Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səfirdən şok açıqlama: İŞİD-in 2-ci hədəfi Azərbaycandır
Tarix: 03-07-2015 | Saat: 03:54
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

Səfirdən şok açıqlama: İŞİD-in 2-ci hədəfi Azərbaycandır

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin müsahibə verib.

Xeberaz.az həmin müsahibəni təqdim edir:

- Nüvə danışıqları ilə bağlı hazırkı durum necədir? İyulun 7-də keçiriləcək görüşdən gözləntiləriniz nədir?

- Bu gün baş verməkdə olan ən mühüm və dünya birliyinin diqqət mərkəzində olan ən böyük hadisə İranla 5+1 ölkələri arasında olan nüvə danışıqlarıdır. Bu məsələnin İranla Qərb ölkələri arasında, eləcə də güclü dövlətlər arasında regional əməkdaşlığın gücləndirilməsi yönündə əhəmiyyətli olduğunu nəzərə alaraq, bütün dünya ictimaiyyəti bu danışıqların, müzakirələrin tez bir zamanda həll olunmasını istəyir. Lakin bəzi qüvvələr də var ki, bu danışıqların müsbət nəticələnməsini istəmir və bunlar arasında ən böyük qrup yəhudi lobbisidir. Bu səbəbdən də onlar bir sıra yalan məlumatlar yayırlar ki, guya İranın nüvə proqramı sülh məqsədli deyil. İranın nüvə proqramı sülh məqsədlidir. Biz heç zaman bu yoldan dönməmişik və bu işimizdən kənara çıxmamışıq. Beynəlxalq Atom Enerjisi Agentliyi indiyə kimi İranın nüvə obyektlərində 100-dən çox yoxlamalar aparıb və İranın nüvə silahı əldə etməsi ilə bağlı məlumata onların hər hansı hesabatında rast gəlinməyib. Müqayisə üçün deyək ki, İranda hazırda 17, Yaponiyada isə 170 nüvə obyekti var. İndiyə kimi beynəlxalq agentliyin İranda apardığı nüvə yoxlamaları qədər Yaponiyada yoxlama aparılmayıb. Agentliyin bu yoxlamalardan sonra nəşr etdiyi hesabatlarında İranın nüvə silahı əldə etməsinə dair heç bir məlumat olmayıb. Digər tərəfdən, İranın ali dini rəhbəri Ayətullah Xameneyi nüvə silahının əldə olunmasını haram bilib. Bütün İran müsəlmanları da bu fətvaya hökmən əməl edirlər.

