Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səmimiyyətin poeziyası
Tarix: 02-06-2015 | Saat: 01:02
Bölmə:M / Karusel / Təhsil / M2 / Təbriklər | çapa göndər

Səmimiyyətin poeziyası
Xeberaz.az İnformasiya Agentliyinin kolektivi Bu il tanınmış şair Məmməd Tahirin anadan olmasının 60-cı ildönümü ilə şairi səmimi qəlbdən təbrik edir . Ömrünün böyük hissəsini ədəbi yaradıcılığa həsr edən şairin axıcı, incə, poetik əsərləri haqqında çox söz demək olar. Fəqət bizim deyəcəyimiz hər bir kəlmə diletant səviyyəsində olub, bu gözəl qələmin əsl mahiyyətini ortaya qoymaya bilər. Bu səbəbdən də “hər işin öz ərbabı” fəlsəfəsini əldə rəhbər tutaraq Məmməd Tahir dünyası haqqında fikir bəyan etmək haqqını filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Xanəli Kərimliyə verir, ədəbi tənqidçinin “Palitra” qəzetində işıq üzü görən yazısını Strateq.az oxucularına təqdim edir və şairə ünvanlanan yubiley təbrikinə qoşuluruq.

Allah sənə uzun ömür versin, Məmməd bəy. Tanrının həyatvermə lütfü üzərindən, qələmsə əlindən əskik olmasın!

________________________________________________________

Məmməd Tahir – 60



Həyat qəribəliklərlə doludur. Bəlkə də, elə həyat dediyimiz əbədi cavabsız sual qəribəliklərin özüdür...

Şair var, xarakter baxımından nə qədər səmimidirsə, poeziyası, əksinə, səmimiyyətdən, yapışıqlıqdan bir o qədər də uzaqdır. Şair də var ki, canında, qanında bir ilan soyuqluğu, bir şaxtalı sazaq var, amma qəribədir ki, poeziyası səmimiyyəti ilə oxucu qəlbinə yol tapır, oxucunu isindirir, ona xoş ovqat bəxş edir. Məmməd Tahir az-az təsadüf edilən şairlərdəndir ki, onun səmimiyyəti ilə poeziyası, poeziyası ilə səmimiyyəti bir-birini tamamlayır.Bu, bir tərəfdən Məmmədin xarakteri ilə bağlıdırsa, digər tərəfdən onun sevib-seçdiyi müəllimlik peşəsi ilə əlaqədardır.

Ədəbiyyata ötən əsrin 80-ci illərindən gələn və ilk şeirlərini muxtar respublikanın yerli mətbuat səhifələrində dərc etdirən Məmməd Tahiri mən təlatümlü, “qarlı-çovğunlu” 90-cı illərin əvvəllərində “Fikir” (“Fikir” qəzeti Naxçıvan Dövlət Universitetinin orqanı idi. Qəzetin ilk sayı 15 oktyabr 1991-ci ildə işıq üzü gördü. 1996-cı ilin fevral ayına qədər qəzetin redaktoru bu sətirlərin müəllifi idi) qəzetinin 23 iyun 1992-ci il tarixli nömrəsində dərc olunan“Qara bayraqları yellənən Vətən” şeiri ilə tanıdım. O dövrdə bu şeir tələbə auditoriyalarında əl-əl gəzdi. Məmmədi tanıyanlar da, tanımayanlar da bu şeirə görə ona xüsusi rəğbət bəsləyirdilər. Çünki şeirin əsl müəllifi zamanın özü, Məmməd, sadəcə, zamanın diqtəsini yaddaşlara köçürən bir qələm sahibi idi. Daha dəqiq desəm, bu şeiri Məmmədə 90-cı illərin ağır, üzücü və həm də şərəfli zamanının özü yazdırmışdı. Ona görə də şeir tez bir zamanda Vətən, azadlıq eşqi ilə yaşayan gəncliyin ruhunu oxşadı, onların yaddaş saxlancında sakinləşdi.

Sinəndə gül açdı güllələr, Vətən,

Qara bayraqları yellənən Vətən!

...O dili dualı əliyalınlar

Gülləri səpdilər lülələr üstə.

Yeriyib getdilər güllələr üstə.

