Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhbusların sayı azalır - Prezident sərəncamı
Tarix: 16-02-2017 | Saat: 12:08
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər

Məhbusların sayı azalır - Prezident sərəncamı
Azərbaycanda çoxdan gözlənilən sərəncam verilib. Ölkə başçısının imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı vətəndaşların xırda hüquqpozmalara görə həbsə məhkum edilməsinin qarşısını alır, digər tərəfdən, borc münasibətlərinin dələduzluq cinayəti kimi tövsif olunmasının qarşısını almalıdır.

Sərəncamla bağlı Musavat.com-un suallarını cavablandıran “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib ki, son 12 ildə pentensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan islahatların növbəti mərhələsi başlayır:

“Yeni islahatlar dövrü başlayır. Bu addım zamanında atılıb və pentensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı indiyədək əldə edilmiş təcrübədən effektiv yararlanmaq imkanı verir. Sərəncamın məzmununa nəzər salsaq görərik ki, cəmiyyətin, fərdin və dövlətin maraqları nəzərə alınıb. Uzun illərdir ki, cəzaçəkmə müəssisələrində monitorinqlər aparan, penitensiar sistemin fəaliyyəti ilə yaxından tanış olan bir şəxs kimi qeyd edə bilərəm ki, sərəncamda mövcud problemlər çox aydın şəkildə göstərilib. 2016-cı ilin may ayına qədər, növbəti amnistiya verilən zamana kimi Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə, Avropada 4-cü yeri tuturdu. 2016-cı il 8 mart tarixində Avropa Şurası Avropa ölkələrindəki həbsxanaların vəziyyəti ilə bağlı hesabatını açıqlamışdı. Hesabatda qeyd olunur ki, Rusiyadan sonrakı yerləri əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə 305 nəfərlə Litva, 240 nəfərlə Latviya, 238 nəfərlə Azərbaycan, 227,9 nəfərlə Gürcüstan, 225 nəfərlə Estoniya, 204 nəfərlə Ukrayna tutur. Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 197,5, Moldovada 201,3, Polşada 203,5 nəfərdir. Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. Hesabatda qeyd olunur ki, 2014-cü ilin məlumatına görə, Azərbaycanda azadlıqdan məhrum olunmuş şəxslərin sayı 22 min 579 nəfər təşkil edib. Ümumilikdə isə Avropa ölkələrində 2011-ci ildən bəri cəzaçəkmə yerlərində hər 100 yerə düşən məhkum sayında azalma müşahidə olunur. 2001-ci ildə bu göstərici 99, 2013-cü ildə 96, 2014-cü ildə 94 olub. 2014-cü ildə Avropa Şurası ölkələrində hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. 2013-cü ildə isə bu göstərici 134 nəfər idi. Göründüyü kimi, Azərbaycan rəhbərliyi və müvafiq strukturlar zamanında bu problemə çevik reaksiya verdilər”.

Ə.Nuriyev “sərəncam nələri dəyişəcək” sualına belə cavab verdi: “Sərəncamda nəzərdə tutulan tədbirlər və Probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradacaq. Bu xidmətin yaradılmasında əsas məqsəd müəyyən cinayətləri törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etməkdir. Bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurum - Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Probasiya sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunmasıdır. Elektron nəzarət vasitələrinin tətbiqini nəzərdə tutur. Məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə, yerdəyişməsini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Məhkum edilmiş şəxs qolbaq və ya saat formasında olan xüsusi çiplərlə təchiz edilən, rabitə şəbəkələrinə qoşulan vasitələri daşıyacaq. Qolbağın və ya saatın zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürüləcək. Bundan sonra müvafiq tədbirlər görüləcək.

Alternativ cəzaların tətbiqi ilk növbədə fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bir qayda olaraq bütün cəmiyyət və dövlət cəza siyasətində kollektiv maraqların əsas tutulmasına çalışır, cəza siyasəti bunu uyğun həyata keçirilir. Amma alternativ cəzaların geniş tətbiqi məhz fərdin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Obrazlı şəkildə deyə bilərik ki, alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir. Sərəncamda daha çox bu məsələyə diqqət yetirilməsi çox mühümdür. Dövlət başçısı aydın mesaj verdi ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır. Yəni dövlət cəza siyasətində əvvəlki təcrübə ilə müqayisədə azadlığın sərhədlərini daha da genişləndirir".

Ə.Nuriyev deyib ki, Ədliyyə Nazirliyi, Penitensiar Xidmət hər zaman cəzaların icrası sahəsində mütərəqqi yeniliklərə açıq olub: “İndiyədək bu sahədə çoxşaxəli islahatlar həyata keçirilib, səmərəli ictimai nəzarət sistemi tətbiq olunub. Qanunvericiliyin təkmilləşdirilməsi indiyə qədər görülən işlərin davam etdirilməsi, yeni islahatlar üçün çox yaxşı imkanlar verir və vəzifələr müəyyənləşdirir. Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müsahibəsində bunu çox dəqiq şəkildə ifadə edib: ”Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq".