Bütün bunları nəzərə alaraq bir daha bildiririk ki, İranın nüvə proqramı sülh məqsədlidir, elmi inkişaf üçün nəzərdə tutulub və heç zaman digər məqsədlər üçün bu proqramı inkişaf etdirməmişik. Başqa bir məsələni bu danışıqlara müxalif olan qüvvələr yayır. Guya İran sanksiyalara məruz qaldığı üçün danışıqlara gedir, amma bu, belə deyil. Biz daim danışıqlara açıq olmuşuq, daim danışıqların keçirilməsini istəmişik. Biz məntiqli insanlarıq. Hətta sanksiyalar elan olunmazdan qabaq da bəyan etmişdik ki, danışıqlara hazırıq. Burada daha mühüm məqam ondan ibarətdir ki, İranın guya nüvə silahı əlaqə etməsi barədə şayiələri elə bir ölkə hazırlayıb və dünya ölkələrinə ötürür ki, özünün nüvə silahı var. Bu, İsraildir. İsrail regionda yeganə ölkədir ki, nüvə silahına malikdir və 300 ədəd nüvə başlığı var. Bu rejim hətta Nüvə Silahının Yayılmaması ilə bağlı Müqavilənin (NPT) üzvü deyil və indiyə kimi bu ölkənin nüvə obyektlərində bir dəfə də olsun yoxlama aparılmayıb. Bu rejim regionda heç bir qanuna, beynəlxalq hüquqa məhəl qoymayan rejimdir. İstədiyi vaxt Qəzzaya hücum edir, qırğınlar törədir. Bu, region və dünya üçün təhlükəli bir rejimdir. Mən bir daha qeyd edim ki, biz müzakirələrin tezliklə müsbət həllinin tərəfdarıyıq. Əgər qarşı tərəf məntiqli olsa və müxaliflərin yaydığı şayiələrə məhəl qoymasa, biz həll yoluna çata bilərik. Yaxşı razılaşma o zaman əldə olunacaq ki, hər iki tərəfin mənafeyini təmin etsin və ədalətli olsun. Biz qarşı tərəfi istənilən şəkildə əmin etməyə və sübut etməyə hazırıq ki, nüvə silahı əldə etmək niyyətində deyilik. Eyni halda bizim də gözləntimiz budur ki, biz də sülh məqsədli nüvə enerjisindən ölkəmizin inkişafı üçün istifadə edə bilək. Bu, hər iki tərəfin udmaq şansına malik olduğu oyundur. Biz düşünürük ki, əgər qarşı tərəf məntiqli olsa və qane olsa, biz yaxı bir razılaşma əldə edə bilərik. Həm bizim, həm də qarşı tərəfin danışıqların davam etməsini qəbul etməsi onu göstərir ki, tərəflər danışıqlara nikbin baxır. Əgər bu məsələ həll olunsa, İran regiondakı problemlərin həllində daha çox iştirak edə bilər. Eləcə də 5+1 ölkələrinin də potensialı başqa işlərə sərf olunacaq. Hazırda dünyanın 7 ölkəsinin enerjisi və potensialı bu işə sərf olunur. Hazırda həm dünyanı, həm də regionu təhdid altında saxlayan ən böyük təhlükə terrorizmdir. Biz müşahidə edirik ki, dünyanın mühüm ölkələrinin vaxtı və potensialı həqiqi və gerçək olmayan mövzulara sərf olunur və əsas mövzular kənarda qalır. Bu həqiqi və gerçək olmayan mövzu həll olsa, dünya ölkələri həqiqi olan digər məsələlərin həllinə vaxt ayıra bilər. İranın iqtisadiyyatı güclü iqtisadiyyatdır və bu səbəbdən də ölkəmizə tətbiq olunan sanksiyalar indiyə kimi bizə təsir etməyib. Gələcəkdə bizim iqtisadiyyatımızın güclü olması regionun inkişafına töhfə verə bilər. Sanksiyalar aradan götürülsə, İranın əli regional layihələrin icrasında, iqtisadi əməkdaşlıq üçün daha açıq olar.

- İŞİD növbəti hədəfinin Qafqaz olduğunu açıqlayıb. Bu təşkilat region üçün hansı təhlükələri törədir və qarşısını necə almaq mümkündür?

- İŞİD özünü çox təbliğ edir və malik olduğu gücü 5 qat artıq göstərməyə çalışır. İŞİD-i yaradan Qərb ölkələrinin mediası bu qruplaşmanın gücünü daha böyük göstərməyə çalışır. İŞİD-ə çoxlu köməklilərin göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyiblər. Yəməndə bunlar “Əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar. Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır. Bunların Qafqazda 2 hədəfləri var. Birinci məqsədləri Şimalı Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər. Mən düşünmürəm ki, bunlar Azərbaycanda bir uğur əldə edə bilsinlər. Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır. Düşünürəm ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil. Regional ölkələr birgə səy göstərməlidirlər. Bütün region ölkələri birləşərək terrorizmin yeni növü olan İŞİD və “Əl-Qaidə” terrorçularına qarşı birgə mübarizə aparmalıdırlar. Qərb ölkələri də İŞİD-i dəstəklədiklərinə görə nüfuzları əldən gedir. Bunu dərk edirlər və bir qədər mühafizəkar olublar. Hazırda Qərb ölkələri arasında İŞİD-i müdafiə etmək mövzusunda fikir ayrılığı yaranıb. Bu da regionda İŞİD-lə mübarizə üçün yaxşı fürsət yaradıb.

