memur-ozbasinaligi-ramiz-memmedov-15-neferlik-ailenin-pay-torpagini-menimseyib-sikayet-foto)  yazı çıxdı. Deməli, mətbuat yazıb, problemsə qalıb.  





Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___