Açıldı, açıldı bükülü qollar.

Elə bildilər ki, güllər oxuyur.

Bir də gördülər ki, sinələr üstə.

Güllərin yerinə güllə oxuyur.

...Döndü qərənfilə neçə gülbədən,

Qara bayraqları yellənən Vətən...

Bu şeir o vaxt yazılmışdı ki, Məmməd Naxçıvan Dövlət Televiziyasının əməkdaşı kimi səngərlərdən, ön, qaynar cəbhələrdən operativ verilişlər hazırlayıb narahat və ümid dolu gözlərini ekranlardan ayırmayan insanlara təqdim edirdi. O da bir sıra qələmdaşları kimi əsl şeirlərini ön cəbhələrdə, səngərlərdə döyüşən əsgər oğullarımızla nəfəs-nəfəsə dayanaraq yazırdı. Bu da Məmmədin bir insan, şair kimi Vətənə, torpağa, millətə olan təmənnasız vətəndaşlıq vəzifə borcundan, səmimiyyətindən, sevgisindən irəli gəlirdi.

90-cı illərin ağrılı və əzablı çağlarının kardioqramasını Məmməd Tahir sözün yaddaşına çəkərək bir-birindən səmimi “Ulu yurda xitab”, “Vətən, məni sən qınama”, “Anam torpaq, gülüm Vətən”, “Bir ağac - Vətən”, “20 yanvar günü”, “Vətən”, “Ağlama” kimi şeirlərini yazdı və özünü Vətənin və sözün əsgəri kimi təsdiq etdi.

Məmməd Tahirin ilk şeirlər kitabı “Vətən, məni qınama” adlanır ki, 1998-ci ildə “Şirvannəşr”də işıq üzü görüb. Şair kitaba yazdığı “Müəllifdən” adlı yığcam və həm də məzmunlu yazısında oxucuya müraciət edərək deyir: “Əziz oxucum, sənin görüşünə çox yubanmışam. İlk kitabım “Yazıçı” nəşriyyatının 1990-cı il tematik planına daxil edildi, redaktə olundu və 1 №-li Bakı kitab mətbəəsinə göndərildi. Təəssüf ki, ilk kitabım işıq üzü görmədi”.

Lakin sonralar Məmməd Tahir “Yurdum - and yerim”, “Yaz nağılı”, “Yol ver keçim dünya səndən”, “Könlüm came qapısı”, “Bir azdan günəş doğacaq”, rus dilində “Den koqda ya vernus” kimi şeir kitablarını nəşr etdirərək oxucu auditoriyasının malına çevirdi. Üstəlik də, dövrü mətbuatda, xüsusilə internet saytlarında vaxtaşırı imzası görünməkdədir. Və onu da etiraf edim ki, Məmmədin imzası bir çox hallarda geniş, həm də populyar auditoriyalarda rəğbətlə qarşılanmaqdadır.

Adətən, insan dünyaya gələndə müqəddəs ana sevgisi, isti ana nəfəsi ilə əhatə olunduğu kimi, yaradıcılığa şeirlə başlayan qələm adamlarının çoxu da sevgi şeirləri yazmaqla özləri də sevməyin özü qədər çətin və əzablı yolun yolçusuna çevrilirlər. Onu da etiraf edək ki, bu mövzuda şeir yazan çox şairlərin az bir qismi axıra qədər mövzuya sadiq qalaraq “sevgi şairi” adını qazana bilirlər.

M.Tahir də yaşının bütün mərhələlərində sevgi şeirləri yazıb və bu gün də yazır. Onun sevgi şeirləri tərənnümdən çox, sevginin mahiyyətinə, onun fəlsəfəsinin dərk olunmasına xidmət edən şeirlərdir. Baxmayaraq ki, insan hislərinin bir çox çalarlarının fəlsəfəsi haqqında çox yazsalar da, çox desələr də, bir həqiqət aydındır ki, kainatın sirləri haqqında tam, aydın təsəvvür əldə etmək mümkün olmadığı kimi, insan adlı mikrokainatın da hiss və düşüncələrinin fəlsəfəsi hələ gərəyincə dərk olunmayıb. Fikrimizcə,

İnsan öz sirrini açmayınca bil,

Kainatın sirri açılan deyil...