Komitə üzvü yeni sərəncamın məhbusların sayının artmasının qarşısını alacağını da diqqətə çatdırıb: “Bu məqsədlə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması və alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs-qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması tövsiyə edilib. Məhbus sayının artması iqtisadi problem kimi də nəzərdən keçirilməlidir. Azərbaycanda hər il təxminən 80 milyon manatdan çox maliyyə vəsaiti yalnız məhbusların saxlanması xərclərinə sərf edilir. Bura Penitensiar Xidmətin institusional xərcləri aid deyil. Bu məbləğə yalnız məhbusların qidalanması, geyimi, məişət şəraiti üçün və s. çəkilən xərclər daxildir. Avropa həbsxanalarında hər məhbus üçün gündəlik ayrılan məbləğ 99.1 avrodan 96.7 avroya qədər azalıb. 2012-ci ilin məlumatına görə, Rusiyada gündəlik hər məhkum üçün 2.2 avro, Belarusda isə 2011-ci ildə 1.48 avro, Qırğızıstanda 2014-cü ildə 1.55 avro xərclənib. Qazaxıstanda isə bu məbləğ 5 avrodan çoxdur.

Yəni alternativ cəza sisteminin səmərəli işləməsi iqtisadi baxımdan da faydalıdır. Digər mühüm məsələ Penitensiar Xidmətin fəaliyyətində nəzərdə tutulan islahatlardır. Bu zaman da yeni yanaşma tətbiq olunur. Cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması ilə bağlı tədbirlərin görülməsinin planlaşdırılması da çox mühümdür. Alternativ cəzaların tətbiq edilməsi halları genişləndikcə, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzalara məhkum edilən şəxslərin böyük kontingenti yaranacaq. Bu sistemin idarə olunması, islah sisteminin səmərli işləməsi üçün də sərəncama müvafiq olaraq tədbirlər görüləcək. Şübhəsiz ki, Probasiya xidməti məhz bu sistemi idarə edəcək, məntəqə tipli CM-lər yeni formatda fəaliyyət göstərəcək.

Məhkumların əməyə daha çox cəlb edilməsinin genişlənməsi ehtiyacı yaranacaq. Bütün bunlar üçün də müasir həll variantları təklif edilir. Xüsusən bizneslə əməkdaşlıq imkanları yaranacaq. Probasiya xidmətinin yaranması sosial inteqrasiya tədbirlərinin daha effektiv görülməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, adaptasiyası tədbirlərini həyata keçirməyə imkan verəcək. Bunun fələsəfəsində cəmiyyət və dövlətin çətin həyat şəraitinə düşən, bundan irəli gələrək səhv buraxan insanların daha humanist yolla islahına nail olmaqdır. Yəni cəmiyyət və dövlət belə səhvlərin aradan qaldırılması üçün daha humanist yanaşma nümayiş etdirir. Probasiya tədbirləri ilk növbədə profilaktika deməkdir.

Yəni səhv edən vətəndaşlar alternativ cəzaların köməyi ilə islah edilir. Bunu üçün dəmir barmaqlıqlar arxasında oturmağa ehtiyac qalmır. Düşünürəm ki, bu ölkəmiz son dərəcə vacib sərəncamdır. Sərəncam məhz kompleks tədbirlər nəzərdə tutur və bu sənədin üstünlüklərindən biri də məhz budur. İlk növbədə normativ hüquqi baza yəqin ki, yenidən nəzərdən keçirilməlidir. Məhkəmə sistemi cəzaların təyin edilməsi praktikasında doğrudan da çox ciddi dəyişiklik etməlidir. Prezident sərəncamında məhkəmələrə tövsiyə hissəsində bu məsələlər çox aydın və detallı şəkildə əksini tapıb. Hakimlərimizdən çox böyük peşəkarlıq, deyərdim ki, cəsarət və humanizmin birgə istifadəsi tələb olunacaq. Məhkəmə sistemi, hakimlərimiz elə praktika gətirməlidirlər ki, prezident sərəncamında nəzərdə tutulan hədəflərə tam çata bilək. Eyni zamanda məhkəmə araşdırması da daha ciddi aparılacaq və hakimlərimizin məsuliyyətinin artacağını da söyləyə bilərik.

Probasiya sistemi elə işləməlidir ki, cəza və mükafatlandırma tədbirlərində tarazlıq gözlənilsin. Eyni zamanda subyektiv yanaşma hallarının qarşısı alınsın. Statistika və uçotun aparılması, məlumatların toplanmasının effektiv sistemi də tələb olunmalıdır ki, tədbirlərinin necə səmərə verməsini görmək mümkün olsun. İctimai nəzarətin də əhəmiyyəti çox yüksələcək. Belə ki, bu yeni sistemin necə işləməsi və mümkün nöqsanların aradan qalıdırılması üçün ictimai nəzarət çox mühüm alət kimi çıxış edəcək".


Xəbəri paylaş

1 1188 dəfə oxunub.

Digər xəbərlər
21-10-2017, 18:19 Hələ də subaysınız?

bütün xəbərlər
____ Instagram ___