Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gömrük Komitəsindən Şahbaz Xuduoğluna sərt CAVAB: “Utanmaq lazımdır” - QALMAQAL
Tarix: 07-06-2019 | Saat: 16:14
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Ötən Gün “Qanun Nəşrlər Evi” nin direktoru Şahbaz Xuduoğlu Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində gömrük orqanlarına qarşı qərəz və böhtan dolu paylaşım edib və hər zaman olduğu kimi, bir sıra kütləvi informasiya vasitələri də qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac duymadan həmin paylaşımı yayımlayıb”.
 
Bu haqda Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan açıqlamada bildirilib.
 
“Paylaşımdan bəlli olur ki, adıçəkilən şəxs ölkə ərazisinə kommersiya məqsədilə mal gətirib və gətirdiyi mala dair gömrük orqanına əvvəlcədən qısa idxal bəyannaməsi təqdim etmədiyi üçün qanunvericiliyə əsasən inzibati qaydada cərimə olunub”-deyə Gömrük Komitəsi bəyan edib.
 
Qeyd olunub ki, bu il fevralın 1-dən tətbiq edilən qısa idxal bəyannaməsinin hüququ əsaslarına, faydalılığına və səmərəliliyinə şübhə ilə yanaşıb, hətta beynəlxalq praktikada inkişaf etmiş ölkələr tərəfindən geniş surətdə tətbiq edilən yeniliyi “pul yığmaq üçün bürokratik uydurmaya hüquqi don geydirmək” kimi qiymətləndirib.
Bildirilib ki, ilk növbədə, müəllifin “pul yığmaq üçün bürokratik uydurma” adlandırdığı qısa idxal bəyannaməsinin məqsədi, hədəfi və təyinatı barədə qısa açıqlamaya ehtiyac var.
 
“Gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi beynəlxalq təcrübədə qəbul edilib və müvafiq beynəlxalq sənədlərdə gömrük işinin səmərəliliyinin artırılması, ticarət-təchizat zəncirində təhlükəsizliyin təmin edilməsi üçün əsas vasitələrdən biri kimi müəyyən olunub.
Mal və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilmiş məlumatlar risklərin idarə edilməsi və təhlili sisteminin səmərəli şəkildə tətbiqinə imkan verir ki, bu da beynəlxalq ticarətdə sərhəd keçidi əməliyyatları zamanı gömrük nəzarəti formalarının seçmə üsulu ilə həyata keçirilməsi və gömrük-sərhəd buraxılış məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə şərait yaradır”.
 
DGK-nın rəsmi məlumatında o da bildirilib ki, məlumatların əvvəlcədən təqdim edilməsi gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan malların risk dərəcələrinin müəyyən olunmasına, sərhəd keçidi zamanı müvafiq dəhlizin əvvəlcədən seçilməsinə şərait yaradır:
 
“Bu da gömrük nəzarətinin daha çevik və şəffaf formada həyata keçirilməsi, resurslardan daha səmərəli istifadəyə imkan verir. Yəni, qısa idxal bəyannaməsinin verilməsi malların sürətli şəkildə sərhəddən keçərək sahibinə çatdırılmasını, təhlükəsizliyin, şəffaflığın təmin edilməsini, vaxt itkisinin aradan qaldırılmasını təmin edir. Qısası, mal təyinat nöqtəsinə hərəkətdə olarkən, artıq gömrük əməliyyatlarının əsas hissəsi həyata keçirilir.
 
İlkin məlumat mübadiləsi prinsipi, yəni, qısa idxal bəyannaməsinə dair fikir və müddəalar xüsusilə ən mötəbər beynəlxalq sənədlərdə öz əksini tapıb.
 