Ancaq ciddi şairlər, o cümlədən də Məmməd Tahir də insanın və insanlığın mənəvi dəyər ölçülərindən biri və bəlkə də birincisi olan sevgi hislərinin, sevgi düşüncəsinin mahiyyətinə varmağa çalışmış, özünəməxsus bir düşüncə tərzi yaratmışdır.

Hər kəs günahkardı, günah arasan,

Baxdığın güzgü də günaha batır.

Bizim içimizdə bizdən xəbərsiz

Bəlkə də, minlərlə günahlar yatır.

Təkcə bu bənddən də görünür ki, Məmməd yelqovan sevgilər dalınca qaçan, ötəri hisləri əks etdirən şair deyil. Məmmədin sevgi şeirləri “kipriyi ilə od götürən” bir aşiqin, bir sevgi fədaisinin duru, aydın, kamil pıçıltılarıdır: özünü dərk edən, savabı ilə günahını ayıran bir aşiqin, sevən qəlbin şeirləridir. Buna görə də şair başqa bir şeirində sanki nümunə gətirdiyimiz hislərin, duyğuların davamını yazır:

Baxışını tor eləyib önümdə

Gülüşünü çiçək kimi ək yola.

İndən belə çətin sənə aldanam...

Yer qovuşa, göy qovuşa bir ola.

Əgər nümunə gətirdiyimiz bu bəndlərdə bir şair inadkarlığı, şair qətiyyəti varsa, başqa sevgi şeirlərində bir həlimlik, sabaha boylanan ümidli sevgi hisləri daha çox diqqəti cəlb edir.

Elədin könlümü sən ələk-vələk,

Uçurdun, bir evi uçurmuş kimi.

Səssizcə gəlmişdin bir kəpənək tək,

Getdin gül üstündən uçurmuş kimi.

Biz M.Tahirin sevgi dünyasına ötəri olsa da nəzər saldıq və onu da qeyd etdik ki, “M.Tahir yaşının bütün mərhələlərində sevgi şeirləri yazıb”, onu da qeyd etdik ki, onun sevgi şeirləri “tərənnümdən çox sevginin mahiyyətinə, onun fəlsəfəsinin dərk olunmasına xidmət edən şeirlərdir”. Fikrimizcə, Məmmədin ən böyük sevgi şeirləri, böyük mənada, Vətənin azadlığına, onun bütövlüyü uğrunda apardığı mübarizələrə həsr etdiyi şeirlərdir. Bu mövzuda qələmə aldığı şeirlərdə Vətən sevgisi ilə bərabər, gələcəyə böyük inam və ümid də var: “Bir Qarabağ şikəstəsi” şeirində olduğu kimi:

Qaldırın qollarınızı,

qaldırın.

Bir az şənlik edək.

“Qarabağ şikəstəsi” altında

rəqs edək

Arzularımız cəngi havası ilə rənglənsin,

Ayaqlarımız eyni ahəngə köklənsin,

Addımlayıb gedək

İşğal altındakı torpaqların üstünə,

Tökülsün günəşin şəfəqləri

Şuşa qalasına sancılan

Üçrəngli bayraqların üstünə.

Bəşər dühasının əvəzsiz simalarından olan K.Marks yazırdı ki, “Filosoflar dünyanı ancaq müxtəlif şəkildə izah etmişlər, məqsəd isə onu dəyişdirməkdən ibarətdir”. Bu fikirlər həm də şairlərə və geniş mənada sənətkarlara aiddir. Çünki hər bir ciddi şair də, bəstəkar da, rəssam və memar da... elə öz işinin, peşəsinin filosoflarıdır - bir də ona görə ki, onların da “davası” dünya ilədir, onlar da dünyanı dəyişdirmək, arzusundadır. Lakin bəşəriyyətin bir parçası olan filosof və şairlərin, rəssam və bəstəkarların, memar və heykəltəraşların arzu və istəkləri bir çox hallarda elə arzu və istək olaraq qalmış, dünya elə dünyalığında, heç kəsə boyun əymədən, aman vermədən öz işində dövran etməkdədir.

