Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Qəhrəmanlarımızın şəhid olduğu gündür - 26 fevral
Tarix: 26-02-2018 | Saat: 13:47
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Milli Qəhrəmanlarımızın şəhid olduğu gündür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin anım günüdür.
Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulub. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidməti Minsk şəhərində keçib. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub. 1979-cu ildə həmin məktəbi bitirib, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.
DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışıb. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum ediblər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilib 1987-ci ildə isə onun işinə yenidən baxılıb və 10 il həbs cəzası 6 ilə endirilib. Ancaq o, 1989-cu ilin fevral ayının 20-də azadlığa çıxıb.
Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.
Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.


1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki, "Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan."
Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.
Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı. Onun Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü. Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: “Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi. Bakının Şəhidlər xiyabanında dəfn edilib.
1981-ci ildə Əlif Hacıyev Qalina xanım ilə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evli idi. Zərinə və İradə adlı qızları yadigar qalıb. Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Milli Qəhrəmanımız Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini (hazırda Kürdhacı kənd Ələsgər Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirib. 1968-1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olub. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını alıb. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlayəb. Ələsgər müəllim kənd camaatı arasında böyük hörmət qazanmaqla bərabər, eyni zamanda çox yaxşı müəllim olub. 1979-cu ildə Xocalıya gəlib və 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləyib.
Ələsgər Novruzov Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır. Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olub. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynayıb. 1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov olub. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdibri, onlarla ermənini məhv edib və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak edib.
Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas edib. Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə.Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı. Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi. Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olıb. 1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücühm edərkən Ə.Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm edib, atəşi öz uzərlərində götürərək döyüşə giriblər. Ermənilər qəfil hücümdan özlərini itirib, onlarla itki veriblər. Ə.Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxıb, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarıblar.


1990-cı ildə Yerevandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə.Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını alıb. 1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə.Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərib.
25 fevral 1992-cı il tarixində Ə.Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirib ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərib. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv edib. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur olublar. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası alıb. O, son gülləsinə qədər döyüşüb, sonra huşsuz qalıb. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetiriblər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar var).
Ailəli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Ölümündən sonra "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilərək alınıb. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.
Azərbaycanın Milli Qəhrəmanı Tofiq Mirsiyab oğlu Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub, 1961-1971-ci illərdə burada məktəbə gedib. 1974-cü ildə sovet ordu sıralarına çağırılıb, 1976-cı ildə ordudan tərxis olunub. 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra komandir təyin edilib. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılmış, ferma darmadağın edili. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı cəbhə boyu dolaşıb. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilib.
“Mixaylo”nun sonuncu döyüşü Xocalıda 26 fevralda olub, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partladaraq qəhrəmanlıqla şəhid olub.
Ailəli idi, üç uşağı yadigar qalıb, müharibədə anası və atası öldürülüb. Qardaşlarından biri əsir alınıb, digəri xilas olub. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Araz Bahadur oğlu Səlimov 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulub, 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirib. 1978-ci ildə hərbi xidmətə çağırılıb, 1980-ci ildə ordudan tərxis edilib və doğma yurdu Xocalıya qayıdıb. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayıb. 1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazılıb.
Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girib. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşub. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas edib. Erməni vəhşiləri onun izinə düşüblər və Əsgəran rayonunda Arazı qardaşı Fəxrəddinlə birgə vəhşicəsinə min bir əzabla qətlə yetiriblər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak olub: Özü, qardaşı və atası.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Natiq İlyas oğlu Əhmədov 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Ağdamın Novruzlu kəndində orta məktəbi oxuyib, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olub. 26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən onun içərisində olduğu maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutulub. Natiq qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilib.


Xəbəri paylaş

1 1818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___