Ümumdünya Gömrük Təşkilatı (ÜGT) çərçivəsində qəbul olunmuş “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında Konvensiya”nı (Kioto Konvensiyası) göstərmək olar. Kioto Konvensiyasının “A” xüsusi əlavəsinin 1-ci fəslində malları əvvəlcədən bəyanetməyə dair standartlar müəyyən olunub.
Eyni zamanda, 2005-ci ildə ÜGT çərçivəsində qəbul olunmuş “Qlobal ticarətin təhlükəsizliyinin təmin olunması və sadələşdirilməsi üzrə Çərçivə Standartları”nda mallara dair məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi bu standartların əsas elementlərindən birini təşkil edir. Sözügedən standartların 3-cü bölməsinin 2.1.3-cü maddəsində də malların idxalı və ixracı zamanı daşıyıcı və ya onun nümayəndəsi tərəfindən ilkin məlumatların gömrük orqanlarına elektron şəkildə təqdim edilməsi müəyyən olunub. Qeyd olunan standartlarda həm də, nəqliyyat növündən asılı olaraq, mallara dair ilkin məlumatların verilməsi üzrə vaxt çərçivələri tövsiyə edilib: avtomobil nəqliyyatı - 1 saat öncə, dəmir yolu - 2 saat öncə, hava nəqliyyatı - 4 saat öncə, dəniz nəqliyyatı - 24 saat öncə.
İlkin bəyanetmə üzrə standartlara əsaslanaraq bu prinsip dünya ölkələri tərəfindən tətbiq olunur.
Avropa İttifaqının Gömrük Məcəlləsinin 127-ci maddəsinə əsasən, İttifaqın gömrük ərazisinə gətirilən mallara dair əvvəlcədən bəyannamə təqdim edilməlidir.
O da qeyd edilməlidir ki, ilkin bəyanetmə prinsipi Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyində də müəyyən olunub. Bu prinsip Rusiya, Qazaxıstan, İran, Türkiyə və digər qonşu ölkələrdə də tətbiq olunur.
Eyni zamanda, Avropa İttifaqının və ABŞ-ın gömrük qanunvericiliyində ilkin bəyannamənin verilməsi vaxtı nəqliyyat vasitəsinin növünə görə fərqləndirilir. Dəniz nəqliyyatı ilə daşınan mallar üçün bu müddət 24 saat, hava, dəmir yolu və quru yolu ilə daşınan mallar üçün 4 saat təşkil edir.
Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasında da müvafiq tədbirlər görülüb. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2018-ci tarixli, 1431 nömrəli Qanununa uyğun olaraq, Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilən dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməsi müəyyən olunub”.
 
DGK bəyan edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 13.1.-ci bəndində də elektron formada qısa idxal bəyannaməsinin verilməsi təsbit edilib:
“Eyni zamanda, Gömrük Məcəlləsinin 116-cı maddəsinə uyğun olaraq, xarici ticarət iştirakçısı qısa idxal bəyannaməsi verilməsini istisna etmək istəyərsə, bu zaman qısa idxal bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulmuş son müddət başa çatanadək mallara dair gömrük bəyannaməsi verilə bilər.
 
Qanunvercilikdə həm də qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət tədbirləri müəyyən olunub. Gömrük Məcəlləsinin 113-cü maddəsində qısa idxal bəyannaməsinin verilməməsinə görə bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib.
 
Müəllifin “O bəyannaməni yükdən əvvəl necə təqdim etmək olar” sualının cavabı isə çox sadədir. Şübhəsiz ki, hər bir xarici ticarət iştirakçısı istənilən malı müvafiq alqı-satqı, malların dəyərinin ödənildiyini göstərən sənəd əsasında alır və hansı daşıyıcı şirkət tərəfindən ölkəyə gətirildiyini bilir. Qısa idxal bəyannaməsi üçün də bu qəbildən olan sadə məlumatlar kifayətdir. Üstəlik, bu məlumatların elektron qaydada gömrük orqanına ötürülməsinə gömrük xidməti haqqında mənfi rəy yazmağa sərf olunandan daha az vaxt tələb olunur.
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsi Prezident İlham Əliyev tərəfindən son dövrlərdə gömrük sistemində həyata keçirilən islahatlar, yeniliklər və tətbiqlər barədə sahibkarlarla, onları birləşdirən aidiyyəti qurumlarla mütəmadi keçirilən görüşlər, mətbuat konfransları və digər vasitələrlə ictimaiyyəti davamlı olaraq əvvəlcədən məlumatlandırır. Cəmiyyətdə kifayət qədər tanınmış şəxs olan Şahbaz Xuduoğlunun həm də xarici ticarət iştirakçısı kimi gömrük sistemində tətbiq edilən və şəxsən özünün fəaliyyət və maraq dairəsində olan bu məlumatlardan xəbərsiz olması isə inandırıcı deyil.
Eyni zamanda, müəllif “gömrük sahibkarların belini qırır” ifadəsini işlətməklə, qısa idxal bəyannamələrinin tətbiqinə görə sahibkarların cərimələr ödədiyinə, əlavə məsrəflərə məruz qaldığına eyham vurmağa çalışır. Ancaq gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, həyata keçirilmiş idxal əməliyyatları üzrə qısa idxal bəyannaməsinin verilməməsi halları ümumi həcmin 0,7 faizini təşkil edir ki, bu da xarici ticarət iştirakçıları tərəfindən qanunvericliyə riayət edilməsi göstəricisinin yüksək olduğunu təsdiqləyir və bu göstərici aylar üzrə azalmaqdadır.
 
Göründüyü kimi, adında “Qanun” sözü olan quruma rəhbərlik edən şəxs dövlətin qanunlarına hörmətsizlik edir və üstəlik, həmin qanunların icrasını həyata keçirən dövlət qurumuna böhtan atmağa çalışır.


Xəbəri paylaş

3908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___