Bütün bunlara baxmayaraq, M.Tahirin də yaradıcılığında dünya və şair məni bir əbədi problem kimi qoyulur; gah həlim, gah kövrək, gah da dava-dalaşla qoyulan problemin həllinə cəhd edilir. Buna görə də şair bir tərəfdən deyir ki:

Əvvəlin yükünü sona yük etmə,

Ömrünü bir ada, sana yük etmə,

Hər dərdi götürüb cana yük etmə,

Dünyanın işini bir az boş burax.

Digər bənddəsə:

Bir üzü qurudu, sudu bir üzü,

Ömür bir adadı, ya yarımada,

Niyə aldadırıq öz-özümüzü

Bəlkə, yaşamırıq heç bu dünyada.

deyir.

Başqa bir şeirindəsə:

Heç dünya görməmisən,

Nə baxırsan qıraqdan?..

Gəl tutaq bu dünyanı,

Sən başdan, mən ayaqdan.

qənaətinə gəlir.

Məmməd Tahir yaradıcılığında müşahidə olunan uğurlardan biri də onun, orta çağlar Azərbaycan və ümumiyyətlə, Şərq ədəbiyyatında aparıcı rollardan birini oynayan təsəvvüf ədəbiyyatı üslubunda şeirlər yazmasındadır. Bu şeirlər, fikrimcə, Yunus Əmrə, Qazi Bürhanəddin, Qaracaoğlan üslubuna daha yaxındır. Bu da ədəbi irslər arasında əxlaqi-mənəvi varislikdən irəli gəlir.

M.Tahir:

Kim yatsın, kim oyaq qalsın,

Bir əl, bir də ayaq qalsın.

Nəyimiz var qoyaq qalsın,

Gəl Allaha sarı qalxaq.

Yaxud:

Təcəlla edər surəti

Kor edər gözü möhnəti.

Fal açıb tapar qisməti,

Bomboş bir camın içində.

Yaxud da:

Yazılar Lövhü-məhfuza

Yuvasız quşların ahı.

Yerdə başıma gələnlər

Göydə ağladar Allahı.

Məmməd Tahir otuz ildən artıqdır ki, poeziya aləmində özünəməxsus bir yol tutub getməkdədir. Bu yolda ona fikir və düşüncə dəstəyi olan bir sıra qələm adamları M.Tahir yaradıcılığını təqdir etmiş, ona xoş münasibətlərini bildirmişdir:

“Məmməd Tahir ədəbiyyatın və ədəbi prosesin yaşamasında rolu olanlardandır”.

Arif Əmrahoğlu:

“Əsl poeziyanın keşməkeşli yolunda öz yolunu çoxdan tapmış Məmməd Tahir poeziyası təbiidir, doğmadır”.

Məmməd Oruc:

“Məmməd Tahir yaradıcılığında bir özünəməxsusluq var”.

Səyavuş Sərxanlı:

“Məmməd Tahirin şeirləri poetikdir, obrazlıdır, dərin məna yüklüdür”.

Bayram İsgəndərli:

“Biz M.Tahir yaradıcılığı ilə bağlı bu kimi münasibətlərin sayını artıra bilərdik. Amma, yaxşı deyiblər ki, ariflər üçün dəryadan bir damla da kifayətdir ki, dərya suyunun dadı və tamı haqqında anlamın olsun”.

...Artıq Məmməd Tahir, kim demişkən, ahıllığın gənclik çağına - 60 yaşa gəlib çatıb. Yola saldığı illəri təmənnasız bir şair, vətəndaş kimi yaşamış Məmməd itirdiyini də, qazandığını da öz gücünə, öz kölgəsinə sığınaraq yola vermişdir. Məmməd Tahirin yaradıcılığı kimi ürəyi də, çörəyi də bütövdür - təmənnadan, umu-küsüdən, məkr və hiylədən uzaqdır. Qələm dostumun 60 illik yubileyini ürəkdən təbrik etməklə ona cansağlığı, bundan sonra da uğurlu yaradıcılıq və tükənməz səmimiyyət arzulayıram.

60 yaşlılar sırasına xoş gəldin, qardaşım Məmməd Tahir!...


Xəbəri paylaş

9638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___