- Azərbaycanla İran arasında müştərək müdafiə komissiyasının təxminən nə zaman yaradılacağı məlumdurmu, bu komissiyanın məqsədi nədir?

- Prinsipcə hər iki ölkə müştərək müdafiə komissiyasının yaradılmasına razıdır. Tərəflər tezliklə bu komissiyanın üzvlərini elan edəcək və o, öz işinə başlayacaq. Bu komissiyanın məqsədi iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq və regional təhlükəsizliyinin qurulması üçün əməkdaşlıqdır.

- Dağlıq Qarabağ münaqişəsinin həllində durğunluq müşahidə olunur. Sizcə, bu, nə ilə bağlıdır və nə qədər belə davam edə bilər?

- Düşünürəm ki, Minsk Qrupu daha fəal hərəkət etsə və öz vəzifəsini yerinə yetirsə, münaqişənin həlli o qədər də uzaq deyil. Mən xəbərlərdən əldə etdiyim məlumata görə, Bakıda keçirilən Avropa Oyunlarından sonra Minsk Qrupu yenindən öz fəaliyyətini artırmalı və müzakirələri davam etdirməlidir. Düşünürəm ki, Minsk Qrupunun həmsədrləri müzakirələrin aparılmasında daha fəal olsalar və münaqişənin həlli ilə bağlı beynəlxalq qanunlara riayət etsələr, müsbət həll gözləmək olar. İran müzakirələrin davam etdirilməsinin, münaqişənin sülh yolu ilə həll olunmasının və müzakirələrin Bakı ilə İrəvan arasında davam etdirilməsinin tərəfdarıdır.

- Ermənistan ordusu İranla həmsərhəd olan işğal olunmuş Azərbaycan ərazilərində yanğınlar törədir. Bu, İranın ekologiyasına necə təsir edib?

- Düzdür, bununla bağlı iki fakt qeydə alınıb. İran tərəfi də sərhəddə, meşələrdə olan bu yanğınlara müdaxilə edərək yanğınların söndürülməsində iştirak edib. Yanğınlar əkinçilik üçün müəyyən fəsadlar yaradıb. Biz bu yanğınların səbəblərini dəqiq bilmirik.

- Avropa Oyunları geridə qaldı. Növbədə İslam Həmrəyliyi Oyunlarıdır. Bu oyunların necə keçiriləcəyini düşünürsünüz, İranın bu oyunlarda iştirakı hansı səviyyədə olacaq?

- Mən Avropa Oyunlarının Azərbaycanda keçirilməsini müsbət qiymətləndirirəm və çox uğurla şəkildə keçirildiyini düşünürəm. Oyunların keçirilməsi ilk növbədə Azərbaycanın dünyaya tanıdılmasında əhəmiyyətli oldu və bu, müsbət haldır. Bu oyunların keçirilməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq mədəniyyət və idman yarışlarını çox yüksək səviyyədə keçirə bilər. Avropanın 51 ölkəsindən idmançıların, eləcə də çoxlu turistlərin, idman azarkeşlərinin oyunlarda iştirakı onu göstərdi ki, Avropa ölkələri də bu oyunların Azərbaycanda keçirilməsinə müsbət yanaşır. Ümumilikdə idman yarışlarının keçirilməsinin bir məqsədi də müxtəlif xalqlar arasında insanların, mədəniyyətlərin bir-birinə inteqrasiyasıdır ki, bu sahədə də müsbət nəticələr əldə olunub. İslam Həmrəyliyi oyunlarının keçirilməsi də müsbət haldır. Düşünürəm ki, müsəlman ölkələri buna müsbət yanaşacaq. İnşallah, İran da bu oyunlarda fəal iştirak edəcək.

- Avropa Oyunları zamanı bəzi Qərb dairələri tərəfdən Azərbaycana göstərilən təzyiqləri necə qiymətləndirirsiniz, bunun səbəbi nədir?

- Düşünürəm ki, Qərb ölkələri bu oyunların Azərbaycanda keçirilməsinə görə ona təşəkkür etməlidir. Onlar Azərbaycanın qədrini bilməlidirlər ki, birinci oyunları Azərbaycan Respublikası bu qədər büdcə ilə keçirdi. Qərb ölkələrinin özləri iqtisadi böhrana görə bu oyunların keçirilməsinə hazır deyildilər. Azərbaycana qarşı istifadə olunan insan hüquqlarının pozulması məsələsi də hazırda dünyada siyasi təzyiq vasitəsi kimi istifadə olunmaqdadır. Nə üçün bu insan hüquqlarının müdafiəçisi olan ölkələr Yəməndə hazırda qətlə yetirilən insanların hüquqlarının qorunması ilə bağlı heç nə demirlər? Nə üçün Azərbaycanı ittiham edən bu ölkələr İŞİD-i terror qruplaşması adlandırmaq belə istəmirlər? İŞİD-in cinayətləri insan hüquqlarına ziddi olan cinayətlər deyilmi? İŞİD-ə kömək edən və qruplaşmanı dəstəkləyən ölkələrin bir çoxunda insan hüquqları yoxdur. Bu ölkələrdə qadınlar ən ibtidai hüquqlarından məhrumdurlar, onlarda seçkilər keçirilmir. Niyə onlara etiraz olunmur? İran da bu məsələlərlə hər zaman qarşılaşır və adətən müstəqil siyasət yürüdən ölkələrin başlarına bu işlər gəlir. Fikrimcə, biz Avropa xalqlarını Avropa dövlətlərinin rəhbərlərindən ayırmalıyıq. Avropa xalqları bu oyunları dəstəklədilər və oyunların keçirilməsindən razılıqlarını bildirdilər.

- Azərbaycan və İran sərhəd keçid məntəqələri rəisləri arasında tez-tez görüşlər keçirilir. Hazırda bu sahədə danışıqlar nə yerdədir və növbəti görüş nə zamana təyin olunub?

- Şükürlər olsun ki, bizim ölkələrin sərhədləri dostluq və təhlükəsizlik sərhədləridir. İki ölkənin sərhəd qoşunlarının komandanları Tehran, Bakı və son dövrlərdə Naxçıvanda görüşlər keçirir. Bu müzakirələrin və görüşlərin məqsədi sərhədlərdə təhlükəsizliyin qorunmasıdır. Biz sərhəd pozucularına, qaçaqmalçılara və insan alverçilərinə qarşı müştərək şəkildə fəaliyyət göstəririk.

- Rəşt-Astara dəmir yolu xəttinin inşası necə gedir?

- Bu istiqamətdə İran, Rusiya və Azərbaycan dəmir yolu şirkətləri arasında müzakirələr davam etməkdədir. Razılaşma əldə olunduqdan sonra Rəştdən Astaraya kimi uzanan dəmir yolu xəttinin inşasına başlanacaq. Bu xəttin bu hissəsinin tikintisinin maliyyə ayırmaları üçün bir sıra Asiya şirkətləri ilə müzakirələr aparılır və yaxşı nəticələr əldə olunub. Ümid edirəm ki tezliklə dəmir yolunun çəkilişinə başlanacaq və şimal-cənub dəhlizi sayılan bu nəqliyyat xətti istifadəyə veriləcək.

- Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin növbəti görüşü ilə bağlı təxmini tarix varmı? Ümumiyyətlə, bu format nə dərəcədə uğurludur?

- Bildiyiniz kimi, hər üç ölkənin xarici işlər nazirlərinin başı çox qarışıqdır. Bizim nazir Vyana və Cenevrədə danışılar aparır, Türkiyədə seçkilər keçirilib. Bu səbəbdən üçtərəfli müzakirələrin və görüşlərin aparılması üçün vaxt olmayıb. Lakin gələcəkdə vaxt olduğu təqdirdə, bu müzakirələr və görüşlər yenidən başlayacaq. Bu gün hər üç ölkə arasında üçtərəfli müzakirə, xüsusilə iqtisadi müzakirələrin aparılması üçün yaxşı anlaşma var. Hər üç ölkə regional təhlükəsizliyin qorunması üçün də yaxşı anlaşır. (APA)


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___